Kartof

İkinci çörəyə tətbiq edilən rüsum kimləri ac qoyacaq...

11879
"Gömrük rüsumlarının qaldırılması yerli istehsala dəstək ola bilər. Rüsum qalxanda yerli istehsalçıların marağı artır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Dəyişikliklə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov və iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamalarında bu artımı şərh ediblər. 

Ekspert M.Həsənovun fikrincə, gömrük rüsumlarının qaldırılması yerli istehsala dəstək ola bilər: “Rüsum qalxanda yerli istehsalçıların marağı artır. İrandan və digər ölkələrdən ucuz gətirilən kartof yerli istehsalı zəiflədir. Əhali həmin ucuz kartofu alır, bizim yerli kartofumuz alınmır və fermerə də bu, sərf etmir. Nazirlər Kabinetinin qərarı normaldır. Məsələn, Türkiyədə, İranda avtomobil istehsalına başlayan kimi xaricdən gətirilən avtomobillərin gömrük rüsumları qaldırılır”. 

Onun sözlərinə görə, ola bilər ki, bu dəyişiklikdən sonra bazarda kartofun qiyməti qalxsın: "Qiymətlər oynaya bilər, lakin bu, müvəqqəti olacaq. Amma qiymətin qalxması fermeri daha çox kartof əkməyə sövq edəcək. Fermerlərin kartof əkininə marağı artacaq. Azərbaycanda kartof sahələri genişlənməkdədir. Kartof üçün yararlı torpaqlar çoxdur. Ərazilər əkildikcə, istehsal artdıqca, qiymət aşağı düşə bilər. Çünki rəqabət artacaq".

İqtisadçı onu da bildirib ki, ölkənin inkişafı üçün bu qərarın xeyri var: "İdxal azalacaq, yerli məhsul istehsal edəcəyik. Hətta çox istehsal etsək, ola bilər, ixracatçı dövlətə çevrilək".

İqtisadçı-ekspert N.Cəfərli isə düşünür ki, öncə  xaricdən idxal olunan kartofun ucuz başa gəlmə səbəbi araşdırılmalıdır: “Ölkəmizə kartof, əsasən, Türkiyə və İrandan idxal olunur. Daxili istehsalın həcmi və onun daxili istehlakı tam qane edib-etməyəcəyi ilə bağlı bir məlumat verilmədən belə bir qərar alınıb. Qərarın məntiqi budur ki, daxili istehsalçılar üçün daha komfortlu şərait yaransın və daxili istehsalçılar öz məhsullarını daha rahat sata bilsinlər. Çünki xaricdən, əsasən də Türkiyə və İrandan gətirilən kartof daha ucuz başa gəlir. Bu da bir problemdir. Müvafiq qurumlar bununla da bağlı bir araşdırma aparmalıdır ki, nəyə görə xaricdən gətirilən kartof məmulatları daha ucuz başa gəlir". 

Ekspertin qənaətincə, bu qərarı, daxili istehsalçılara bir yardım kimi nəzərə alıblar: "Amma bunun əks effekt doğura biləcəyi ehtimalı da var. Çünki daxili istehsalımız daxili istehlakı tam ödəmir. Bu qərardan sonra xaricdən gətirilən kartof məmulatlarının qiymətində 10-15 faiz artım olacaq. Yerli istehsalçılar da istehsalı artırmadan qiyməti bir o qədər artıracaqlar. Yəni təklif artmalıdır ki, qiymət artmasın".

“İki il bundan əvvəl xaricdən gətirilən toyuq və yumurtanın gömrük rüsumları da artırıldı və bu, daxili istehsalçıya dəstək kimi təqdim olundu. Amma nə daxili istehsal kütləvi şəkildə artıb, nə də qiymətlər ucuzlaşıb. Əksinə, xaricdən gətirilən məhsulların ardınca daxili istehsalçılar da addım-addım qiyməti qaldırıblar. Bu da istehlakçılara ziyandan başqa bir şey gətirməyib" – deyə N.Cəfərli əlavə edib.

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən (05.09.2018) qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir. Qərar "təzə, yanvarın 1-dən iyunun 30-dək" və "digər" mal nomenklaturası üzrə idxala şamil olunur.

11879
Əlaqədar
Avtomobil yanacağı ilə bağlı yeni rüsum kimlərə və necə təsir edəcək?
Şəxsiyyət vəsiqəsinə görə yeni rüsum tətbiq edilir
Dükanımın divarındakı tanıdım lövhəsinə görə rüsum ödəməliyəm?
Rüsum 200 dəfə azaldıldı: benzin ucuzlaşacaq?