ABŞ dolları

Dollar satışı niyə artır - SƏBƏBLƏR

6388
Ekspert hərraclarda dollar satışının artması məsələsini şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb. İyul ayında Fondun valyuta satışı 536,6 milyon dollar təşkil edib. Beləliklə, iyul ayı ilə müqayisədə avqustda valyuta satışı 36,7% və ya 197,1 milyon dollar artıb. Qeyd edək ki, ARDNF tərəfindən 2018-ci ilin iyun ayı ərzində 439 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Hərraclarda dollar satışının artması məsələsini Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a şərh edib.

Ekspert bildirib ki, dollar satışının artmasında bir neçə amil var: "Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsi məqsədilə ölkəmizə yüksək texnoloji avadanlıqlar gətirilir və bunun üçün xarici valyuta lazımdır. Dollar yenə də xarici ticarətin əsas valyutası kimi iştirak edir. Digər tərəfdən, əsas ticarət tərəfdaşlarımız olan Rusiya və Türkiyədə milli valyutaların ucuzlaşması istər-istəməz manata da müəyyən dərəcədə təsir edir. Devalvasiyaya səbəb olan faktorları azaltmaq üçün bazarda lazım olan miqdarda valyutanın olması düzgündür. Yəni devalvasiyaya səbəb olan risk amillərini azaltmaq üçün bu lazımdır". 

Onun sözlərinə görə, hərraclarda dollar satışının artması əsasən yerli və ixracyönümlü məhsulların istehsalı və makroiqtisadi sabitliyi qoruyub saxlamaq ilə əlaqədardır: "Ona görə də hərraclarda dollar satışının artmasını normal hesab etmək olar. Digər bir amil isə bank islahatları ilə bağlıdır. Burada qoyulan tələblərə cavab verməyən bankların potensialının artırılması məsələsi var".

"Bütövlükdə hərraclarda dollar satışının artması əsasən üç məsələ — ixracyönümlü sahələrin inkişafına dair xarici avadanlıqların gətirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması və bank sisteminin daha da təkmilləşdirilməsi və gəlir bazasının artırılması ilə bağlıdır" — deyə ekspert bildirib.

O hesab edir ki, manatın məzənnəsinin qorunub saxlanılması lazımdır: "Dövlət məzənnənin qorunub saxlanılmasına çalışacaq. Ancaq elə məsələlər var ki, bizdən asılı deyil. Azərbaycan dünya iqtisadiyyatının bir elementidir. Ona görə də dünyada olan proseslər istər-istəməz bizə təsir edəcək. Əsas tərəfdaşımız olan Rusiya və Türkiyədə baş verən iqtisadi proseslər bizə də təsir edir. Ancaq manatın məzənnəsini saxlamaq üçün xərclər gəlirlərdən çox olsa, kursda müəyyən dəyişiklik ola bilər".

"Bir məsələni də qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya xarici ticarətdə dollardan imtina edib milli valyutalara keçsə, bu, manatın ucuzlaşmasına çox böyük bir şərait yaratmayacaq" — deyə o əlavə edib.

6388
Əlaqədar
İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi
Dollar hegemoniyası davam edəcək
Dollar almaq istəyənlərə xoş xəbər
Türkiyə yenə “dollar burulğanı”nda boğulur
Dollar "işğalına" qarşı effektiv addım