Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi barədə tapşırıq verdi

© Photo : AZƏRTACPrezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev: "Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq"

BAKI, 5 iyun — Sputnik. "Azərbaycanın ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agropark”ın açılışında aqroparkın kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində bu aqroparkın çox böyük rolu olacaq: "Dövlət öz dəstəyini növbəti dəfə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycanda aqroparkların yaradılması dövlət xətti ilə həyata keçirilir. Dövlət özəl sektora daim diqqət və dəstək göstərir. Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilmişdir. Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. Bu texnikanın bir hissəsi burada nümayiş etdirilir. Bu, dünyanın ən aparıcı şirkətinin texnikasıdır. Dövlət xətti ilə 40-dan çox texnika gətirilmiş və bu aqroparka lizinqə verilmişdir. Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaqdır. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaqdır". 

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilən hərbi şəhərcik - Sputnik Azərbaycan
İlham Əliyev hərbçilər üçün yaradılan şəraitlə tanış oldu

Prezident İlham Əliyev qeyd edib ki, bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır: "Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri — ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq. Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq".

"Bu aqroparkın yaradılması məni çox sevindirir. Çünki bu gün biz siyasətimizin real nəticələrini görürük. Bu, bir daha göstərir ki, biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda. Baxın, son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Goranboy rayonunda bir neçə yol layihəsi icra edilmişdir. Onlardan ikisi bu gün açılır. Bütövlükdə bu layihələrin icrası nəticəsində artıq rayon əhalisinin 60 faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni əhatə edəcək. Beləliklə, demək olar ki, Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən qurulacaqdır. Goranboy rayonunda elektrik xətləri çəkilib, elektrik təchizatı həll olunub, iki yarımstansiya inşa edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, içməli su təchizatı məsələsi hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən sonuncu dəfə burada olarkən biz içməli su layihəsini istifadəyə verdik. Suvarma ilə bağlı işlər yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar torpaq suvarma suyu ilə təmin ediləcəkdir. Şəmkirçay su anbarının tikilməsi nəticəsində yaranmış o süni gölün potensialından istifadə edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir. Yəni, Goranboy rayonunun timsalında görülən işlərin mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur layihələri, sosial infrastrukturla bağlı layihələr demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb təmir edilib və tikilibdir. Hazırda 130 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir. Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər istifadəyə verilməlidir. Yəni, bütün bu işlər onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf edir. Bütün regionlar inkişaf edir. Regionların kompleks inkişaf konsepsiyası həyatda öz əksini tapır. İş yerləri, yerli istehsal yaradılır. Bir daha deyirəm ki, dünyanın bir nömrəli şirkətinin texnikası bu gün Goranboydadır, ölkəmizin hər bir yerindədir. Biz son illər ərzində kənd təsərrüfatı üçün minlərlə texnika almışıq və yenə də alacağıq. Bir daha demək istəyirəm ki, bu aqroparkın yaradılması bizim uğurlu siyasətimizin təzahürüdür, onun göstəricisidir", — dövlət başçısı vurğulayıb. 

Xəbər lenti
0