Məmurların müzakirəsi

Dövlət başçısının qərarı ciddi dəyişikliklərə yol açacaq - İkihakimiyyətliliyə son

13625
(Yenilənib 16:07 25.10.2018)
"Prezident hökumət və aidiyyatı dövlət qurumların qarşısında məsələ qoyur ki, ölkə iqtisadiyyatında şaxələndirmə getsin, qeyri-neft sektoru inkişaf etsin, idxalın əvəzolunması siyasəti ardıcıl şəkildə davam etdirilsin"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 4-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yeni nizamnaməsini təsdiq edib. Yeni qərarla MBNP publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, dövlət başçısının son qərarı Palata rəhbərliyinin fəaliyyətinin qənaətbəxş olmadığının göstəricisidir: "Çünki ölkənin bank sektorunda, ümumiyyətlə, maliyyə sektorunda yaranmış problemlərin həlli çox ciddi şəkildə Palata rəhbərliyi qarşısında məsələ kimi qoyulmuşdu. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatında əsas problemlər məhz bank-maliyyə sektoru ilə bağlıdır. Bu baxımdan, Palatanın qarşısında çox ciddi məsələlər qoyulmuşdu".

Onun sözlərinə görə, MBNP-nin fəaliyyətində müəyyən müsbət məqamlar olsa da, Palatanın rəhbərliyi qoyulan tapşırıqların öhdəsindən gələ bilməyib: "Hazırda bank sektorunda vəziyyət yenə də ürəkaçan deyil, optimaldan çox uzaqdır. Palata fəaliyyəti dövründə 10-dan çox bankın lisenziyasını geri alıb. Nəticədə bankların sayı azalıb. Bankların kobud formada lisenziyalarının geri alınması və ləğv edilməsi çıxış yolu deyil".

Ekspertin fikrincə, hazırda bank sektorunda əsas problemlər bankların aktivlərinin və passivlərinin strukturundakı acınacaqlı durumla bağlıdır: "Bank sektoru faktiki olaraq istehlak kreditləşməsi kimi ölkə iqtisadiyyatı üçün zərərli bir prosesin maliyyələşdirilməsi ilə məşğuldur. Bu sahə real sektorun maliyyələşdirilməsi, ölkə iqtisadiyyatının modernizasiyasına xidmət edən sferaların inkişafı ilə məşğul deyil. Son aylarda banklar yenə də istehlak kreditlərinin sayını artırır. Ölkənin istehlak bazarındakı vəziyyəti nəzərə alaraq, söyləyə bilərik ki, bu, artıq idxalın stimullaşdırılmasıdır".

"Dövlət başçısı ciddi şəkildə hökumət və aidiyyatı dövlət qurumların qarşısında məsələ qoyur ki, ölkə iqtisadiyyatında şaxələndirmə getsin, qeyri-neft sektoru inkişaf etsin, idxalın əvəzolunması siyasəti ardıcıl şəkildə davam etdirilsin. Banklar isə yenə də idxalı stimullaşdırır, yüksək faizlərlə kreditlər təklif edir və faktiki olaraq real sektorun inkişafına mane olurlar" — deyə professor bildirib.

E.Məmmədov qeyd edib ki, dövlət başçısı bank sektorunda mövcud olan ciddi problemlərin həlli üçün aidiyyatı qurumların qarşısında konkret tapşırıqlar qoyur, amma bu sektorda tarazlığa cavabdeh olan qurumlar bu məsələlərin öhdəsindən gələ bilmirlər: "MBNP rəhbərliyi ilə bağlı qəbul edilmiş qərar çox məntiqlidir və gözlənilən idi. Ölkədə pul-kredit siyasəti tədricən yumşaldılmalı, real sektor üçün kreditlər əlçatan olmalı, bankların aktiv və passivlərinin strukturlarında ciddi dönüş olmalı, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun həcmi kəskin artırılmalıdır".

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, Direktorlar Şurasının ləğv edilməsi Palatanın iki idarəetmə orqanı arasındakı konfliktdən irəli gəlir: "Yumşaq desək, Direktorlar Şurası ilə İdarə Heyəti yola getmirdi. Rüfət Aslanlının başçılıq etdiyi Direktorlar Şurası ilə İbrahim Alışovun rəhbərlik etdiyi İdarə Heyəti arasında konflikt var idi. Hər ikisinin dövlət başçısı tərəfindən təyin edilməsi faktı onlar arasında səlahiyyətlərin bölünməməsinə gətirirdi. Bu da Palatanın işinə ciddi əngəl idi. Çünki qərarlar qəbul edilə, yaxud qəbul ediləndə icra edilə bilmirdi".

"Bu baxımdan, hesab edirəm ki, Palatada ikihakimiyyətliliyə son qoyulması müsbət haldır və qurumun işində dönüş yaratmaq üçün real imkanlar yaradır. Ümid edək ki, yeni tərkib işin öhdəsindən daha yaxşı gələ biləcək" — deyə Həsənov bildirib.

13625
Teqlər:
İdarə Heyəti, MBNP, Sputnik Azərbaycan, Direktorlar Şurası, prezident İlham Əliyev, Elşad Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əkrəm Həsənov, professor
Əlaqədar
Mərkəzi Bank bu günə olan məzənnələri açıqladı
Bank sirri anlayışı pozulur: Məhkəməyə müraciət etmək hüququnuz var
Azərbaycanda qəribə bank yaradılması təklif olunur
Bank şifrələrini əldə edən troyan virusu yayılıb
Hamıya xəbərdarlıq edilir: Bank hesablarınız təhlükədədir