Maliyyə hesabatı

Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq

10560
"Bu dəyişiklik kifayət qədər əlavə xərc yükü formalaşdıracaq, problemlər yaradacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. "Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcək. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaq. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaq".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Bu, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında əksini tapıb. İqtisadçı-ekspert Rəşad Həsənov sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması məsələsini Sputnik Azərbaycan-a şərh edib.

İqtisadçı bildirib ki, strategiyanın ortaya qoyduğu öhdəlik mərhələli şəkildə sadələşdirilmiş vergi növünün aradan qaldırılmasından ibarətdir: "Hələlik bu, növbəti 2 ildə seçim olaraq qalır və daha çox sahibkarın istəyindən asılı olacaq. Amma indiki halda ƏDV sisteminə keçid mümkün deyil. Çünki hələlik Azərbaycanda diferensial ƏDV-nin tətbiqi ilə bağlı qanunvericiliyə düzəlişlər edilməyib. Bu mexanizm hazır deyil. Ona görə də, ümumiyyətlə, indiki halda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV ödəyicisinə çevrilməsi ehtimal olunan məsələ deyil".

Onun sözlərinə görə, əgər diferensial ƏDV sisteminə keçid təmin olunarsa, sahibkarlar üçün üstünlüklər yaradılarsa, 2 il ərzində bu prosesin başa çatması mümkündür: "Burada problem kifayət qədər çoxdur. Qanunvericilik bazasının təkmilləşdirilməsi, mexanizmlərin formalaşdırılması, texniki baxımdan bu imkanların yaradılması məsələləri var. Ola bilər, növbəti dövrlərdə strategiyaya dəyişikliklər edilsin və bu öhdəliyin müddəti uzadılsın".

"Faizlərlə bağlı birmənalı nəsə demək çox çətindir. Çünki hələlik diferensial ƏDV-nin tətbiqi ilə bağlı heç bir konkret mexanizm yoxdur, qanunvericiliyə dəyişiklik edilməyib" — deyə Həsənov bildirib.

Ekspert deyib ki, dünya təcrübəsində bu sahədə ən müxtəlif formalar tətbiq edilir: "Sabitləşdirilmiş vergilər və yaxud fərqli vergi növləri paralel olaraq tətbiq edilir. Amma ölkəmizdə sahibkarlığın inkişafı və prosedurların sadələşdirilməsi kontekstindən məsələyə yanaşsaq, sadələşdirilmiş vergi növünün aradan qaldırılması doğru deyil. Çünki onsuz da Azərbaycanda xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin prosedurların vaxtı-vaxtında yerinə yetirilməsi, bu istiqamətdə kadr bazasının formalaşdırılması, əlavə xərclərin çəkilməsi və s. ilə bağlı problemləri var".

Həmsöhbətimizin fikrincə, indiki halda ƏDV sistemi kifayət qədər mürəkkəbdir: "Bu, kiçik sahibkarlıq subyektləri üçün bəzi hallarda mühasibatlıq xidmətlərindən istifadə zərurəti yaradır. Sadələşdirilmiş vergi nisbətən asandır və kiçik sahibkarlıq subyektlərinin sayı yüz minlərlədir. Bu insanlar bu xidmətlərdən istifadə etməyərək özləri tərəfindən asan şəkildə bu prosesi həyata keçirir. Amma ƏDV sistemi tətbiq olunarsa, kiçik sahibkarlıq subyektləri mühasiblərlə razılıq əldə etməyə, bu xidmətləri almaq üçün vəsait sərf etməyə məcburdurlar və prosedur mürəkkəbləşir".

"Düşünürəm ki, sadələşdirilmiş vergi növünün ləğv edilməsi doğru deyil. Amma sadələşdirilmiş vergi növü üzrə faiz dərəcələrinə yenidən baxılmasına, dövriyyə limitlərinin artırılmasına ehtiyac var idi. Bu istiqamətdə dəyişikliklər olsaydı, daha optimal olardı, nəinki bu vergi növünün ləğv edilməsi" — deyə R.Həsənov vurğulayıb.

İqtisadçının qənaətincə, mövcud infrastruktur ƏDV sisteminin tətbiq edilməsinə hazır deyil: "Bu, kifayət qədər əlavə xərc yükü formalaşdıracaq, problemlər yaradacaq. İqtisadiyyatın, biznesin buna uyğunlaşması məsələsi var. Regionlarda fəaliyyət göstərən sahibkarların böyük əksəriyyətinin qanunvericiliklə bağlı məlumatları azdır. Belə bir şəraitdə bu prosesin özü kifayət qədər mürəkkəb və zərərverici olacaq".

Qeyd edək ki, Dövlət Proqramında vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisinin 2017-ci ildə cəmi 5,3% təşkil etdiyi bildirilir.

10560
Teqlər:
diferensial, sadələşdirilmiş vergi, Rəşad Həsənov, İqtisadçı-ekspert, ƏDV, sahibkar
Əlaqədar
Vergi sistemindəki islahatlar özündə nələri ehtiva edir - İki prioritet istiqamət
Sadələşdirilmiş vergi sisteminin ləğvi barədə məlumatlara aydınlıq gətirildi
Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır
İqtisadçı yeni gömrük vergi siyasəti ilə bağlı həyəcan təbili çaldı
Vergi orqanı eks-deputatın müavinətini dondurdu