Bakı-Tbilisi-Ceyhan neft kəməri

Neft dünya ölkələrini yenidən çalxalayır, İran "rinqin küncünə" sıxışdırıldı

591
(Yenilənib 15:51 25.06.2018)
"İranın neft həcmlərinin bazardan çıxarılması məsələsi gündəmə gələ bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. İranın kəskin etirazına baxmayaraq, Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

Qeyd edək ki, Vyanada keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında hasilatın gündəlik 1 milyon barel artırılması ilə bağlı qərar qəbul olunub. İranın neft naziri Bijan Zanqane iclası tərk edərək yekun müqaviləni imzalamayacağını deyib.

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban

Hasilatın gündəlik 1 milyon barel artırılması ilə bağlı ilkin razılığa gəlinməsi məsələsini Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a şərh edib. O bildirib ki, gündəlik hasilatın hansı həcmdə olacağı hələlik bəlli deyil.

"Səudiyyə Ərəbistanı hasilatın gündəlik 1 milyon barel, Rusiya isə 1,5 milyon barel artırılmasını təklif edir. Bununla bağlı son qərarı verəcəklər" — o deyib.

"İran niyə bu təkliflə razılaşmır?" sualını isə ekspert belə cavablandırıb: "İran hiss edir ki, ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiya yavaş-yavaş özünü göstərir. Əgər OPEC-in hesabatına nəzər salsaq, görərik ki, may ayının nəticələrinə görə, İranın ixracı artıq 300 min barel azalıb. Yəni 2,8 milyon bareldən 2,5 milyon barelə düşüb. Bu, İranın hasilatı azaltmasının nəticəsi deyil, sadəcə İranın neftini almayıblar".

"Bundan öncə də aprel ayında məlumatlar vardı ki, artıq Cənubi Koreya, Uzaq Şərqdəki ölkələr əlavə mənbələrdən neft axtarışına və İrandan alınacaq neft həcmlərini azaltmağa başlayıb. Bu, özünü təcrübədə göstərib" — iqtisadçı vurğulayıb.

İ.Şabanın fikrincə, İranı da qıcıqlandıran odur ki, bunlar hasilatın artırılması ilə bağlı qərar qəbul edirlərsə, ABŞ-ın sanksiyalarına faktiki olaraq dəstək nümayiş etdirirlərsə, deməli, İranın neft həcmlərinin bazardan çıxarılması məsələsi gündəmə gələcək: "Və bu, reallıqda cari ilin sonunda olmalıdır. Çünki may ayında ABŞ sanksiyaları tətbiq edərkən 180 gün ərzində bunun reallaşması məsələsi ortalıqda var idi".

Müsahibimizin sözlərinə görə, ölkələr yavaş-yavaş, tədricən İrandan alınan neft həcmlərini azaltmalı idi: "Necə ki, 2011-2015-ci illərdə bu, təcrübədə tətbiq edilib. Ona görə də İran Vyanada keçirilən Monitorinq Komitəsinin iclasını tərk edib. İranın bazara təsir gücü də yoxdur".

"Səudiyyə Ərəbistanı ilə Rusiya niyə gündəlik hasilatı artırmaq istəyirlər?" sualına cavabında ekspert burada iki məsələnin olduğunu deyib: "Birincisi, İranın kvotalarını bölüşdürürlər. İkincisi isə, hasilatın artırılmasının obyektiv səbəbləri var. Məsələn, OPEC üzvü olan Venesuelada hasilat 2 dəfə azalıb, Liviyada hasilat aşağıdır və s. Dünyada tələbat artır və bu, ödənilməlidir. Neft qıtlığı yaranarsa, qiymətlərin yenidən yüksək bir həddə çatması gündəmə gələr. Bu isə neft satışının azalması deməkdir. Və bu, hasilatçı ölkələrin marağında deyil".

Qiymətlərə gəlincə, Şaban bildirib ki, hazırda neftin bir bareli 74 dollar ətrafındadır və artıma doğru gedir: "OPEC-in qərarından sonra qiymət 75 dollaradək qalxa bilər. Ondan sonra isə yenidən qiymətin bir qədər azalması mümkündür. Çünki hesab edirlər ki, hazırkı qiymətlər yüksəkdir".

"İstənilən halda neftin qiymətinin 70 dollar ətrafında olacağı gözlənilir. Çox aşağı düşməsi isə real görünmür. Hazırda neftə olan tələbat bazarda kifayət qədərdir. ABŞ-da hasilatın azalması da bazara öz təsirini bu günlərdə göstərməlidir" — ekspert əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib ki, gündəlik 1 milyon barel nominal dəyərdir və bütün ölkələrin buna cavab verməməsi səbəbindən təsiri daha az olacaq.

591
Teqlər:
barel, etiraz, İlham Şaban, İran, Səudiyyə Ərəbistanı, OPEC, ekspert, Rusiya, hasilat, neft
Əlaqədar
Azərbaycanın neft ehtiyatının həcmi açıqlandı
Ekspert: “Neftin qiyməti 100 dolları keçəcək”
Prezident Dövlət Neft Fondu barədə qərar verdi
Neft ölkələrinə şad xəbər
İlkin neftimizin dünyaya çıxarılması
Ekspert: “Neftin qiymətindəki artımlar geosiyasi amillərlə bağlıdır”
Quş ferması, arxiv şəkli

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

8
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

8
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

9
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0