Maliyyə hesabatı, arxiv şəkli

Proqnozlar dəyişib, gələn il üçün yeni gözlənti var

7607
(Yenilənib 18:07 30.10.2018)
Yaxud BFV Azərbaycan iqtisadiyyatına dair artım proqnozları niyə aşağı salıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına görə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,3%, 2019-cu ildə isə 3,6% artacağı gözlənilir. BVF "Aprel-2018" hesabatında isə Azərbaycan iqtisadiyyatının həcminin 2018-ci ildə 2%, 2019-cu ildə 3,9% artacağını proqnozlaşdırmışdı. Beləliklə, Azərbaycan iqtisadiyyatına dair artım proqnozları aşağı salınıb.

İqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycan iqtisadiyyatına dair artım proqnozlarının aşağı salınmasını Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, ümumiyyətlə, BVF hesabatında 2018-2019-cu illərə dair qlobal iqtisadi artım proqnozlarını, o cümlədən Azərbaycan iqtisadiyyatına dair artım proqnozlarını aşağı salıb.

"Bunun səbəblərindən biri qlobal iqtisadi artım tempinin aşağı düşməsidir. Bunun fonunda BVF əksər ölkələr üzrə öz proqnozlarında düzəlişlər edib və proqnozların azaldılması ilə bağlı qərar qəbul edib" - deyə Bayramov vurğulayıb.

Onun sözlərinə görə, xüsusən Azərbaycan iqtisadiyyatı üçün neftin dünya bazar qiyməti çox vacibdir: "Azərbaycan iqtisadiyyatının 90 faizini neft və neft məhsulları təşkil edir. Büdcə daxilolmalarında neftin payı 60 faizdən çoxdur. Ümumi daxili məhsulun, təxminən, üçdə biri neftin payına düşür".

Müsahibimiz bildirib ki, 2019-cu il üçün neftin qiyməti ilə bağlı konkret proqnozlar olmasa da, fərqli ssenarilər var: "Bu ssenarilərdə neftin qiymətində volatilliyin yüksək olacağı ilə bağlı proqnozlar üstünlük təşkil edir. Neft bazarında volatilliyin yüksək olması neft ölkələrinin iqtisadi artım tempinə təsir göstərir. Bu, neft ölkələrinin ixracatında faiz etibarı ilə azalmalara gətirən faktorlardan biri kimi qiymətləndirilir".

Ekspertin fikrincə, bundan başqa, Azərbaycanda fiskal qaydaların təsdiq edilməsi fonunda güman olunur ki, növbəti illərdə, xüsusən də büdcə xərcləmələrində konsolidasiya siyasəti davam edəcək: "Yəni növbəti illərdə dövlət büdcəsi xərclərinin optimallaşması və neftin qiyməti yüksək olsa belə, büdcə gəlir və xərclərində hökumətin kəskin artımlara getmək niyyətində olmadığı qeyd olunur".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, büdcə xərcləmələri də bir sıra sektorlarda iqtisadi inkişaf baxımından vacibdir. O baxımdan, fiskal qaydaların təsdiq edilməsi və büdcə xərcləmələrində konsolidasiya siyasətinin aparılması nəticədə iqtisadi artıma təsir göstərən faktorlardır. Bu kontekstdən də iqtisadi artım proqnozları aşağı salınıb".

"Amma Azərbaycan hökumətinin iqtisadi artım proqnozlarında azalmalar yoxdur. Bundan öncə BVF daha yüksək proqnozlarla çıxış edib və indi həmin proqnozlarını digər maliyyə qurumlarının proqnozlarına uyğunlaşdırıb. Proqnozların azaldılmasına baxmayaraq, 2019-cu ildə Azərbaycan iqtisadiyyatında artım tempi 2018-ci illə müqayisədə daha yüksək olacaq" - deyə V.Bayramov bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, 2018-ci il üçün Azərbaycanda, təxminən, 1,5-2 faiz səviyyəsində iqtisadi artım gözlənilirdi: "Bu artımın gözlənilməsində əsas faktor büdcə xərcləmələrinin kəskin artması olub. 2018-ci ildə büdcə xərcləmələri 2017-ci illə müqayisədə 36 faizə yaxın artıb. Bir sıra iri qeyri-neft layihələrinin istismara verilməsi bura daxil edilə bilər".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

"Amma 9 ayın nəticələri göstərdi ki, gözlənilən artımlar baş tutmayıb. Belə şərtlər daxilində yenidən iqtisadi artım proqnozlarına baxmaq zərurəti yaranıb" - iqtisadçı vurğulayıb.

"Ümumiyyətlə, mütəmadi olaraq BVF öz proqnozlarını yeniləyir və şərtləri nəzərə alaraq dəyişikliklər edir. Bu da adəti üzrə bir dəyişiklik olub. Hər halda, iqtisadi böyümə üçün biznes mühiti daha liberallaşmalı və investisiya mühiti optimallaşmalıdır" - deyə Rəşad Həsənov qeyd edib.

Qeyd edək ki, BVF 2018-2019-cu illərə dair qlobal iqtisadi artım proqnozları, artan risklərə görə 3,9%-dən 3,7%-ə endirib.

7607
Teqlər:
neft, Sputnik Azərbaycan, İqtisadçı-ekspert Rəşad Həsənov, Vüqar Bayramov, Azərbaycan, ekspert, proqnoz, artım, BVF, Beynəlxalq valyuta fondu, iqtisadiyyat
Əlaqədar
İqtisadiyyatı ölən neft ölkəsi və ilk milli elektron valyuta
İqtisadçı: “ABŞ-ın sanksiyaları dünya iqtisadiyyatına ciddi təsir göstərəcək”
Dünyanı qorxudan proqnoz – ABŞ iqtisadiyyatı çökəcək
Professor: “Dünya iqtisadiyyatında neftin çəkisi azalacaq”
İlham Əliyev: "Bu, bizim iqtisadi gücümüzü artıracaq"
İqtisadçı: “Nağdsız hesablaşmalar genişlənəcək”