Əkin

Hələlik ancaq xaricin ümidinə qalmışıq, amma tezliklə onlardan qurtula bilərik

398
(Yenilənib 21:56 20.07.2018)
"Toxumçuluğun inkişafı xaricdən gətirilən toxumların qiymətinin bahalaşmasının qarşısını alacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Azərbaycanda Toxumçular Assosiasiyası yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyi artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlayıb. Nazirlik özəl toxumçulara texnika və avadanlıqlar alınmasında yardım göstərəcək.

Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluqla bağlı həyata keçirdiyi tədbirlər ölkəmizdə bu sahənin inkişafına nə kimi müsbət təsir göstərəcək?

Sputnik Azərbaycan-ın mövzu ilə bağlı suallarına Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov aydınlıq gətirib.

Ekspert Toxumçular Assosiasiyasının yaradılmasını çox müsbət qiymətləndirib: "Təkcə xaricdən gətirilən toxumlardan istifadə etmək təhlükəsizlik problemi yaradır. Əgər toxumları ancaq xaricdən gətirəcəyiksə, bu, kənd təsərrüfatının iqtisadi göstəricilərinə, ərzaq təhlükəsizliyinə təsir edəcək".

M.İbrahimovun fikrincə, toxumçuluğun inkişaf etdirilməsi Azərbaycanda elmi-tədqiqat işlərinin davam etdirilməsi və tərəqqisinə müsbət təsir edəcək. Yəni toxumçuluğun inkişaf etdirilməsi xaricdən gətirilən toxumların Azərbaycanın aqro-iqlim şəraitinə uyğunlaşdırılması ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına, yeni sortların yaradılmasına imkan yaradacaq.

Onun sözlərinə görə, ölkədə toxumçuluğun inkişafı, eyni zamanda xaricdən gətirilən toxumların qiymətinin bahalaşmasının qarşısını alacaq: "Bu, Azərbaycanda yerli toxumların saxlanılmasına və daha məhsuldar toxumların yaradılmasına imkan yaradacaq. Həmçinin, xaricdən gətirilən toxumlardan asılılıq azalacaq, ərzaq təhlükəsizliyi problemi həll ediləcək".

Ekspert bildirib ki, dünyada toxumçuluqla məşğul olan bir sıra böyük şirkətlər müəyyən dərəcədə qiymətlərə nəzarət edirlər. Eyni zamanda, həmin şirkətlər bu sahədə yeni texnologiyaların tətbiqi ilə məşğuldurlar. Azərbaycan bu sahədə yeni texnologiyaları idxal edərək tətbiq etsə, toxumçuluğu daha da inkişaf etdirə bilər.

"Bunun üçün də imkanlar mövcuddur. Hazırda regionda kənd təsərrüfatının ən çox inkişafına Azərbaycanda diqqət yetirilir. Bunun da ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsinə çox böyük müsbət təsiri olacaq. Azərbaycanda özəl toxumçuluğun inkişafı ilk növbədə bu sahədə rəqabətin yaradılmasına, formalaşmasına gətirib çıxaracaq" – ekspert bildirib.

O qeyd edib ki, toxum istehsal etmək üçün ilk növbədə yüksək səviyyədə bilik lazımdır: "Özəl toxumçuların bilik və bacarıqlarının artırılması vacibdir. Digər tərəfdən, bu sahə böyük avadanlıq, yəni böyük kapital qoyuluşu tələb etmir. Ancaq bu sahədə gəlirlər yüksəkdir. Toxumçuluq həmişə gəlirli sahə olub".

Ekspertin qənaətincə, bu sahədə kooperasiya sistemi yaradıla bilər: "Başqa sözlə, hər hansı bir fermer təsərrüfatı, əsasən, bitkiçiliklə məşğuldursa, onun toxumçuluqla məşğul olması məsələsi də qalxacaq. Ona görə ki, fermer xaricdən gətirilən toxumdan asılı olmaq istəmir. Çünki burada müəyyən çətinliklər var, dünya bazarında dəyişikliklər olur və s. Təbii olaraq fermer istəyir ki, özünün toxum bazası olsun və bu sahədə risk səviyyəsini aşağı endirsin".

Qeyd edək ki, ölkədə toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır.

Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb.

