Əmək haqqı vergisi

Vətəndaşların üzərindən böyük yük götürüləcək - Nazirin təşəbbüsü dəstəkləndi

19257
(Yenilənib 13:33 08.06.2018)
"Qeyri-rəsmi məşğulluğun əsas səbəblərindən biri əməkhaqqı vergilərinin yüksək olmasıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Son dövrlərdə Azərbaycanda vergilərlə bağlı müxtəlif müzakirələr aparılır. Xüsusilə vergilər naziri Mikayıl Cabbarovun bəzi təklifləri cəmiyyətdə müsbət qarşılanıb.

"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, dövlət başçısının tapşırığına əsasən, vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əməkhaqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur", — deyə nazir ötən günlərdə açıqlama verib.

İqtisadçı-ekspert Rəşad Həsənov əməkhaqqından ödənilən vergilərin azaldılması ilə bağlı təklifi Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, Azərbaycanda vergi yükü kifayət qədər çoxdur və qeyri-qanuni əmək bazarının formalaşmasında əsas problem də məhz gəlirlərdə fiskal yükün, öhdəliyin yüksək olmasıdır.

"Növbəti dövrdə qeyri-leqal əmək bazarı ilə mübarizənin gücləndirilməsi, əmək bazarında hüquqi münasibətlərin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatı ilə mübarizədə nəticələrin əldə edilməsi nəzərdə tutulursa, bu zaman görüləcək ilk iş vergi yükünün azaldılmasıdır" — iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, hazırda ölkədə birbaşa olaraq gəlirlərdən vergi öhdəliyi 14 faizdir: "22 faiz sahibkarın, 3 faiz işçinin hesabına olmaq şərtilə 25 faiz isə məcburi sosial sığorta ödənişidir. 1 faiz də ümumilikdə işsizliyə görə sığorta öhdəliyidir. Bu, kifayət qədər ciddi rəqəmdir".

"Əməkhaqqı büdcəsinin, təxminən 40 faizini əhatə edir. Bu şərtlər daxilində biz sahibkarlardan əmək münasibətlərinin leqallaşdırılması, işçilərlə əmək müqaviləsinin bağlanması kimi tələbləri irəli sürəndə qeyri-ciddi görünür. Ona görə də düşünürəm ki, təşəbbüs müsbətdir. Vergi yükünün, öhdəliyin azaldılmasına ehtiyac var", — deyə R.Həsənov vurğulayıb.

Onun fikrincə, ancaq əməkhaqqına vahid vergi yükünün tətbiq edilməsi doğru olmazdı: "Çünki ümumiyyətlə, sosial dövlətlərdə gəlir bərabərsizliyinin müəyyən qədər azaldılması məqsədilə vergi siyasəti ilə manevr edilir. Yəni burada vergi gəlir bərabərsizliyinin azaldılmasında bir alətdir. Bu alətdən hər zaman istifadə olunmalıdır. Bu, daha çox əməkhaqqı və yaxud gəlir əldə edənlərdən daha çox verginin tutulması məsələsidir".

"Əməkhaqqına vahid vergi yükünün tətbiq edilməsi indiki halda doğru deyil. Ciddi gəlir bərabərsizliyi var. Vergi öhdəlikləri yerinə yetirilərkən fərq qoyulmasına ehtiyac var. Amma istənilən halda ümumi vergi yükünün azaldılması əsas prioritetlərdən biri olaraq qalmalıdır", — deyə R.Həsənov vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda vergilərin kifayət qədər yüksək olduğunu deyib: "Dünya Bankının "Doing Business" hesabatında da bu gün Azərbaycanda firmaların ödədiyi vergilərin kifayət qədər yüksək olduğu göstərilib. Yəni firmaların ödədiyi vergilərin mənfəətdəki payı, təxminən, 39-40 faizə yaxındır. Bunun da önəmli hissəsi gəlir vergisi və sosial müdafiə ilə bağlı olan ödəmələrdir".

