Kredit ödənişi

Vətəndaşın gözlədiyi təkliflər verildi, bəs kredit faizləri aşağı salınacaqmı?

438
(Yenilənib 16:28 28.06.2018)
"Banklar öz gücləri hesabına problemli kredit məsələsini həll edə bilmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Bank faizlərinin yüksək olması Azərbaycan cəmiyyətini hər zaman narahat edən və ciddi fəsadlara səbəb olan problemlərdən biridir. Ötən günlərdə bu məsələ ilə bağlı Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov da açıqlama vermişdi.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

O bildirmişdi ki, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır: "Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır".

Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib. Natiq Cəfərli deyib ki, Elman Rüstəmov kreditlərin yüksək faizlə verilməsində Mərkəzi Bankın özünün də atdığı addımların önəmli rol oynadığını qeyd etməyib: "Çünki təcrübə göstərir ki, istənilən ölkənin Mərkəzi Bankının uçot dərəcəsi faizlərin formalaşmasında önəmli rol oynayır".

"Amma Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi ilə faizlər arasındakı koordinasiya demək olar ki, itib. Hətta Mərkəzi Bank 3 il bundan öncə çox aşağı faiz dərəcəsi elan edəndə, yəni uçot dərəcəsi cəmi 3 faiz olanda belə, banklarda faiz dərəcələri çox yüksək olub" — ekspert bildirib.

Onun sözlərinə görə, risk menecmenti kreditləri indiyədək geri qaytarılmayan kreditlərin həcminin kifayət qədər artdığına görə bahalaşdırıb: "Banklar öz gücləri hesabına problemli kredit məsələsini həll edə bilmirlər. Banklar məcbur olurlar ki, kredit faizlərini daha da yüksəldərək müştərilərdən qazanılan əlavə vəsait hesabına problemli kreditlərdə itirdiklərini bərpa etsinlər. Və yaxud da müəyyən bir hissəsini geri qaytarsınlar".

İqtisadçının fikrincə, risk menecmenti təkcə bankların üzərinə qoyulası məsələ deyil: "Dünyanın hər yerində təkcə depozitlərin yox, kreditlərin də sığortalanması məsələsi var. Azərbaycanda bu, demək olar ki, işləməyən mexanizmdir. Verilən kreditlərin heç bir sığortası olmur. Vətəndaş kreditlərin geri qaytarılmasında yaranan çətinliklərdən sığortalanmır. Banklar da bu sığorta hesabına geri qaytarılmayan kreditləri yenidən bərpa etmək imkanından məhrumdur. Ona görə də kreditlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir".

Ekspertin qənaətincə, digər bir məsələ isə birbaşa Mərkəzi Bankdan asılıdır: "Xarici bankların birbaşa Azərbaycana çıxışı kifayət qədər məhduddur. Bu da böyük problemdir və kreditlərin bahalaşmasına səbəb olur. Məsələn, Azərbaycanda Avropa və ABŞ banklarının birbaşa fəaliyyət göstərməsi mümkün deyil. Bu, Mərkəzi Bankın apardığı siyasətlə əlaqədardır".

Cəfərli vurğulayıb ki, Mərkəzi Bank xarici bankların birbaşa Azərbaycan bazarına girməsinə şərait yaratmağa çalışmalıdır: "Bu zaman onların kredit faizlərini daha aşağı çəkəcəyini görəcəyik. Yerli banklar da məcburən kredit faizlərinin aşağı çəkilməsində maraqlı olacaq ki, rəqabətə davam gətirə bilsinlər. Yəni, burada Mərkəzi Bankın görəcəyi çox işlər var".

"Çox təəssüf ki, Mərkəzi Bank üzərinə düşən məsuliyyəti üzərindən atmaq və bütün yükü, məsuliyyəti bankların üzərinə yönləndirmək istəyir. Məncə, bu da doğru yanaşma deyil" — deyə ekspert bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov isə Sputnik Azərbaycan-a açıqlamasında əvvəlcə Elman Rüstəmovun hazırda banklarda 6,5 milyard manatdan çox vəsait olması ilə bağlı fikrinə münasibət bildirib: "Bu vəsaitlərin də əksəriyyəti, 70 faizdən çoxu sağlam banklarda yerləşib. Sual qoyulur ki, bəs, niyə bu, iqtisadiyyatın kreditləşməsinə yönəlmir?"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov
© Photo : UNEC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov

M.Bərxudarovun fikrincə, risklər yenə də mövcuddur: "Yəni bankların verdiyi kreditin qaytarılması riski yenə də var. Ümumiyyətlə, Azərbaycanda ortalama biznes rentabelliyi 5-7 faiz arasındadır. Belə rentabellik olan yerdə bugünkü bank faizləri ilə kredit verilmə, əvvəlcədən də aydındır ki, müəyyən risklər ilə qarşılaşacaq. Bu nöqteyi-nəzərdən Azərbaycanda kredit siyasətinin nə qədər yumşaldılmasına baxmayaraq, yenə də bu istiqamətdə risklər yüksək olaraq qalır".

Onun sözlərinə görə, güzəştli kreditlərin verilməsinə böyük ehtiyac duyulur: "Əksər kreditlər biznes kreditlərinə yönəldilməlidir. İstehlak kreditləri ilə biznes kreditləri arasındakı balans biznes kreditləri istiqamətində dəyişməlidir. Və biznes kreditləri də uzunmüddətli aşağı faizlə verilməlidir. Belə olan təqdirdə risklər azalacaq, konkret istiqamətlərdə kreditləşmə baş verəcək, risklər də özü-özlüyündə aşağı düşəcək".

438
Teqlər:
Mənsur Bərxudarov, sığorta, Sputnik Azərbaycan, Elman Rüstəmov, Natiq Cəfərli, faiz, ekspert, iqtisadçı, Mərkəzi Bank, kredit, Azərbaycan, bank
Əlaqədar
Elman Rüstəmov kredit faizlərinin nə vaxt aşağı salınacağının anonsunu verdi
Ekspert: “İpoteka kreditlərinin faiz dərəcələri azaldılmalıdır”
İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır
İpoteka krediti alanlar üçün yeni xəbər: Hökumət qaydaları dəyişdi
Bağlanmış bankın kreditorlarına müraciət edildi

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

21
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

21
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Neft buruğu, arxiv şəkli

Dünyada neft bahalaşır

13
(Yenilənib 13:42 05.12.2020)
Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

 

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 49,68 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 49,25 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 46,26 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

13
Teqlər:
"AzeriLight" markalı neft, "Brent" markalı neft, bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

0
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

0
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