Milli Məclis

Parlament maliyyə nazirindən əlavə vəsait istəyir

57
(Yenilənib 13:01 15.11.2018)
2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib

BAKI, 15 noyabr - Sputnik. "2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun Aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin işlər idarəsinin müdiri Firuddin Hacıyev "Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihəsini təqdim edərkən deyib. 

Boş deputat oturacaqları
© Sputnik / Murad Orujov

O qeyd edib ki, xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb: "Xərclər smetasının 68.5 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı xərclər təşkil edir. Son illər ölkədə aparılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan parlamentinə xarici ölkədən gələn qonaqların, eləcə də deputatların həm xarici, həm də daxili ezamiyyətlərinin sayı xeyli artıb".

F.Hacıyevin sözlərinə görə, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu layihəsinə III oxunuşda baxılması nəzərdə tutulduğundan, Milli Məclisin iclaslarının sayının çoxalması ilə əlaqədar dəftərxana, mətbəə avadanlıqlarının alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildən xidməti istifadə üçün quraşdırılan operativ rabitə ATS-nin yenidən qurulmasına, Milli Məclisin inzibati binalarının isidilməsi və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılan kinderlərin sıradan çıxmış bəzilərinin yenidən əvəz edilməsi, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binasında 2 ədəd məlumat bazası, servis otağının yenidən qurulmasına vəsait tələb olunur.

"Hörmətli Samir müəllim, 2019-cu ilin xərclər smetasında bəzi maddələrdə vəsait çatışmazlıqlarını nəzərə alaraq, dəftərxana və təsərrüfat xərcləri paraqrafına 50 min, mətbəə xərclərinə 50 min, ezamiyyəyə 200 min manat, avadanlıqların alınması maddəsinə 150 min manat, digər alış və xidmətlər maddəsinə 200 min, icarə və muzdlu xidmətlər paraqrafına 200 min, digər maşın və avadanlıqlara 250 min manat, eləcə də Milli Məclisin avtoparkında maddi texnikanın bazasının yaxşılaşdırılması məqsədilə nəqliyyat vasitələri maddəsinə 200 min manat vəsaitin ayrılmasına köməklik göstərməyinizi xahiş edirik" - deyə Milli Məclisin işlər idarəsinin müdiri bildirib.

57
Teqlər:
vəsait, büdcə, parlament, Milli Məclis
Əlaqədar
Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək
Gələn ilin büdcəsində neftin nəzərdə tutulan qiyməti məlum oldu
Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi davam edir