E.Bağırzadə vurğulayıb ki, Azərbaycanda təhlillər də məhz əməkhaqqı vergilərinin yüksək olmasının qeyri-rəsmi məşğulluğun əsas səbəblərindən biri olduğunu göstərir: "Yəni əməkhaqqı vergiləri deyəndə həm sosial vergilər, həm də gəlir vergisi nəzərdə tuturuq. Bu, çox yaxşı haldır ki, vergilər naziri belə bir təşəbbüslə çıxış edib. Bu, ilk növbədə həm vergi yükünü, həm də müəyyən qədər bürokratiyanı, yəni, inzibati yükü azaldacaq".

"Artıq sahibkarlar işçi ilə bağlı ödədikləri vergini konkret hansı quruma ödəyəcəklərini və hansı sənədləri təqdim edəcəklərini biləcəklər. Dünya təcrübəsində bu, bütün işçiləri əhatə edir. İqtisadi baxımdan yanaşsaq, düşünürəm ki, bu, dövlət sektorunda çalışanları hökmən əhatə etməlidir", — ekspert qeyd edib.

Vergilər naziri Mikayıl Cabbarov onu da vurğulayıb ki, müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır: "İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə töhfəsini verməlidir".

19257
Teqlər:
vergilər naziri Mikayıl Cabbarov, Rəşad Həsənov, əmək haqqı, Sputnik Azərbaycan, Elşən Bağırzadə, gəlir, İqtisadçı-ekspert, faiz, vergi, Azərbaycan
Əlaqədar
Azərbaycanda vergi yükü azaldılır - Şad xəbər
Vergi ödəyicilərinin nəzərinə - Nazirlik müraciət etdi
Yeni vergi növü narazılıqlara səbəb olub: Bu, ikiqat vergiyə cəlb olunma deməkdir
Vergi ödəyiciləri üçün şad xəbər
Azərbaycanlı sahibkarlar üçün sevindirici xəbər: Gömrük və Vergilər...
Vergilər nazirindən şad xəbər: "Prezident tapşırıq verdi ki..."
Kalkulytor və qələm, arxiv şəkli

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

45
(Yenilənib 20:17 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

45
Azərbaycan manatı, arxiv şəkli

Prezident 190 manatla bağlı göstəriş verdi

191
(Yenilənib 16:48 06.08.2020)
600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur

BAKI, 6 avqust — Sputnik. "Azərbaycanda iqtisadi və sosial məsələlər öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

"Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".

191
Ekronaplan Lun, arxiv şəkli

"Xəzər canavarı"nın dirçəlişi: olmaq, ya da olmamaq

0
(Yenilənib 19:57 06.08.2020)
Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun" ekranoplanının ilk uçuşu 1985-ci ildə baş tutub.

BAKI, 6 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ağır döyüş ekranoplanları yaxın zamanlarda Rusiyanın Hərbi Dəniz Qüvvələrinə qayıdacaq – ən yeni variantda, qanadlı raketlərlə. Onlar həm doğma sahillər yaxınlığında, həm də planetin ən ucqar regionlarında, istənilən iqlim şəraitində, baza infrastrukturu olmadan fəaliyyət göstərə biləcəklər.

Dünyada yeganə Rusiya istehsalı olan "Lun" raketli ekranoplanı iyulun 31-də Kaspiysk şəhərindən Dərbəndə yola düşüb.

34 il bundan əvvəl Nijni Novqorodda tikilmiş "Lun" ekranoplanı uzun müddət sınaqdan keçirildikdən sonra 1991-ci ildə sınaq istismarı üçün Xəzər Donanmasına təhvil verilib. "Lun" ekranoplanı 903 layihəsi çərçivəsində qalan yeganə ekranoplandır. Amma ekranoplanlar tarixə qovuşmadılar.

