Manat və dollar

Üç böyük qonşumuzda dollar sıçrayışı yaşanarkən, manatı hansı aqibət gözləyir?

718
(Yenilənib 11:23 07.08.2018)
"Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil"

BAKI, 7 avqust — Sputnik. Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz Rusiyada rubl müqavimət göstərməkdə davam etəsə də, Avrozonanın vahid valyutası ucuzlaşmaqda davam edir. Cənub qonşumuzda isə "dollar panikası" yaşanmaqdadır.

Bu proseslər manatın məzənnəsinə necə təsir edəcək?

Vüqar Bayramov
Vüqar Bayramov

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində bu məsələni şərh edib. Onun fikrincə, lirənin ucuzlaşması Türkiyə — ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiya tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır.

"Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə bağlı makroiqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələrin gözləntiləri doğrultmaması konteksində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır" — deyə ekspert qeyd edir.

Bayramov düşünür ki, qonşu ölkələrdəki valyuta krizisi manatın məzənnəsinə təsirsiz ötüşməyəcək: "Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan Fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dolların tələbin artıdığından xəbər verir".

İqtisadçının fikrincə, idxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənilir: "Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir".

"Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da, qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil" — o yazır.

Mərkəzi Bank
© Sputnik / Murad Orujov

Bu baxımdan V.Bayramov hesab edir ki, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil: "Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir".

Mütəxəssisin fikrincə, əgər lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir: "Növbəti aylarda isə, məsələn, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu, həmin özəl və dövlət müəsssisələrinin xarici borc öhdəliklərini yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlarla bağlıdır".

"Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir" — deyə ekspert vurğulayır.

718
Teqlər:
maliyyə, iqtisadiyyat, manat, Azərbaycan, avrozona, dollar, ABŞ, rubl, Rusiya, lirə, Türkiyə
Əlaqədar
Manat yenidən gücləndi
Azərbaycan Mərkəzi Bankı yeni dollar-manat məzənnəsini açıqladı
Manat xarici valyutalar qarşısında gerilədi
Artıq vətəndaşın pulu dollarla əmanətdə deyil - Manata böyük güvən
Pul qabı, arxiv şəkli

Beş yüz manatlıq əsginasın sirri çözüldü

23
(Yenilənib 18:36 22.01.2021)
Milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir

BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

23
Pomidor məhsulunun yüklənməsi

Xaric qadağa qoyur, sahibkarlar isə dövlət qurumundan narazılıq edirlər

60
(Yenilənib 16:09 22.01.2021)
Sahibkarlar uzun illərdir istixanada məhsul becərsələr də, builki kimi çətinliklə üzləşmədiklərini deyirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.

Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.

© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşikdə pomidor məhsulu

“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.

Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:

“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.

Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.

  • Şəmkirdə yeşiklərdə pomidorlar
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Ədalət Zeynalov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Rasim Hümbətov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Sadəddin Rzayev
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə sahibkarlar dövlət qurumundan narazılıq edir
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsində şitil
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsi
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşiklərdə pomidorlar

12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.

Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.

60
Teqlər:
Şəmkir, Tovuz, sahibkar, qadağa, ixrac, pomidor

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0