Azərbaycan manatı

Dövlət başçısından manat müjdəsi: Növbəti devalvasiya təhlükəsi aradan qalxır

13880
(Yenilənib 15:43 28.09.2018)
"Prezidentin söylədiyi fikirlər iqtisadi hesablamaların nəticəsinə əsaslanan, elmi əsaslara söykənən fikirlərdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. "Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı, təqribən, ən azı 5 milyard dollar səviyyəsində üstələyir".

Bu açıqlamanı Prezident İlham Əliyev ötən həftə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə verib. "Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik" — deyə dövlət başçısı bildirib.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a ölkənin valyuta ehtiyatları ilə bağlı şərhində deyib ki, ölkəmizdə ixrac idxalı əhəmiyyətli dərəcədə üstələyir və bu, iqtisadiyyatımız üçün ənənəvi haldır: "Ölkəmizin ixrac imkanları idxal imkanlarından xeyli üstündür. Düzdür, neft qiymətlərində kəskin azalma olan dövrdə ölkədə xarici ticarət balansı ilə bağlı problemlər yaşanıb. Amma bütövlükdə son onillikləri götürsək, Azərbaycanda idxal-ixrac əməliyyatları istiqamətində saldo ənənəvi olaraq müsbət olub".

Onun sözlərinə görə, milli valyutanın dayanıqlığı bütövlükdə tədiyyə balansının strukturu ilə izah olunur, tək idxal-ixrac əməliyyatları ilə deyil: "Tədiyyə balansında mühüm yer həm də maliyyə seqmenti, kapital hərəkəti ilə bağlıdır. Azərbaycanda ənənəvi olaraq məhz kapital hərəkəti ilə bağlı olan seqmentdə daha çox problemlər olur, nəinki xarici ticarət ilə bağlı".

"Bu baxımdan, dövlət başçısının söylədiyi fikirlər iqtisadi hesablamaların nəticəsinə əsaslanan, elmi əsaslara söykənən fikirlərdir. İqtisadiyyatda, o cümlədən xarici iqtisadiyyatda mövcud olan dinamika imkan verir ki, Azərbaycanın valyuta ehtiyatlarının artımına nail olmaq mümkün olsun" — Məmmədov vurğulayıb.

Ekspertin fikrincə, burada əsas problem kapital hərəkəti ilə bağlıdır: "Ölkədən kapital axınının qarşısı alınmalıdır. Burada hökumətin və Mərkəzi Bankın çox ciddi şəkildə düşünülmüş siyasətinə ehtiyac olacaq. Çünki qonşu ölkələrin acı təcrübəsi də göstərir ki, kapital hərəkəti ilə bağlı olan problemlər müəyyən dövrlərdə valyutanın dayanıqlığına problem yaradır. Rusiyada ənənəvi olaraq xarici ticarətdə, ümumiyyətlə, cari hesablarda müsbət saldo var. Amma buna baxmayaraq rublun dayanıqlığı son dövrlərdə şübhə doğurmağa başlayıb. Rəqəmlər də onu göstərir ki, rublun yüksək volatiliyi və qeyri-sabitliyi müşahidə olunur".

"Burada məsələyə kompleks yanaşmaq lazımdır. Ölkə iqtisadiyyatından kapital axınının sürətlənməsinə imkan vermək olmaz və bunun qarşısı alınmalıdır. Bunun üçün dövlətin bütün tənzimləyici alətləri mövcuddur. Manatın məzənnəsinin sabitliyini qorumaq mümkündür" — deyə o bildirib.

Professor onu da qeyd edib ki, Rusiya, Türkiyə və İranın valyuta və maliyyə bazarında olan vəziyyətin iqtisadiyyatımıza təsiri var: "Nəzərə almaq lazımdır ki, manatın optimaldan yuxarı səviyyədə saxlanılmasının qeyri-neft sektorunun inkişafı baxımıdan Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirləri ola bilər. Ortaya bu dilemma çıxa bilər və buna hazır olmaq lazımdır. Bütün hallarda milli valyutanın məzənnəsinin müəyyən dərəcədə dəyişməsi mümkündür. Amma bu proses dayanıqlı və gözlənilən olmalıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Foto : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

UNEC-in dosenti Elşən Bağırzadə də Sputnik Azərbaycan-a deyib ki, qeyri-neft sektorunun və qeyri-neft ixracının inkişafı istiqamətində görülən işlər Azərbaycana dayanıqlı valyuta gəlirləri vəd edir: "Son rəqəmlər də onu göstərir ki, Azərbaycanın qeyri-neft sektorundan gələn valyuta gəlirləri artır. Eyni zamanda, əsas valyuta gəlir mənbəyimiz neftdir. İlin sonunadək dünya bazarında neftin qiymətinin ciddi şəkildə aşağı düşməsi gözlənilmir".

Onun fikrincə, neftin qiymətinin proqnozdan yüksək olması, ölkəmizin qeyri-neft ixracının artması cari əməliyyatlar hesabında profisitin yaranmasına əsas verir: "Bu da artıq yaranıb. Dövlət başçısı da ictimaiyyət nümayəndələri ilə görüşdə bunu elan edib. Düşünürəm, ilin sonunadək bu profisit daha da artacaq".

"Profisitin çox olması valyutamızın dəyərinin yüksəlməsi istiqamətində təzyiq göstərir. Başqa sözlə, manata hər hansı bir devalvasiya təhlükəsi yaranmır" – deyə E.Bağırzadə əlavə edib.

13880
Teqlər:
ölkə, Sputnik Azərbaycan, Elşən Bağırzadə, dövlət, prezident İlham Əliyev, Elşad Məmmədov, valyuta ehtiyatları, ixrac, idxal, professor, dövlət başçısı, valyuta, iqtisadiyyat
Əlaqədar
Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı
Qonşuda problemlər başladı, su və elektrik ixracı dayandırıldı
Hökumət ixracla bağlı yeni qərar qəbul etdi
İlham Əliyev: "Biz təkcə silah istehsal etmirik, həm də ixrac edirik"
"Azərbaycan regionda təhlükəsizlik ixracatçısı rolunu oynayır"