Yüksək sürəti (500 km/saat) və aşağı uçuş hündürlüyü (7-10 metr) sayəsində, raket daşıyıcı ekranoplanlar minlərlə kilometr məsafəni radara görünmədən qət edərək gözlənilməz istiqamətlərdən düşmənin hərbi-dəniz bazalarına və ya təyyarə hücum qruplarına yaxınlaşa və zərbə vura bilər.

Yeni ekranoplanlar hərbi dəniz donanmasının döyüş imkanlarını genişləndirməyə imkan verəcək. Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma İdarəsinin rəisi, 1-ci ranq kapitanı Vladimir Tryapiçnikov bəyan edib ki, ekranoplanların inkişafı 2050-ci ilədək gəmi tikintisi proqramına daxil ediləcək. Rusiya Müdafiə Nazirliyi yeni ekranoplanların yaradılması üçün taktiki-texniki tapşırıq formalaşdırıb, təcrübə-konstruktor işləri aparılır. İlkin məlumatlara görə, yeni ekranoplan 2022-ci ildə havaya qalxacaq.

Mediada "Xəzər canavarı"nın (Qərbdə bu ekranoplanı böyük ölçülərinə və fantastik zahiri görünüşə görə belə adlandırıblar) dirçəlişi fəal şəkildə müzakirə olunur. Nə ABŞ-ın "National Interest", nə də Çinin "Sohu" nəşri mövzudan yan keçib.

Elmi-texnoloji və istehsalat bazası mövcuddur – Rusiya çoxməqsədli ekronoplanların inkişafında Qərb ölkələrini xeyli qabaqlayıb. Belə ki, "Lun" hələ 29 il əvvəl yaxşı uçurdu və raket atışlarını həyata keçirirdi. 1990-cı illərin sonlarından ABŞ-da layihələndirilən və yükgötürmə qabiliyyəti 1200 ton olan "Boeing Pelican" yük ekranoplanı isə (17 ədəd "Abrams" tankını daşımaq üçün nəzərdə tutulub) hətta prototip şəklində istehsal edilməyib.

Bəs bu gün Rusiya Hərbi Dəniz Donanmasının döyüş ekranoplanlarının dirçəldilməsi perspektivləri necədir?

Xüsusiyyətləri

Çoxməqsədli ekranoplanlar yaxın gələcəkdə yeni yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərin, pilotsuz zərbə təyyarələrinin, elektromaqnit topların, ağır torpedaların yaradılması və tətbiqi üçün əsas ola bilər.

Zərbə ekranoplanları çevik reaksiya vasitəsi kimi Rusiyanın qütbarxası zonasını səmərəli şəkildə patrul edə bilər.

Desant (yük) modifikasiyasında bu aparatlar hərbi qulluqçuları silah və zirehli texnika ilə birlikdə əhəmiyyətli məsafəyə operativ şəkildə çatdırmağa imkan verəcək. Yeni ekranoplanlar düşmən radarları üçün demək olar ki, görünməzdir, səmərəliyi və yükgötürmə qabiliyyətinə görə təyyarə və helikopterlərdən, sürət baxımından isə hava yastıqlı gəmilərdən üstündür. Ekranoplanlar gücünü münaqişə zonasından uzaq məsafədə ("Çayka-2" – 5000 km-ə qədər) göstərə bilir və döyüşdə Rusiyanın imkanlarını artırmağa kömək olur.

"National Interest" nəşrinin məlumatına görə, yeni A-050 "Çayka-2" ekranoplanı "Xəzər canavarı"nın reinkarnasiyasıdır və Arktika da daxil olmaqla, sahilyanı ərazilərdə sərnişinlərin (100 nəfərə qədər) və yüklərin daşınması üçün (Alekseyev adına Nijni Novqorod Mərkəzi Konstruktor Bürosunda) yaradılır. Müxtəlif yükgötürmə qabiliyyətinə malik "qanadlı gəmilərin" bütöv bir seriyası yaradılır. Onlar 2022-ci ildən gec olmayaraq səmaya qalxacaqlar.

