200 manatlıq əskinas

Azərbaycanda yeni pul vahidi buraxılır: 200 manat

4404
(Yenilənib 18:45 23.05.2018)
Bu gün yeni əskinasın təqdimat mərasimi keçirilib

BAKI, 23 may — Sputnik. İyun ayından Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir: "Bu baxımdan 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin, dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi. Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı".

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirildi və tədavülə yeni nəsil pul nişanları buraxıldı. "Vahid ailə" konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirirdi.

200 manatlıq əskinasların təqdimatı
© Photo : REPORT
200 manatlıq əskinasların təqdimatı

12 il müddət keçməsinə baxmayaraq milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.

Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilmişdir. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçildi. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient" şirkətində istehsal olundu.

E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş "Heydər Əliyev Mərkəzi" olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunmuşdur.

Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim etdi. Vurğuladı ki, Heydər Əliyevin və Azərbaycanın Xalq Cümhuriyyətinin yubileyləri arasında rəmzi əlaqə vardır. Azərbaycanın son 100 illik inkişafının uzun bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrdən başlayaraq onun iqtisadi müstəqilliyinin güclü təməlləri yaradılmışdır.

90-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükələrin yarandığı şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddətdə milli həmrəyliyi bərpa etdi, dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatı istiqamətində radikal islahatlara başladı. İqtisadi sahədə əsas prioritet olan makroiqtisadi sabitlik bərpa edildi. Ölkədə iqtisadi idarəetmə mexanizmi yenidən quruldu, yeni institutlar formalaşdı.

Görülən irimiqyaslı tədbirlər nəticəsində ölkədə qısa müddətdə iqtisadi artım bərpa olundu və əhalinin həyat səviyyəsi yüksəlməyə başladı.

Bu dövrdə radikal islahatlardan əlavə ölkənin uzunmüddətli inkişafı üçün həm də güclü bir maliyyə təkanı lazım idi. Mürəkkəb tarixi şəraitdə Ulu Öndərin atdığı ən böyük addımlardan biri neft strategiyası çərçivəsində "Əsrin müqaviləsi"nin imzalanması oldu. Neft strategiyası ölkənin gələcək inkişafında həlledici amilə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının təqdimatı
© Photo : REPORT
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının təqdimatı

Ümummilli liderin hakimiyyətə qayıdışı maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Qəbul olunmuş proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı.

E.Rüstəmov qeyd etdi ki, Ulu Öndərin titanik zəhməti ilə yaradılmış iqtisadi potensial əsasında onun layiqli davamçısı İlham Əliyev "qızıl inkişaf dekadası"na nail oldu. 2003-ci ildən başlayaraq həyata keçirilən "təqibedici" artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artmışdır. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlmiş, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalmışdır. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatmışdır. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.

E.Rüstəmov bildirdi ki, müstəqil siyasətə və əsaslı islahatlar kursuna son prezident seçkilərində "HƏ" deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verdi. Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq.

O, tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Heydər Əliyevin 95 illik yubileyi ölkə miqyasında layiqincə keçirilməkdədir. Mərkəzi Bank da ümummilli liderin adının əbədiləşdirilməsini daim diqqətdə saxlayır. Ümummilli liderə həsr olunmuş xatirə pul nişanlarının buraxılması artıq xoş ənənə halını almışdır. Ulu Öndərin anadan olmasının 80, 85 və 90 illik yubileyləri münasibətilə Mərkəzi Bank tərəfindən müxtəlif qiymətli metallardan hazırlanmış silsilə yubiley pul nişanları tədavülə buraxılmışdır. Bu pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən yüksək maraqla qarşılanmışdır.

Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunmuşdur. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilmişdir. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunmuşdur.

E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim etdi. Bildirdi ki, Möhtərəm Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması haqqında müvafiq sərəncamlar imzalamışdır. Bunlar dövlət səviyyəsində tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1, ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilmişdir. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunmuşdur. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunmuşdur.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında istehsal edilmişdir.

E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kollek¬siya¬larında xüsusi yer tutacağına əminliyini ifadə etdi.

Çıxışının sonunda bir daha qeyd etdi ki, Heydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq. Bu irsin layiqli davamçısı ölkə prezidenti İlham Əliyev öz modernist baxışı ilə Azərbaycanı bundan sonra da parlaq gələcəyə doğru uğurla aparacaqdır.

