Bərdə rayonunda əkin sahəsi

Bölgələrdə fermerlər gözlənilməz problemlə üzləşiblər

315
(Yenilənib 16:16 28.07.2018)
Mingəçevir qəzasından sonra əkin sahələrini suvarılması üçün qoyulan transformatorların artezian quyularını işlətməyə gücü çatmır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Eyni problemləri istər yayda, istərsə də qışda olsun hər il yaşamalıyıq. Qışda gözlənilmədən qaz kəsilir. Yayda krantlarda su quruyur və s. Təəssüflər olsun ki, qışda da, yayda da hamı eyni problemlə çarpışır.

Bərdə rayonunda əkin sahələrinin suvarılmasında da problemlər aktuallığını həmişə saxlayır. Hər il əkinçilər torparlarını suvarmaq üçün aşağı-yuxarı kanalların boyunca əsir-yesir olurlar. Problemin həlli üçün icra hakimiyyətinə şikayətə gedirlər, müxtəlif etirazlara əl atırlar. Ancaq heç bir nəticəsi olmur, kəndlinin əkin sahələri susuzluqdan sıradan çıxır.

Bu hal növbəti ildə də beləcə davam edir. Qeyri-neft sektorunun inkişafı strategiyası ortada olduğu halda, ölkə prezidenti kənd təsərrüfatının inkişafı üçün təşəbbüslərlə çıxış eləsə də, yerlərdə əkinçinin pambığı, yoncası, tərəvəzi susuzluqdan yanıb, kül olur.

Kənd sakini İsrafil Paşayev
© Sputnik / Musa Muradlı
Kənd sakini İsrafil Paşayev

Hazırda Bərdə rayonunun Qaradəmirçi kəndində əkin sahələrinin suvarılması ciddi problemə çevrilib. Kənd sakini İsrafil Paşayev nə əkdiyi 5 hektar pambığı, nə də yoncasını suvara bilmir. Ərazidə suvarma, əsasən, artezian quyuları və Qarabağ kanalına qoyulan nasoslar vasitəsilə aparılır. Təbii su mənbəyi yoxdur.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Qaradəmirçi kənd sakini İsrafil Paşayev bildirib ki, elektrik enerjisində kifayət qədər gərginlik olmadığına görə artezian quyularını və Qarabağ kanalına qoyulan nasosu işlətmək olmur: "Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza aradan qaldırılsa da, verilən enerjinin artezianları, su nasoslarını işlətməyə gücü çatmır. 300 hektardan artıq əkin sahəsini bu səbəbdən suvarmaq olmur. Bizə Bərdə Rayon İcra Hakimiyyətindən və Bərdə Suvarma Sistemləri İdarəsinin rəsmiləri belə məlumat verirlər".

İsrafil Paşayev əlavə edib ki, Bərdə Elektrik Şəbəkə ərazidə elektrik təsərrüfatını düzgün idarə etmədiyindən, bildiyi kimi hərəkət etdiyindən suvarma işlərinə mənfi təsir göstərir: "Kəndin işıqlandırılmasına görə qoyulan transformator xarab olduğuna görə təmir eləmək əvəzinə həmin transformatorun işıqlarını açıb yaxınlıqdakı artezian quyusu üçün qoyulan elektrik avadanlığına gətirib qoşublar. Bu da suvarma məqsədilə qoyulan transformatorun gücünü alır. Nəticədə suvarma quyusunun işi dayanır".

"Artezian quyuları üçün qoyulan transformatorların heç birinə "ayırma" qurğusu qoyulmayıb. Hər hansı yerdə energetiklər iş görməli olsalar, qarşısında olduqları transformatoru xətdən ayıra bilmirlər. Buna görə onlar işığı başdan dayandırırlar ki, bu da bütün artezian quyularının dayanmasına səbəb olur" – deyə o əlavə edib.

İsrafil Paşayev əkdiyi 5 hektar pambığı, nə də yoncasını suvara bilmir
© Sputnik / Musa Muradlı
İsrafil Paşayev əkdiyi 5 hektar pambığı, nə də yoncasını suvara bilmir

İ.Paşayev vurğulayır ki, Bərdə Suvarma Sistemləri İdarəsi Qarabağ kanalına qoyulan nasosun elektrik enerjisinə görə işləməməsini nəzərə alıb, alternativ variant barədə düşünməliydi. Bu da həmin nasosların dizel yanacağı ilə işləyən mühərriklərlə əvəz olunmasıdır. Ancaq vəziyyətdən çıxış yolu olduğu halda zəruri addım atılmır.

Bərdə rayon Suvarma Sistemləri İdarəsinin direktoru Sərdar Əhmədov da Sputnik Azərbaycan-a açıqlamasında yaranan problemin elektrik enerjisində gərginliyin aşağı gücdə olmasından qaynaqlandığını təsdiq edib: "Mingəçevir elektrik stansiyasında baş verən qəzadan sonra belə bir hal yaranıb. Görünür, bu da stansiyanın tam gücünü bərpa edə bilməməsinə görədir".

"Gündüzlər əhalinin kondisionerlərdən çox istifadə etdiyinə görə artan enerji sərfiyyatı gərginliyin aşağı düşməsinə səbəb olur. Buna görə də qurğuları işlətməyə işığın gücü çatmır. Məcbur oluruq nasosdan birini dayandırırıq. Gecələr gərginlik düzələndə isə qurğuları tam gücü ilə işlədirik. Belə olduğuna görə bizdən asılı olmayan səbəbdən suvarmada hazırda çətinliyimiz var" – deyə qurum rəsmisi qeyd edib.

Sərdar Əhmədov dizel mühərriki ilə işləyən su nasoslarının açıq arxlara su vurmaq üçün istifadəyə yaradığını deyib. Uzaq məsafəyə su aparan borulara qoşmaqla ondan istifadənin mümkün olmadığını, suyun boruda axıtmağa gücü çatmadığını bildirib.

315