Bir müddət əvvəl isə Çin öz ordusu üçün bir neçə "Çayka" ekranoplanının alınması ilə bağlı danışıqlara başlayıb.

Aerodroma ehtiyacı olmayan aviasiya kimi ekranoplanlar dinc dövrdə də faydalıdır. Belə ki, Rusiyanın "Ekolen" təşkilatı "Xəzər canavarı"nın mülki analoqunu yaradır. Bu ekranoplan təyyarə sürəti ilə uça bilir və 750 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Ekranoplan dəniz və çaylarda, tundrada və səhrada istismar üçün uyğundur. Ekranoplanın qalxması və oturması üçün yalnız kifayət qədər ölçüləri olan su akvatoriyası və ya düz səthli torpaq sahəsi lazımdır.

İşləmə prinsipi

Ekranoplan işləmə prinsipi belədir: çox aşağı hündürlükdə uçuş zamanı hava axını qanadın altında sıx "hava yastığı" yaradır. Aparat dəniz, buz və qarla örtülmüş ərazi və ya çöl üzərində qalxaraq 500 km/saata qədər sürətlə uçur. "Çayka-2" 10 tona qədər ağırlığı qaldırır.

Alekseyev adına Nijni Novqorod Konstruktor Bürosu həmçinin ekranoplanın ağır versiyasının – 100 tonluq uçuş kütləsi olan A-080 "Çayka-3" üzərində işləyir. Perspektivli maşın Rusiya istehsalı olan müasir avionika və naviqasiya-pilotaj kompleksinə malik olacaq. O, beş dərəcə maili olan sahilə çıxa, suda və aerodromda otura biləcək.

Hətta köhnə "Lun" ekranoplanı texnoloji cəhətdən böyük təəssürat yaradır. O, 450 km/s sürətlə 3 metrdən 500 metrə qədər yüksəklikdə 2000 km-dən çox məsafəni qət edə bilir. Ölçülərinə baxmayaraq bu ekranoplan nəqliyyat təyyarəsindən beş dəfə az yanacaq sərf edir.

"Lun" yalnız görünüşü ilə özünə hörmət yaradır. Onun korpusunun ön hissəsində, pilonda 8 mühərrik yerləşir. Onların ucluqları ekran effektini artırmaq üçün bucaq altında suya istiqamətlənib. Ekranoplanın füzelyajında üç cüt gəmi əleyhinə ZM-80 "Moskit" raketi quraşdırılıb. "Lun"un uzunluğu təxminən 74 metrdir. 44 metr uzunluğu və 550 kvadrat metr sahəsi olan qanadları 380 ton maksimum uçuş kütləsi olan cihazın kosmik görünüşünü tamamlayır.

Döyüş təyinatına gəlincə, onun üç ədəd "Moskit" raketi (yaylım atəşi ilə maksimal sürəti 2,8 Maxdır) bir aviadaşıyıcını məhv etmək üçün kifayətdir.

Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun"un ilk uçuşu 1985-ci ildə baş tutub. Böyük yükgötürmə, quru və buz üzərində uçmaq (həmçinin böyük yüksəkliklərdə uçmaq) qabiliyyəti ilə birlikdə yüksək sürəti və çevikliyi onun inanılmaz imkanlarını təmin edir.

"Lun" və "Orlenok" ekranoplanları raketlərin və desant qüvvələrinin çatdırılması üçün uyğunlaşdırılıb. "Orlenok" desant ekranoplanı kiçik ölçülü olub qoşunların və texnikanın sürətli daşınması üçün nəzərdə tutulub. SSRİ-nin dağılmasından sonra bu aparatların istehsalı dayandırılıb (həmin vaxta qədər 903 layihəsinin ikinci "Lun"u 95 faiz hazır idi) və döyüş qabiliyyətli "aviadaşıyıcı qatili" Xəzər sahilində yan aldı.

0