İtaliya Respublikasının Prezidenti Sercio Mattarella

İtaliya prezidenti: "Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcək yeni yollar tapılmalıdır"

54
(Yenilənib 16:48 18.07.2018)
Sercio Mattarella: "İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq"

BAKI, 18 iyul — Sputnik. İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliya Respublikasının prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Sputnik Azərbaycan Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliya prezidenti göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirdikdən sonra deyib ki, o, İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib.

"Bu dəvət və bizim münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir. Bizim bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir" — Mattarella bildirib.

O, qeyd edib ki, azərbaycanlı həmkarı ilə söhbət zamanı terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi aparılıb: "Biz bu məsələlərdə eyni fikirdəyik. Bizim strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər".

"Bundan əlavə, biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər. Bildiyiniz kimi, sabah Azərbaycan prezidenti İlham Əliyev ilə birgə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bu tədbirin mənim səfərim çərçivəsində keçirilməsi doğrudan da bizim əməkdaşlığımızın hərtərəfli olmasını və xüsusilə iqtisadiyyat sahəsinin Azərbaycan və İtaliya münasibətlərində nə qədər önəm kəsb etdiyini bir daha göstərir" — İtaliya prezidenti vurğulayıb.

Əlavə edib ki, iki dövlətin münasibətləri siyasi, iqtisadi, energetika baxımından təbii ki, ən əhəmiyyətli rola malikdir: "Lakin bundan əlavə, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu baxımdan qeyd etmək istəyirəm ki, mən Azərbaycanın önəmli universitetlərindən biri olan ADA Universitetində bu gün tələbələrin qarşısında çıxış edəcəyəm. Eləcə də İtaliya hökuməti tərəfindən verilən təqaüdlərin qalibi olan Azərbaycan tələbələrinə həmin təqaüdləri təqdim edəcəyəm. Mən Milanda keçirilən "Ekspo" sərgisi zamanı Azərbaycan pavilyonunu bir daha xatırlatmaq istəyirəm. Çünki Azərbaycan pavilyonu öz möhtəşəmliyi ilə bütün ölkələrin diqqətini cəlb etmişdir. Bu xüsusda Heydər Əliyev Fonduna və onun prezidentinə həm bu pavilyonunun hazırlanmasına, həm də Romada restavrasiya işlərinin görülməsinə və digər tədbirlərin keçirilməsinə görə öz təşəkkürümü bildirirəm".

Mattarella diqqətə çatdırıb ki, hər iki ölkədən olan gənc istedadlar arasında mübadilə aparmaqla da əməkdaşlığımıza əlavə töhfə verə bilərik: "Bizim Azərbaycan ilə ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır".

"Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək. Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır. Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq" — qonaq prezident vurğulayıb.

54
Teqlər:
İtaliya Respublikası, Sercio Mattarella, əlaqə, Azərbaycan Respublikası, İlham Əliyev, sənəd, prezident
Əlaqədar
İlham Əliyevdən İtaliyaya xüsusi jest: "Sizin üçün Azərbaycanda bütün qapılar açıqdır"
Azərbaycanla İtaliya arasında 4 mühüm anlaşma əldə olundu
Azərbaycan və İtaliya prezidentlərinin görüşü olub
İtaliya prezidenti Azərbaycana gəlib
Qaz borusunun çəklişi

Azərbaycanın təbii qaz sektorunda üç il sonrakı hədəfləri açıqlandı

11
(Yenilənib 21:07 03.12.2020)
"İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib

BAKI, 3 dekabr — Sputnik. 2023-cü ildə Azərbaycanda təbii qaz istehsalı illik 50 milyard kubmetrə, "Şahdəniz" yatağında isə 25,3 milyard kubmetrə çatacaq.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 3-də "İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş "Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı–istehlakçı perspektivləri" mövzusunda nazirlərin dəyirmi masasında çıxış edən P.Şahbazov Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda, həmçinin Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan "Şahdəniz" yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-dək yüksək səviyyəli hökumət nümayəndəsi, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

11
Teqlər:
Şahdəniz” yatağı, hasilat, təbii qaz yatağı, təbii qaz, Azərbaycan
Azərişıq, arxiv şəkli

Qənaət: "Azərişıq" azad olunan torpaqlarda işini 3D xəritə ilə qurur

17
(Yenilənib 20:04 03.12.2020)
Ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır.

BAKI, 3 dekabr — Sputnik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunan ərazilərdə mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır.

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
© Official website of President of Azerbaijan Republic

"Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, -  deyə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd edib.

Qeyd olunub ki, tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir: "Yerüstü topoqrafik çəkilişlər öz iş yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”.

17
Teqlər:
qənaət, xəritə, işğaldan azad edilmiş ərazilər, "Azərişıq" ASC
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə