Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Suya tökülən yarım milyardın cəzası kimə kəsiləcək - "Azərsu" narazıdır, əhali narahat

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
"Zərəri əhəmiyyətli dərəcədə artıran əsas faktor "Azərsu" ASC-nin qeyri-şəffaf fəaliyyətidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. 2017-ci ili yarım milyard manatdan çox (508 milyon 350 min manat) zərər ilə başa vurmuş "Azərsu" ASC pul vəsaitlərinin hərəkətində və dövriyyə vəsaitlərində çatışmazlığın davam etdiyini açıqlayıb. ASC-nin hesabatında yer alan məlumata görə, zərərin və vəsait çatışmazlığının səbəbi su və kanalizasiya xidmətlərinin maya dəyərinin satış qiymətindən 2 dəfə yüksək olmasıdır. Belə ki, 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN olsa da, orta satış qiyməti isə 0.74 AZN olub.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, burada söhbət müəyyən qədər suyun güzəştli şərtlərlə əhaliyə satılmasından gedirsə, zərəri əhəmiyyətli dərəcədə artıran əsas faktor "Azərsu" ASC-nin qeyri-şəffaf fəaliyyətidir: "Çünki davamlı olaraq bu qurumun fəaliyyətində korrupsiya risklərinin yüksək olduğunu və korrupsiya elementlərini görürük. Bu isə son nəticədə qurumun zərərlərini daha da artıran faktora çevrilir".

"Gələcəkdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulursa, ilk addım "Azərsu" ASC-nin fəaliyyətinin şəffaflaşdırılması olmalıdır ki, dövlət büdcəsi üzərində əlavə yük formalaşdırmasın. Əminəm ki, qurumun fəaliyyəti şəffaflaşarsa, zərərin böyük bir qismi kompensasiya oluna bilər" — iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, bu göstəricilər fonunda suyun qiymətinin artımına gedilməsi mümkündür: "Amma bir məsələni vurğulamaq lazımdır ki, adətən Azərbaycanda məsələnin həllinin birtərəfli yolunun tapılması tendensiyası olur. Düşünürəm ki, bu, belə olmamalıdır. Bütün istiqamətlərdə məsələnin həllinə kompleks yanaşma ortaya qoyulmalıdır".

"Xərclər çoxdursa, birincisi xərclərin strukturu təhlil olunmalı və burada xərcləmə prosesindəki şəffaflıq və korrupsiya elementləri göz önünə gətirilməlidir. Sadəcə zərəri kompensasiya edək, dövlət üzərindən yükü götürək deyə birbaşa qiyməti müvafiq formada indeksləşdirib artırmaq düzgün yanaşma deyil" — R.Həsənov vurğulayıb.

Ekspertin qənaətincə, ilk növbədə real dəyərin tapılmasına gedilməlidir: "Yəni nə üçün bu xərclər çoxdur, nə üçün qurumun fəaliyyəti zərərlidir. Təhlillərdən sonra mümkündür ki, bununla bağlı bir qərar qəbul edilsin. Əslində prosedurlar belə olarsa, daha effektiv nəticəni əldə etmək mümkündür. Gələcəkdə mərhələli şəkildə suyun qiymətlərinin real dəyərə çatıdırılması istiqamətində addımlar atıla bilər".

"Amma ilk növbədə məsələyə o kontekstdən yanaşmaq lazımdır ki, su kütləvi istifadə olunan əmtəə növüdür. Əhalinin bütün sosial qruplarının maliyyə vəziyyətinə, ailə büdcəsinə birbaşa təsir göstərir. Yəni suyun qiymətini artırmaqla sosial-iqtisadi problemlərin, çətinliklərin yaranması istiqamətində addım atılmış olur. Burada zərərin müəyyən bir qisminin dövlət tərəfindən kompensasiya olunması və dövlətin bu istiqamətdə nəzarətini artırmaqla zərərin əhəmiyyətli hissəsinin aradan qaldırılması qərarı daha məntiqlidir, nəinki suyun qiymətini artırmaqla zərərin aradan qaldırılması" — deyə o, əlavə edib.

Водяной кран, фото из архива - Sputnik Azərbaycan
Mənzillərə verilən suyun qiyməti artırılırmı - "Azərsu"dan cavab

R.Həsənovun sözlərinə görə, qurumun hər il zərəri olub: "Əvvəllər zərəri onunla əsaslandırırdılar ki, yığımlar adekvat deyil, yığım səviyyəsi aşağıdır. Və bu prosesin özündə böyük korrupsiya var idi. Sonradan yığım göstəriciləri nisbətən yaxşılaşdı. Bu zaman da ortaya başqa faktorlar çıxdı. Əminəm ki, zərərin əhəmiyyətli bir qismi faktiki olaraq qurumun qeyri-effektiv və qeyri-şəffaf işləməsindən qaynaqlanan zərərdir".

Qeyd edək ki, ASC-nin 2017-ci il üzrə hesabatında deyilir: ""Azərsu" ASC və onun törəmə müəssisələri ("Qrup") Azərbaycanda aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Buna əsas səbəb Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır".

"Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səhmdar cəmiyyətin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

Xəbər lenti
0