Vüqar Bayramov

Neft bazarındakı qiymət Azərbaycana da təsir edəcək - İqtisadçı

138
(Yenilənib 20:48 17.12.2018)
"Neft bazarındakı mövcud qiymət dəyişiklikləri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur"

BAKI, 18 dekabr — Sputnik. "OPEC + neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı "qara qızılın" qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır. Görünən budur ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır". Sputnik Azərbaycan xəbər verir ki, İqtisadçı-alim Vüqar Bayramov OPEK+ qərarını şərh edərkən belə qeyd edib.

Alim Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gözləntiləri haqda da fikirlərini bildirib: "Son 2 ayda "Brent" markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq şist neft hasilatında artımlar var. Lakin Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər".

V.Bayramovun sözlərinə görə, neftin bir barelinin orta qiymətinin psixoloji həddən aşağı olması Azərbaycan üçün də müsbət proqnozlar verməyəcək: "Bu gözləntilərin özünü doğrultması Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də müsbət proqnoz verməyəcək. Belə düşünürəm ki, neft bazarındakı mövcud qiymət dəyişiklikləri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur".

138
Əlaqədar
Sabit Bağırov: “Neft bazarında azalma trendi güclənə bilər”
Neft naziri əsəbiləşdi: "Bizə Trampın razılığı lazım deyil"
Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib - RƏSMİ
Neft-qaz ehtiyatlarına görə dünyanın lider ölkələri