Добыча нефти на Каспии, фото из архива

Dekabr neft qiymətləri üçün həlledici ay ola bilər

3351
(Yenilənib 14:59 29.11.2018)
Ekspert: "Treyderlərin, əsasən də OPEC-in, Beynəlxalq Enerji Agentliyinin açıqladığı son hesabatlar neft bazarına çox mənfi təsir edib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bu gün günorta saatlarında "Brent" markalı neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1 barelə görə 58,09 dollara düşüb, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 49,77 dollar təşkil edib.

"Dünyada neftin qiymətlərinin ucuzlaşmasının bir neçə səbəbi var. Treyderlərin, əsasən də OPEC-in, Beynəlxalq Enerji Agentliyinin açıqladığı son hesabatlar bazara çox mənfi təsir edib və ən böyük səbəb budur".

Bunu isə Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban

Ekspert bildirib ki, hesabatlara görə, bu ilin 4-cü rübündə və 2019-cu ilin 1-ci rübündə neft istehsalı istehlakdan çox olacaq: "Digər tərəfdən, son dövrlərdə ABŞ, Yaponiya və Avropada birjalarda şirkətlərin indeksləri daim aşağı düşür. Bu, ona dəlalət edir ki, artıq qənaət rejiminə keçilir, nəinki enerji daşıyıcılarının daha yüksək templə istehlakına".

"Məhz OPEC-in 2019-cu ilin əvvəli üçün açıqladığı istehlak proqnozlarına görə, bazara çıxarılan neftin həcmi gündəlik 290 min barel artdığı zaman, istehlak 210 min barel azalacaq. Bunun təhlükəsi, riskləri nəticəsində treyderlər hazırda nefti enən tempdə satmağa çalışır. Çünki treyderlərdə növbəti günlərdə neftin qiymətinin bugünkündən daha ucuz olma qorxusu var" - deyə o bildirib.

Onun sözlərinə görə, bu ilin dekabrın 5-dək neftin qiymətlərində volatilik olacaq: "Ancaq dekabrda OPEC-in Vyanada bu il üçün sonuncu toplantısı keçiriləcək və bu təşkilat gələn il üçün neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq barədə tədbirlər görəcək. Artıq Səudiyyə Ərəbistanı ilin sonunu gözləmədən açıqlama verib ki, dekabr ayında 500 min barel neft ixracını azaldacaq. Söhbət hasilatdan yox, ixracın azalmasından gedir. Səudiyyə ixracı azaldır ki, bazar həddindən artıq neftlə yüklənib. Bu, özünü gələn ilin yanvarında göstərəcək. Bu ilin oktyabr ayında neftin orta qiyməti 75 dollar idisə, noyabr ayında bu, 70 dollardan aşağıdır".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, hazırda bazarlar bir neçə gündür Səudiyyə Ərəbistanında neft hasilatının kəskin şəkildə artmasını və İrana tətbiq edilən sanksiyalardan sonra təklif məsələsini qiymətləndirir: "Buna uyğun olaraq, "Brent" markalı neftin qiyməti 60 dollar ətrafında dəyişir. Amma bazarlar diqqəti dekabr ayında OPEC-in toplantısından çıxacaq qərarlara yönəldib. Dekabr toplantısında neft hasilatının azaldılmasına dair 2016-cı ilin sazişinə yenidən qayıdış, yəni hasilatın tənzimlənməsi ilə bağlı müzakirənin aparılması və nəticənin əldə olunması ehtimalı var".

Ekspertin fikrincə, növbəti aylarda neftin qiyməti daha çox dekabr toplantısından çıxacaq qərardan asılı olacaq: "Toplantıda hasilatın tənzimlənməsi ilə bağlı qərar qəbul edilərsə, neftin qiyməti 70-75 dollar ətrafında dəyişəcək. Bu qərar qəbul edilməzsə, neftin qiyməti 55 dollaradək ucuzlaşa və 2019-cu il üçün neftin orta qiyməti 55-60 dollar arasında qərarlaşa bilər".

Xatırladaq ki, dekabrın 6-da keçiriləcək OPEC toplantısında neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması və s. müzakirə olunacaq.

Onu da qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyində OPEC-in dünya neft bazarına təsirini azaldan qanun layihəsi müzakirə olunur. Qanun layihəsi həm Nümayəndələr Palatasında, həm də Senatda müzakirəyə çıxarılıb. Lakin hələlik sənədə dair səsvermə keçirilməyib.

3351