Elman Rüstəmov

Mərkəzi Bankın uçot dərəcəsi üzən məzənnə barədə qərarı açıqlandı

380
(Yenilənib 12:26 01.08.2018)
Elman Rüstəmov: "Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır"

BAKI, 1 avgust — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında açıqlama verib. O bildirib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

E.Rüstəmov tədbirdə digər məsələlərə də toxunub. Onun sözlərinə görə, "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyinin Azərbaycanın investisiya mühiti ilə bağlı verdiyi reytinq ədalətli deyil: "Bizim reytinqimizi yaxşılaşdırmaq potensialımız mövcuddur. Bununla bağlı işlər görülür. Bizim gördüyümüz iş Azərbaycanın reytinqin yaxşılaşdırılmasına təsir edəcək".

AMB sədri ölkədə tam üzən məzənnəyə keçidlə bağlı da açıqlama verib. Qeyd edib ki, hazırda üzən məzənnəyə keçid istiqamətində işlər görülür.

"Bildirmək istəyirəm ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir" — Rüstəmov diqqətə çatdırıb.

Əlavə edib ki, valyutaya böyük tələbi olan idxalçılar var: "Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik".

Xatırladaq ki, iyunun 14-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 11%-dən 10%-ə, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.

380
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, AMB, uçot dərəcəsi, faiz dəhlizi, İdarə Heyəti, Elman Rüstəmov, üzən məzənnə
Əlaqədar
AMB manatın məzənnəsini artırdı
AMB mövqeyini açıqladı, ölkədə xarici valyutalar bahalaşdı
Mərkəzi Bankdan xarici valyutaların bahalaşması barədə xəbər var
Azərbaycan Mərkəzi Bankı yeni dollar-manat məzənnəsini açıqladı
Mərkəzi Bankdan son dəqiqə məzənnə xəbəri
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı

9
(Yenilənib 15:21 24.09.2021)
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı ipoteka kreditləşməsinə də təsir edib.
Ramil Osmanlı: “Mənzil bazarında tələb və təklif dəyişib”

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a artımın səbəblərini açıqlayıb. Ekspert bildirib ki, burada bir sıra önəmli səbəblər var: “Artımı ilbəil ipoteka proqamında keçirilən islahatlarla əlaqələndirmək olar. Eyni zamanda mənzil bazarında tələb və təklif dəyişib. İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı da öz təsirini göstərib. Həmçinin ipoteka kreditləri üzrə məbləğlər də artırılır. Mənzil bazarındakı vəziyyətə gəldikdə isə deyə bilərəm ki, hazırda dinamik aktivlik müşahidə edilmir. Mənzil alıcılarının sayında nisbətən azalmalar var. Həm bazara daxil olan pulun həcmində, həm də alğı-satqı əməliyyatlarının sayında artımı müşahidə etmək olar”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?

1039
İqtisadçının fikrincə, xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. Azərbaycanda ərzaq inflyasiyasının artmasına təsir göstərib.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6.25%-dən 6.5%-ə qaldırıb. Bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi və s. nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

Uçot dərəcəsinin qaldırılması inflyasiyanın artmasının qarşısını ala bilərmi? Uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq mümkündürmü?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, mərkəzi bankların faiz dərəcələri makroiqtisadi göstəricilər üçün önəmli amillərdən biridir. Dünya ölkələrində bu alətdən geniş istifadə olunur. Azərbaycanda isə bəzi iqtisadi institutların, o cümlədən qiymətli kağızlar bazarının tam formalaşmamasına görə uçot dərəcəsinin makroiqtisadi göstəricilərə birbaşa korrelyasiyası yoxdur. Çünki öncəki illərdə də uçot dərəcəsinin çox aşağı olan (məsələn, 3 faiz) dövründə inflyasiya göstəriciləri, kredit faizləri indikilərə yaxın olub. Sonra uçot dərəcəsi 15 faizə qədər qalxdı, yenə də bunun nə inflyasiya göstəricilərinə, nə də kredit faizlərinə birbaşa ciddi təsiri oldu. Uçot dərəcəsinin inflyasiya göstəricilərinə dolayı təsirləri var, amma əsasən inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsirləri olmur. Ona görə də uçot dərəcəsinin 0,25 faiz artırılmasının inflyasiya ilə bağlı baş verən proseslərə birbaşa təsir edəcəyini söyləmək mümkün deyil. Çünki inflyasiya yaradan amillər fərqlidir.

"Ona görə də sırf uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq və nəzarət altına almaq indiki şəraitdə o qədər də mümkün olmayacaq. Lakin bunun dolayı təsirləri mümkündür və ən azından inflyasiya təzyiqlərini azaltmağa xidmət edə bilər", - deyə o bildirib.

İqtisadçının sözlərinə görə, ərzaq inflyasiyasının bir neçə səbəbi var: "Dünyada ərzaq qiymətlərinin bahalaşması sürətlə gedir. Ərzaq indeksi dünyada son 1 ildə 10 faizə yaxın artıb və bizim idxaldan asılılığımız var. Ona görə də xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarında qiymət artımına təsir göstərir. Amma daxildən qaynaqlanan problemlər də var. Məsələn, dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da qiymət artımında mühüm rol oynayan amilə çevrilib. Fermerlər üçün dizel yanacağının kompensasiyası ilə bağlı yeni yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Məsələn, Türkiyədə dizel 6 lirə civarında satılır, amma aqrar sahədə çalışanlara təxminən 2 lirəyə təqdim olunur. Yəni ciddi güzəştlər var. Bizdə buna bənzər güzəştlərin həyata keçirilməsi bazarda qiymətin tənzimlənməsində rol oynaya bilər. Nəticədə xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. ərzaq inflyasiyasının artmasına təsir göstərib".

Onun fikrincə, bizdə inflyasiyanın hesablanma qaydalarında da müəyyən problemlər var. Buna görə də çox zaman rəsmi inflyasiya ilə real inflyasiya rəqəmləri arasında təzadları görmək mümkün olur. Bu, əsasən də ərzaq inflyasiyasında daha tez nəzərə çarpır. Digər tərəfdən, bizdə alternativ inflyasiya hesablama institutları və mexanizmləri yoxdur. Bir çox ölkələrdə inflyasiyanın hesablanması təkcə dövlət tərəfindən deyil, QHT-lər, həmkarlar təşkilatları, istehsalçılar və istehlakçılar birlikləri tərəfindən də ayrıca hesablanır. Bu da rəqəmləri müqayisə etməyə imkan yaradır.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib.

Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib, illik ərzaq inflyasiyası 7.8% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlib.

Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil edib.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyllidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.

Ümumilikdə illik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.

Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.

1039

Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür

254
(Yenilənib 00:09 27.09.2021)
Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

BAKI, 27 sentyabr - Sputnik. Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutulub. 

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Üçtərəfli bəyanatın imzalanması 

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Anım Gününün təsis edilməsi

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri olacaq.

254