4404
Teqlər:
təqdimat, əskinas, Azərbaycan Mərkəzi Bankı, manat
Pulun sayması, arxiv şəkli

Rəqəmsal manat iqtisadiyyatımıza verəcək

5
Millət vəkili deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal valyutanın yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə analiz və tədqiqat işləri görülür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əksər inkişaf etmiş ölkələrdə rəqəmsal valyutanın yaradılması ilə bağlı işlər sürətlənib: "Xüsusən kriptovalyutalara marağın artması və onların bazarda payının çoxalması rəqəmsal milli valyutaların yaradılmasına yeni tələb formalaşdırıb. Bu, yeni çağırışlardır. O baxımdan Mərkəzi Bank tərəfindən bu çağırışlara uyğun olaraq tədqiqatların aparılması və növbəti dövrdə Azərbaycanda da rəqəmsal valyutanın yaradılması ilə bağlı işlərin genişləndirilməsi məqsədəuyğun olardı. Mərkəzi Bank bir neçə il öncə ilk dəfə olaraq kriptovalyutaların, o cümlədən bu istiqamətdəki texnologiyanın öyrənilməsi və rəqəmsal valyutanın işlənmə imkanlarının təyin edilməsi məsələlərini öz pul-kredit siyasətinə daxil edib. Bu da ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı da müasir çağırışlara uyğun olaraq gələcəkdə Azərbaycanda rəqəmsal milli valyutanın yaradılması imkanlarını nəzərdən keçirir".

Deputat bildirib ki, rəqəmsal valyutaya növbəti illərdə ehtiyacın olacağı gözlənilir: "Azərbaycanda müasir çağırışlara uyğun olaraq rəqəmsal valyutanın yaradılması istiqamətində Mərkəzi Bank öz işlərini davam etdirməlidir. Bu da vacib məqamlardan biridir. Hazırda bəlkə də rəqəmsal valyutanın yaradılmasına ciddi ehtiyacın olmadığı görünə bilər. Amma növbəti dönəmdə və xüsusən də növbəti illərdə rəqəmsal valyutaya ehtiyac daha yüksək olacaq. O baxımdan Mərkəzi Bankın da məhz bu çağırışlara hazır olması olduqca vacibdir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə rəqəmsal valyutanın emissiya edilməsi və dövriyyəyə buraxılması artıq zərurətdir: "Çünki dünya iqtisadiyyatında mövcud olan trendlər və çağırışlar valyuta emissiyası baxımından rəqəmsallaşmanı vacib edir. Biz görürük ki, pul kütləsinin effektiv idarəolunması ilə bağlı rəqəmsal texnologiyalar olduqca mütərrəqi yanaşmaları göstərir. Bu prosesdən Azərbaycanın kənarda qalması ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyi baxımından ciddi problemlərə səbəb ola bilər. Burada ən önəmli məqam odur ki, bu valyutanın tətbiq edilməsi xaotik şəkildə olmamalıdır, dövlət bunu effektiv idarəetməlidir".

"Məhz dövlətin effektiv şəkildə emissiya və idarə etdiyi rəqəmsal valyuta ölkədə investisiyaların kəskin şəkildə artırılmasına, bu investisiyaların təyinatı üzrə dəqiq və effektiv istifadə olunması üçün şəraitin yaradılmasına xidmət edə bilər. Ona görə də mütləq şəkildə rəqəmsallaşma valyuta emissiyası baxımından reallaşdırılmalıdır. Bu, şəffaflığa və operativliyə xidmət edəcək. Müəyyən çağırışlar var və bu çağırışlar onunla bağlıdır ki, tədricən rəqəmsallaşmaya doğru maliyyə infrastrukturun inkişafı iş yerlərinin müəyyən qədər müxtəlif seqmentlər üzrə azalmasına səbəb ola bilər. Eyni zamanda kibertəhlükəsizlik ilə bağlı müəyyən problemlər çıxa bilər. Amma bu problemləri həll etmək mümkündür", - deyə professor əlavə edib.

5

Professor: “Kripto valyutaya etibar yoxdur ən etibarsız valyutadır”

11
(Yenilənib 11:17 20.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağı təsəvvür edilmirdi
Professor: “Kripto valyutaya etibar yoxdur və ən etibarsız valyutadır”

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib. Müvafiq qərar “Resmi Gazete”də dərc olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a  deyir ki, kripto valyutaların dövriyyə buraxılması elektron pulların dövriyyəyə buraxılması kimi qiymətləndirilmişdi:  “Prosesin bu cür sürətli davam etməsindən sonra kimsə kripto valyuta ətrafında belə gərgin vəziyyətin yaranacağını təsəvvür etməzdi. Bu gün kripto valyutanın nə üçün dövriyyəyə buraxılması qeyri-müəyyəndir. Hazırda kripto valyutaların milli valyutalara təzyiqi olduğunu qeyd etməliyik. Mənim fikrimcə kripto valyutaya etibar yoxdur və bu ən etibarsız valyutadır. Çünki onu dövriyyəyə buraxan tərəf üzərinə hər hansı məsuliyyət götürmür”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Azərbaycanlı hərbçilər, arxiv şəkli

İtkin düşmüş hərbçilərimizin sayı açıqlandı - RƏSMİ

0
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunmuşdu.

BAKI, 20 aprel — Sputnik. "İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək axtarışlar təxirə salınıb.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

0
Teqlər:
Hərbi Prokurorluq, say, itkin düşmə, hərbçilər, Azərbaycan Ordusu