Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 29 iyun — Sputnik. "Azərbaycanın xarici borcunun artmasının üç əsas səbəbi var. Bunlar devalvasiya ilə bağlı xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir".
Bu barədə ötən günlərdə maliyyə naziri Samir Şərifov açıqlama verib. O deyib ki, Maliyyə Nazirliyi kifayət qədər ehtiyatlı borclanma siyasətinin həyata keçirilməsinin tərəfdarıdır: "Dövlət başçısı müvafiq göstərişlər verib ki, xarici borcumuz artmasın, əksinə azalsın".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev xarici dövlət borcunun artmasını Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, Azərbaycan hökuməti bir sıra layihələrin icra olunması üçün xarici dövlət borcuna müraciət edir: "Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı ilə əməkdaşlıq davam etdirilir. Xarici borcun müvafiq normalardan yuxarı olması xərclərin artmasına gətirib çıxarır. Çünki xarici borclanmadan yaranan öhdəliklər, o cümlədən faiz ödəmələri var".
İqtisadçının sözlərinə görə, xarici təcrübədə bunun alternativ yolu kimi daxili maliyyələşmə mənbələrindən istifadə olunur: "Məsələn, bir sıra layihələrdə daxili investisiya mənbələrinə müraciət edilir. Xüsusən də daxili borclanmadan biri dövlət istiqrazlarının buraxılmasıdır. Belə vəziyyətdə sırf dövlət istiqrazı buraxılaraq daxili mənbələrdən istifadə olunur".
"Tutalım, SOCAR istiqrazlarının buraxılması buna nümunədir. Daxili maliyyələşmədə bu kimi istiqrazlardan istifadə olunması həm ölkə daxilində qiymətli kağızlar bazarının inkişafına kömək göstərir, həm də qiymətli kağızların təkrar satış bazarında yenidən dəyər qazanmasına və əlavə maliyyələşmə imkanlarının artmasına gətirib çıxarır" — müsahibimiz vurğulayıb.
Ekspert bildirib ki, 2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları təşkil edib: "Azərbaycan manatı ilə 15 milyard 978 milyon manat (ölkə üzrə adambaşına 2 manata yaxın — red.) deməkdir. Ümumi daxili məhsulda bunun payı 23 faizdir. Dövlətin xarici borcunun qalxması devalvasiya prosesi ilə bağlıdır. Əvvəl manat güclü idi, xarici dövlət borcu elə də hiss olunmurdu".
R.Atakişiyevin sözlərinə görə, xarici dövlət borcunun çox artması bir sıra mənfi nəticələrə səbəb olur: "Xarici dövlət borcu çox artan zaman beynəlxalq maliyyə təşkilatları qarşısında öhdəliklərin yerinə yetirilməsi çətinləşir. İkincisi, bunlar üzrə faiz ödəmələri var və onların məbləği artır. Belə olanda dövlət büdcəsinin xərcləri artmağa başlayır. Digər tərəfdən, beynəlxalq təşkilatların iqtisadi-siyasi baxımdan da dövlətə təsiri artır".
İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xarici dövlət borcunu azaltmaq üçün yeganə yol dövlət xərclərinə qənaət etməkdir: "Hələ ki, Azərbaycanın dövlət borcunun səviyyəsi təhlükəli deyil. Çünki bir çox ölkələr var ki, onların dövlət borcunun ÜDM-ə nisbəti Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətindən dəfələrlə çoxdur. Bizim Dövlət Neft Fondu kimi "təhlükəsizlik yastığı"mız var. Amma bununla belə mümkün qədər dövlət xərclərinə qənaət etmək lazımdır".
Maliyyə naziri Samir Şərifov sözügedən açıqlamasında onu da bildirib ki, son 2 ildə Azərbaycanda həyata keçirilən islahatlar makroiqtisadi vəziyyətin sabitləşməsinə, dayanıqlı büdcə siyasətinin aparılmasına münbit şərait yaradıb: "Bunun hesabına sosial məsələlərin həlli mümkün olub. Etiraf etmək lazımdır ki, son iki-üç il Azərbaycan üçün çox ağır və sınaq illəri olub. Həmin illər ərzində biz müəyyən xərclərə getməli idik".
"Maliyyə-bank sektorunda yaranmış problemlərin həlli üçün böyük məbləğdə vəsait xərclənib. Bizim borcumuz xarici valyutada götürülür. ÜDM isə 3 il bundan əvvəl manatla ifadə olunurdu, məzənnə də bəlli idi. Devalvasiyadan sonra bizim ÜDM dollarla ifadədə azalıb. Xarici borcumuzun ÜDM-ə nisbəti iki dəfə artıb" — nazir əlavə edib.
BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.
İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.
Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.
“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.
Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:
“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.
Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.
12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.
Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.