398
Teqlər:
ərzaq təhlükəsizliyi, təhlükəsizlik, Müslüm İbrahimov, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi, Toxumçular Assosiasiyası
Hotel foyesi, arxiv şəkli

Azərbaycanda dincəlmək istəyən insanların işini yüngülləşdirirlər: çox sürətli olacaq

36
(Yenilənib 15:55 02.03.2021)
Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

BAKI, 2 mart — Sputnik, Zarina Orucəliyeva. Tezliklə turların və hotellərin rezervasiyası üzrə ilk Azərbaycan platforması yerli bazarda öz yerini tutacaq. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu daxili bazarda turizm xidməti göstərənlər üçün yeni platformanın yaradılması üçün tender elan edib.

Qonaqlama obyektləri (hotellər, hostellər), turizm xidməti göstərənlər, səyahət fəaliyyəti ilə məşğul olanlar və turistləri bir araya gətirən inteqrasiya edilmiş bu platforma yalnız Azərbaycan vətəndaşları və ölkədə yaşamaq üçün icazəsi olan əcnəbilər üçün nəzərdə tutulub.

Platforma turizm xidməti tədarükçülərinə rezervasiya prosesini sadələşdirmək, onlayn ödəmələri qəbul etmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq imkanı verəcək.

Sistem B2B və B2C komponentlərini özündə birləşdirir ki, bu da tur təşkilatçılarına həm dinamik, həm də statistik turlar təşkil etməyə imkan verəcək. Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

"Bizim missiyamız isə ondan ibarətdir ki, sürətli ödəməni təmin etməklə insanlara rahat və sürətli rezervasiya üçün şərait yaradaq. Bundan başqa, vahid mərkəzdən idarəetmə sistemi aləti yaratmaqla turizm sənayesinin fəaliyyətini genişləndirmək istəyirik. Bu sistem müxtəlif turizm məhsulları tədarükçüləri üçün ticarət platforması rolunu oynayacaq", – deyə o bildirib.

Yeni platformanın yaradıcılarının məqsədi çox sadədir - yerli turistlərə otel və səyahət paketlərini daha sürətli, effektiv və sərfəli şəkildə həyata keçirmək imkanı vermək.

"Bu, çox mühüm təşəbbüsdür. Özü də belə bir platformanın yaradılması o qədər də çətin iş deyil", – Hotel və Restoranlar Birliyinin (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi bu fikirdədir. Onun sözlərinə görə, platforma uyğun qiymətlər, marketinq yanaşmaları, marşrutlar və turlar şəklində məhsullarla daha çox yerli turistlərə yönəldiləcək.

"Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ>>

Dubəndi onu da bildirdi ki, Azərbaycan daxili turizmin hərtərəfli inkişafı üçün bütün imkanlara malikdir - iqlim zonalarının növbələşməsi, əhalinin etnik müxtəlifliyi, bölgələrin zəngin mətbəxi, adət-ənənələr, müxtəlif infrastruktur təklifləri (hotellər, restoranlar, hostellər) və s.

"Bu işdə Azərbaycanın milli parkları mühüm rol oynaya bilər. Çünki bu parklar açıq səma altında turizm fəaliyyətinə imkan verən geniş resurs spektrinə malik qorunan nəhəng ərazilərdir. Bu ərazilərə kempinqlər, gəzintilər (piyada və atla) təşkil oluna bilər. Məncə, bütün bunlar daxili turizmin inkişafında rol oynaya bilər. Daha sonra müəyyən turizm məhsulları təklif edərək beynəlxalq bazarlara da çıxmaq mümkündür", – deyə ekspert qeyd edib.

Onun fikrincə, rezervasiya sisteminin uğuru menecment işinin necə təşkil olunacağından asılıdır. Dübəndi Azərbaycanın işğaldan azad olunmuş ərazilərini da platformaya daxil etməyi və bu zaman Qarabağ bölgəsinin maddi-mənəvi irsinə xüsusi diqqət ayırmağı təklif edir.

36
Teqlər:
hostel, otel, turizm
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

52
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

52
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Bakıda ağac kəsimi, arxiv şəkli

Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi

0
(Yenilənib 22:48 02.03.2021)
Meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyənləşib.

BAKI, 2 mart — Sputnik. Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında "Mahal" MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun "Mahal" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Mahal" MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyələşib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

0