ABŞ dolları və türk lirəsi

Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir

9792
(Yenilənib 16:02 21.08.2018)
Ekspert ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. "Hazırda ABŞ hökumətinin apardığı xarici ticarət siyasətinin nəticələri göz qabağındadır. Dünyada liberal ticarət anlayışında artıq ciddi problemlər ortaya çıxmaqdadır. Hətta buna ticarət savaşları adı da verilir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov ABŞ və Türkiyənin qarşılıqlı sanksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bənzər proseslər təkcə Türkiyə ilə deyil, Rusiya, Çin, Avropa İttifaqı ölkələri və digərləri ilə yaşanmaqdadır: "Bu, son nəticədə ABŞ-ın özünün ticarətinə də mənfi təsirlər göstərəcək. Amma ABŞ-ın üstünlükləri var. Bu ölkənin iqtisadiyyatı kifayət qədər şaxələndirilib. Türkiyə ilə xarici ticarətin strukturunda da ABŞ yenə üstün mövqeyə malikdir. ABŞ-ın Türkiyədən idxal etdiyi məhsullarla Türkiyəyə ixrac etdiyi məhsullar arasında 5 dəfəyə yaxın fərq var. Eyni zamanda Türkiyənin ABŞ-a ixracının həcmi ABŞ-ın ümumi idxalının strukturunda 0,6 faiz təşkil edir. Bu, ABŞ üçün kifayət qədər kiçik rəqəmdir". 

Amerikalı rahib Andryu Branson
© REUTERS / Demiroren News Agency, DHA

O bildirib ki, birbaşa olaraq Türkiyə kontekstindən məsələyə baxsaq, hazırda zərərçəkmiş tərəf kimi Türkiyə görünür: "Türkiyə bu istiqamətdə ciddi çətinliklər ilə üzləşəcək. Amma buna baxmayaraq, tendensiya ondan ibarətdir ki, ABŞ hökumətinin atdığı addımlara qarşı digər ölkələrin hökumətləri də adekvat cavablar ortaya qoyurlar. Düşünürəm ki, uzunmüddətli dövrdə bu cavabların nəticəsi ABŞ hökumətinin müəyyən qədər yumşaq xarici ticarət siyasəti həyata keçirməsinə gətirib çıxara bilər. Amma bu prosesin böyüməsi Avropa İttifaqının burada hansı mövqeyi ortaya qoymasından daha çox asılı olacaq".

Ekspertin fikrincə, ABŞ-Türkiyə iqtisadi münasibətləri kontekstində Türkiyə burada, əsasən, itirən tərəflərdən biridir: "Türkiyənin, xüsusilə elektrotexnika bazarında əsas təchizatçılardan biri ABŞ hesab olunur. Bu ölkədə daha çox beyin məhsulları, daha innovativ müasir texnologiyalar istehsal olunur. Hazırda bunlar istehsalatda və iqtisadiyyatın müxtəlif sektorlarında geniş istifadə olunur. Son nəticədə bu məhsulları ölkəyə gətirmək məcburiyyətində qalan türkiyəli sahibkarlar, biznes subyektləri çox ciddi maliyyə itkiləri ilə üzləşəcəklər. Çünki bəzi hallarda bu məhsulların adekvatı yoxdur və ya olsa belə, rəqabətli deyil. Daha keyfiyyətli istehsal mühitinin formalaşması, iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün bu məhsulların idxalı zəruri xarakter daşıyır". 

Onun qənaətincə, eyni zamanda Türkiyənin özünün tətbiq etdiyi sanksiyalardan qaynaqlanan türkiyəli sahibkara bir zərər formalaşacaq: "Amma qısamüddətli dövrdə Türkiyədən valyuta axınları müəyyən qədər məhdudlaşa bilər. Yəni ABŞ-dan idxalın azalması Türkiyədən çıxan vəsaiti müəyyən qədər məhdudlaşdıra bilər. Bu da daxili bazarlarda tədiyyə balansının strukturunun nisbətən tənzimlənən istiqamətə yönəlməsini şərtləndirə bilər".

İqtisadçının sözlərinə görə, amma istənilən halda qarşılıqlı sanksiyalar növbəti dövrlərdə Türkiyənin maliyyə bazarlarından investisiya qaçışını şərtləndirə bilər: "Hazırda bu proses gedir və daha da dərinləşə bilər. Türkiyə iqtisadiyyatına xarici yatırımların həcmi əhəmiyyətli səviyyədə azala bilər. Bu isə son nəticədə, həmçinin valyuta daxil olmasıdır. Beləliklə, qarşılıqlı sanksiyalaşma türk lirəsinin gələcək məzənnəsi ilə bağlı çox böyük risk faktoruna çevrilə bilər".

9792
Əlaqədar
"Bosfor" boğazına alternativ gəlir, Ərdoğan "İstanbul" boğazından danışdı
Ərdoğan: "ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin əmlaklarına həbs qoyacağıq"
"Bizimlə heç kəs təhdid dili ilə danışa bilməz" – Ərdoğan
Ərdoğan İrana görə müttəfiqinə qarşı çıxdı
Putin, Ruhani və Ərdoğan arasında kritik görüş keçirilə bilər
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşdı

32
(Yenilənib 11:00 28.10.2020)
"Brent" markalı neftin qiyməti isə 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,05 dollar artaraq 41,52 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

32
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

189
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

189
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

26
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

26
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə