Dollarlar

Yenə "dollar seli" yaxınlaşır, Mərkəzi Bank həssas qərar verməli olacaq

18802
(Yenilənib 13:51 21.06.2018)
"2018-ci ilin avqust, noyabr və dekabr aylarında dollara tələb daha çox artacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. "Bu ilin ilk 4 ayında Azərbaycanda dollara olan tələbin artması müşahidə olunub. Dollara olan tələbin artması büdcə xərcləmələrinin artması ilə də bağlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramov
Vüqar Bayramov

Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi 2017-ci ilin dövlət büdcəsi ilə müqayisədə 3 milyard manat çoxdur: "3 milyard manat əlavə vəsaitin dövriyyəyə buraxılması xarici valyutaya olan tələbin artmasına gətirib çıxarır. Çünki ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi pilot layihələrin maliyyələşdirilməsi üçündür. Bu da idxalın artmasına səbəb olur. İdxalın artması da nəticədə xarici valyutaya tələbinin artmasına gətirib çıxarır".

Ekspert bildirib ki, hərraclardakı satışa diqqət yetirsək, satışda ciddi artım olduğunu görərik: "Məsələn, 2018-ci ilin yanvarında Dövlət Neft Fondu tərəfindən hərraclarda 584 milyon 800 min ABŞ dolları satılıb. Yəni hərraclarda 585 milyona yaxın ABŞ dolları banklar tərəfindən alınıb və vətəndaşlara, biznes qurumlarına satılıb. 2018-ci ilin fevral ayında 299 milyon dollar hərraclarda satılıb. 2017-ci ilin yanvar ayında isə bu rəqəm cəmi 285 milyon dollar olub".

İqtisadçının sözlərinə görə, 2018-ci ilin mart ayında dollara olan tələbin artması müşahidə olunub: "Bu ilin martında hərraclarda 647 milyon dollar satılıb. 2017-ci ilin martında isə bu göstərici 250 milyon dollar təşkil edib. 2018-ci ilin aprel ayında 802 milyon dollardan çox, ötən ilin aprelində isə 221 milyon dollar vəsait hərraclarda satılıb".

"Göründüyü kimi, aylar üzrə, eləcə də bütövlükdə geridə qalan ayları 2017-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə kəskin artımlar olduğu görünür. Təkcə, 2018-ci ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və ya 317 milyon dollara yaxın dollar satılıb. Bu da dollara olan tələbin artmasından xəbər verir".

V.Bayramov bildirib ki, ABŞ dolları ilə həyata keçirilən nağd hesablaşmalarda da artımlar var: "2018-ci ilin yanvar ayında 196 milyon ABŞ dolları ilə nağd tranzaksiya (hər hansı məqsəd üçün icra olunan bank əməliyyatı) olub. 2017-ci ilin yanvarında isə bu göstərici 62 milyon dollar olub. 2018-ci ilin fevral ayında 224 milyon dollardan artıq nağd tranzaksiya olub. 2017-ci ilin fevralında bu isə 122 milyon dollar təşkil edib. Cari ilin mart ayında 176 milyon dollardan çox nağd tranzaksiya olub. 2017-ci ilin martında isə 91 milyon dollar olub".

"Baxın, məhz ABŞ dolları ilə nağd tranzaksiyalarda da kifayət qədər böyük fərq var. Bu, ondan xəbər verir ki, dollara tələbin artması müşahidə olunub. İdxalın artması dollara tələbin artmasını şərtləndirən əsas səbəblərdən biridir", — iqtisadçı əlavə edib.

Ekspertin fikrincə, qiymətləndirmələr göstərir ki, 2018-ci ilin avqust, noyabr və dekabr aylarında dollara tələb daha çox artacaq: "Xüsusən noyabrın ikinci yarısı və dekabr ayında Azərbaycanda dollara tələbin artacağı gözləniləndir".

İqtisadçı-ekspert Cəfər İbrahimli
© Photo : ŞƏXSİ ARXİV
İqtisadçı-ekspert Cəfər İbrahimli

Bayramovun dediyinə görə, bunun məzənnəyə necə təsir edəcəyi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq: "Biz hələlik dollara tələbin artmasını proqnozlaşdırırıq. Amma məzənnənin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma əvvəlki aylarla bağlı rəqəmlər göstərir ki, Azərbaycanda dollara tələbin hiss edilən dərəcədə artması müşahidə edilməkdədir".

İqtisadçı-ekspert Cəfər İbrahimlinin Sputnik Azərbaycan-a şərhinə görə isə, qısa dönəmdə rubl və lirənin dəyər itirməsinin manat üzərində basqı yaradacağını düşünənlər təkrar dollar alışına başlayıblar: "Əsasən alış istiqamətli tələb əməliyyat həcmini artırıb. Rusiya və Türkiyədə baş verən iqtisadi və siyasi hadisələr dollara tələbin artmasına təkan verib".

Qeyd edək ki, Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

18802
Teqlər:
Cəfər İbrahimli, tələb, Sputnik Azərbaycan, ekspert, iqtisadçı, Vüqar Bayramov, Azərbaycan, dollar
Əlaqədar
Dolların sabaha gözlənilən məzənnəsi bəlli oldu
Bu qərar dolların taleyinə təsir edəcək
Bu gün dolların məzənnəsinə təsir edəcək qərar gözlənilir
O, manatı da sıradan çıxaracaq, dolları da - Yeni dalğa gəlir
Ekspert dolların bahalaşmasından danışdı
Neft Fondunun binası, arxiv şəkli

Neft Fondundan dövlət büdcəsinə köçürülən pulların məbləği açıqlandı

18
(Yenilənib 17:49 25.01.2021)
Azərbaycan Respublikası Dövlət Neft Fondu indiyədək Mərkəzi Banka transfertləri barədə məlumat yayıb.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

Sputnik Azərbaycan ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.

18
Teqlər:
dövlət büdcəsi, Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Fondu, Dövlət Neft Fondu
Neft buruğu, arxiv şəkli

Sərf etməyən perspektiv: Qiymət yenə düşəcək

145
(Yenilənib 15:53 25.01.2021)
Xəzər Universitetinin professoru neftin qiyməti ilə bağlı proqnoz verib, neft bazarında baş verən prosesləri şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır. 

Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:

"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".

Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.

 Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".

Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".

"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.

145
Teqlər:
dünya, Azərbaycan, qiymət, qaz, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0