Milli Məclisin deputatı Vahid Əhmədov

Deputat: "Sadələşdirilmiş vergi ilə əlaqədar çox ciddi problemlər var idi"

293
"Təklif etmişik ki, ƏDV diferensiallaşdırılsın. Bütün mallara eyni səviyyədə - 18 faiz deyil, bəzi mallara 4-5 faiz, bəzi mallara isə 25-30 faiz vergi tətbiq edilsin"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. "Vergi Məcəlləsinə 5 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulur. Birinci, dövlət başçısının qeyd etdiyi kimi, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci, vergitutma bazasının genişləndirilməsi, üçüncü, vergi inzibatçılığının təkmilləşdirilməsi, dördüncü, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi və nəhayət vergi ödəyicilərinin hüquqlarının, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsidir. Bu 5 istiqaməti nəzərə alaraq məcəlləyə dəyişikliklər edilib".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, gəlir vergisi ilə əlaqədar çox ciddi mübahisələr var idi, yəni, gəlir vergisi gizlədilirdi, sahibkara əmək haqlarını göstərmək sərf etmirdi: "Çünki sahibkar 40 faizə yaxın vergi ödəyirdi, ona görə də ikili mühasibat uçotu aparırdı. Kölgə iqtisadiyyatının bir qolu məhz burada idi. İndi qərar qəbul olundu ki, qeyri-neft sektorunda 8 min manatadək əmək haqqı alan insanlar faktiki gəlir vergisindən azaddırlar. Yəni 14 faiz gəlir vergisi verməyəcəklər. Onlar 26 faiz vergi ödəyəcəklər. Əvvəl 40 faiz idisə, indi bu rəqəm 26 faizə endirilib. Bu, çox əhəmiyyətli məsələdir".

"Sadələşdirilmiş vergi ilə əlaqədar çox ciddi problemlər var idi. Sadələşdirilmiş vergi bir yerdə 4 faiz, digər yerdə 2 faiz idi və s. Sadələşdirilmiş vergi ümumiləşərək bütün Azərbaycan ərazisində 2 faiz müəyyən edildi" - deyə millət vəkili bildirib.

V.Əhmədov bildirib ki, ən ciddi məsələlərdən biri əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır: "Burada bir neçə təklif var idi. Ödənilən ƏDV-nin müəyyən bir hissəsinin istehlakçıya geri qaytarılması ilə bağlı təklif qəbul edildi. Ticarət mərkəzlərində, marketlərdə və s. ticarət obyektlərində mal alan zaman ƏDV onun üzərinə gəlir və müəyyən hissəsi istehlakçıya geri qaytarılır alınan malın dəyərindən asılı olaraq".

"Təklif etmişik ki, ümumiyyətlə, ƏDV diferensiallaşdırılsın. Bütün mallara eyni səviyyədə - 18 faiz deyil, bəzi mallara 4-5 faiz, bəzi mallara isə 25-30 faiz vergi tətbiq edilsin. Bir var prestij mallar, bir də var gündəlik tələbat malları. Bu təklif hələlik qəbul edilməyib, amma, baxılır. Yəqin gələcəkdə bu da öz yerini tapacaq" - deyə o qeyd edib.

Millət vəkili məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı da danışıb: "Yayınmalar çox olduğu üçün, ikili mühasibat aparılmasın deyə belə bir addım atılıb. Yəni nə var onu açıb göstərsinlər. Orada da azalmalar var. Faktiki olaraq sosial sığorta yükü 23 faizdən 15 faizə endirilib. Bu, həm işəgötürən, həm də işçi üçün vacibdir. Onlar bunu gizlədəndə sosial sığortaya vəsait köçürmürdülər. Sabah pensiyaya çıxanda çətin vəziyyətdə qalırdılar. Amma indi sosial sığorta haqqını ödəyəcək və sabah da təqaüdə çıxanda pensiyasını alacaq".

"Ümumiyyətlə, vergi sistemində edilən dəyişikliklər çox böyük dəyişikliklərdir və bunu müsbət qiymətləndiririk. Bu, sahibkarlığın inkişafına böyük dəstək olacaq"-deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, millət vəkili Hadi Rəcəbli "Sosial sığorta haqqında" qanuna dəyişiklikdən danışarkən deyib: "Bildiyiniz kimi qeyri-leqal fəaliyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşısınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm də işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara həm də işçiyə dəstəkdir".

Xatırladaq ki, noyabrın 30-da keçirilən Milli Məclisin plenar iclasında Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanuna dəyişikliklər qəbul edilib.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlıdır. Belə ki, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər. Ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir.

293