Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

Riskli vəziyyət: Banklar tərəddüd, vətəndaşlar ehtiyat edir

366
(Yenilənib 15:34 25.05.2018)
Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin həcmi niyə azalıb?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Mərkəzi Bank tərəfindən 2017-ci ildə banklara 400 milyon 869 min manat kredit verilib. Bu, 2016-cı illə müqayisədə 3 milyard 660 milyon 493 min manat və ya təxminən 10 dəfə azdır.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Banklara verilən kreditlərin azalması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bunun kreditlərə tələbin olmaması fonunda baş verdiyini deyib: "Tələbin olmamasına görə Mərkəzi Bank məcburən banklara daha az kredit verməli olub. Banklar tələb olduğu təqdirdə Mərkəzi Bankdan kredit götürür və üzərinə əlavə faiz qoyub bazara təklif edir".

"Amma bu gün banklar kredit təklif edə bilmir. Çünki bazarda risk yüksəkdir. Eyni zamanda, bazarda kreditə tələb aşağı düşüb. Bu fonda banklar nə üçün kredit götürməlidir? Bu gün bank sektorunda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinə tələb demək olar ki, yox səviyyəsindədir. Azalmanın əsas səbəbi də budur", – deyə ekspert əlavə edib.

İqtisadçının sözlərinə görə, bu gün banklar kredit verməkdə maraqlı deyil: "Faktiki olaraq bankların kredit portfeli sürətlə kiçilir. 2017-ci il ərzində kredit portfelinin azalması, təxminən 26 faizə çatıb. Banklar da təbii ki, bu pulları, yəni Mərkəzi Banka olan mərkəzləşdirilmiş kredit borclarını geri qaytarır. Çünki banklarda izafi likvidlik var, vəsaitləri Mərkəzi Bankdan faizlə götürürlər. Mərkəzi Bankın da 2017-ci ildə uçot dərəcəsi 15 faiz idi".

"Yəni söhbət yüksək faizlə götürülmüş pullardan gedir. Bu pullar banklar üçün əlavə maliyyə, xərc yükü formalaşdırır. Bank kredit vermirsə, niyə bunu özündə saxlamalıdır və ona görə də geri qaytarır" — müsahibimiz bildirib.

Ekspertin fikrincə, bankların bu gün kreditləşmədə maraqlı olmaması Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinə tələbi aşağı salan əsas faktordur: "Mərkəzi Bankın uçot dərəcəsini ilin əvvəlindən etibarən 2 dəfə azaltmasına baxmayaraq, bu proses bu gün də davam edir. Amma bununla belə, hələlik kredit bazarında canlanma müşahidə olunmur. Çünki bank sektorunda dərin böhran tam aradan qalxmayıb, eyni zamanda müştərilərin kredit qaytarma qabiliyyəti ilə bağlı risklər var".

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bankların yalnız Mərkəzi Bankdan cəlb etdiyi vəsaitlərdə deyil, onların cəlb etdiyi depozitlərin həcmində də azalma var: "Eyni zamanda, kredit portfelində kəskin azalma var. Bu, ondan xəbər verir ki, indiki halda banklar cəlb etdiyi vəsaitin, xüsusən də kreditlərin yerləşdirilməsi çətinliyi ilə üzləşib. Bu, nəticədə bankların fərqli mənbələrdən, o cümlədən Mərkəzi Bankdan cəlb etdiyi vəsaitlərin həcminə təsir göstərib".

Onun sözlərinə görə, yalnız 2017-ci ilin əvvəli ilə müqayisə etsək, bütövlükdə kommersiya banklarının kredit portfelində 5 milyard dollardan çox azalma var: "Əgər 2017-ci ilin yanvarında kommersiya banklarının kredit portfeli 16,7 milyard dollar idisə, bu rəqəm 11,5 milyard dollara qədər azalıb. Kredit portfelindəki azalma 5,2 milyard dollardır. Problemli kreditin həcmi 2017-cilin yanvarı ilə müqayisədə 1 milyard 633 milyondan 1 milyard 700 milyona qədər artıb".

"Kredit portfeli göstərir ki, praktiki olaraq kredit portfeli azalır və problemli kreditlərin həcmi artıb. Bu kontekstdə banklar artıq kreditləşmədə çox ehtiyatlıdır və ehtiyatlı kredit siyasətini davam etdirir. Nəticə etibarilə, təxminən, 1 il ərzində kredit portfelinin 5,2 milyard dollar azalması da ondan xəbər verir ki, banklar artıq kütləvi kreditləşmədə maraqlı deyil. Bu maraq olmadığı üçün də Mərkəzi Bankın vəsaitlərinə tələb azalıb" — V.Bayramov vurğulayıb.

Ekspert bildirib ki, Mərkəzi Bankda vəsait var və banklar müraciət edib mövcud şərtlər daxilində vəsait cəlb edə bilər: "Amma problem ondan ibarətdir ki, banklar cəlb etdiyi vəsaitin yerləşdirilməsində çətinlik çəkir. Bu çətinliklər fonunda banklar nəinki Mərkəzi Bankdan vəsait cəlb etməkdə, hətta depozit portfelini belə, genişləndirməkdə maraqlı görünmür".

Həmsöhbətimizin qənaətincə, depozit faizlərinin azalması da ondan xəbər verir ki, bu gün kommersiya banklarının cəlb etdiyi və ya malik olduğu vəsaitlərin yerləşdirilməsi ilə bağlı ciddi problemlər var.

366
Teqlər:
Rəşad Həsənov, tələb, Sputnik Azərbaycan, təklif, depozit, risk, milyon, ekspert, iqtisadçı, Vüqar Bayramov, Mərkəzi Bank, kredit, bank, manat
Əlaqədar
Ekspert: “İpoteka kreditlərinin faiz dərəcələri azaldılmalıdır”
İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır
Bağlanmış bankın kreditorlarına müraciət edildi
Mərkəzi Bankdan təqdirəlayiq qərar: Kredit faizləri aşağı salınacaq
Vətəndaşlara aşağı faizli spesifik kredit verilməsi təklif olunur