Sığorta müqaviləsi

"Azərbaycanda ABŞ modeli tətbiq olunsun" - İdeal variant

442
(Yenilənib 13:50 18.04.2018)
"Əks halda, növbəti dövrlərdə biz artıq sığorta sferasının kənd təsərrüfatında daha da kiçilməsini müşahidə edəcəyik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 6444 manat sığorta haqqı toplanılıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

Qeyd olunan sığorta növü üzrə həyata keçirilmiş sığorta ödənişləri isə bundan, təxminən, 10 dəfə çox – 64 min 371 manat olub. Başqa sözlə, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik, təqribən, 1000%-dir. İki ayda qalan bütün sığorta növləri üzrə yığımlar ödənişləri üstələyib. Bəzi sığorta növlərində zərərlilik nisbətən yüksək olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
© Photo : UNEC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlama verib. O, ümumiyyətlə, kənd təsərrüfatı sığortalanmasının bir qədər problemli məsələ olduğunu deyib: "Bu problem təkcə bizdə deyil, bütün dünyada var. Yəni sığorta şirkətləri o qədər də bu sığorta məhsuluna həvəslə yanaşmır. Çünki kənd təsərrüfatında risklər həddindən artıq çoxdur".

Ekspert bildirib ki, bu məsələdə dünya təcrübəsində ABŞ modeli, Kanada modeli, Türkiyə modeli və digər modellər mövcuddur. Ən mükəmməli isə ABŞ modelidir: "Hazırda Rusiya da ABŞ modelinə keçmək istəyir və bunun üzərində işləyir. Məsələn, bizdə sığorta şirkəti və fermer var. Amma ABŞ modelində isə 3 tərəf – dövlət, sığorta şirkəti və fermer iştirak edir".

"Burada sığorta hadisəsinə nəzarəti, əsasən dövlət üzərinə götürür. Məsələn, ABŞ-da əkin sahəsi yararsız vəziyyətə düşürsə, federal korporasiyalar bu sığorta hadisəsinin necə və nə üçün baş verdiyini araşdırırlar. Və yaxud federal korporasiyalar hadisə ilə bağlı sığortanın ödənilib-ödənilməməsinə görə qərar qəbul edir. Ondan sonra sığorta şirkətinə rəy verilir ki, fermerə dəymiş ziyan ödənilməlidir", — deyə o, əlavə edib.

İqtisadçı qeyd edib ki, ziyanın ödənilməsi də əkilən məhsulun strateji məhsul olmasından asılı olaraq müxtəlifdir: "ABŞ-da sığorta hadisəsi kateqoriyalara bölünür. Burada, əsasən təbii fəlakət nəticəsində (quraqlıq, sel və s.) baş verən hadisələri nəzərə alırlar. Məsələn, əkin sahəsi yanıbsa, bu, çox ciddi şəkildə araşdırılır və əksər hallarda fermerə dəymiş ziyan ödənilmir. Çünki burada manipulyasiya etmək bir az asandır. Məsələn, ola bilər, fermer özünə məxsus olan əkin sahəsində taxılı kombaynla biçdikdən sonra yerdə qalan otları yandırsın və sığorta şirkətini çağırsın ki, sahəm yanıb. Yanğından sonra da sahədə taxılın olub-olmadığını bilmək olmur", — ekspert deyib.

"Digər bir misalla heyvandarlığı götürək. Ola bilər, şəxs öz heyvanını kəsib satsın, sonra da başqa bir ölmüş heyvanı göstərsin ki, heyvanım xəstələnib ölüb. Yəni başqa bir ölmüş heyvanı öz heyvanı kimi göstərə bilər. Belə hadisələr də olur. Ona görə də, əsasən təbii fəlakət nəticəsində dəymiş ziyan ödənilir. Ona görə dövlət bununla özü məşğul olmalıdır. Yəni burada 3 tərəf olmalıdır", — M.Həsənov vurğulayıb.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

"Zənnimcə, ən mükəmməl model ABŞ modelidir. Və bu model Azərbaycanda tətbiq olunsa, daha effektiv olar" — həmsöhbətimiz əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, kənd təsərrüfatının sığortası dünyanın hər yerində ən riskli sığorta sahələrindən biridir: "Ona görə də əksər ölkələrdə effektiv sığorta sisteminin qurulması məqsədilə bu istiqamətin dövlət tərəfindən subsidiyalaşdırılmasına ehtiyac yaranır. Və bir çox dövlətlər bu öhdəliyi öz üzərinə götürür".

R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bənzər mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var: "Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ildən etibarən bu istiqamətdə müəyyən normativlərin hazırlanmasına başlayıb. Amma düşünürəm ki, bu normativlər və öhdəliklər kənd təsərrüfatı sektorunda sığortanın inkişafını dəstəkləməyəcək".

O, diqqətə çatdırıb ki, ümumiyyətlə, kənd təsərrüfatı sektorunda sığortanın həcmi də kifayət qədər aşağıdır: "Rəsmi qurumların açıqladığı məlumatlara görə, bu sektorun cəmi 5 faizində sığorta prosesi baş verir. Yəni 95 faizi isə sığortadan kənarda qalır. Bu, mənfi göstəricidir. Eyni zamanda, bu, Azərbaycanda aqrar sektorda risklərin daha yüksək olmasını şərtləndirməklə bu istiqamətdə investisiya axınını azaldan məqamlardan biri hesab olunur".

"Ona görə bu sektorda yığılan sığorta haqları ilə sığorta ödənişləri arasında kəskin fərq olması təbiidir. Bu, gözləniləndir. Dünya təcrübəsində də oxşar göstəricilər müşahidə olunur. Amma eyni zamanda, sığorta şirkətlərinin növbəti dövrlərdə prosesdə iştirakçılığını təşviq etmək məqsədilə bu yükü dövlət öz üzərinə götürməlidir. Və sığorta şirkətlərinin zərəri dövlət tərəfindən kompensasiya olunmalıdır" — Həsənov vurğulayıb.

Onun sözlərinə görə, əks halda növbəti dövrlərdə biz artıq sığorta sferasının kənd təsərrüfatında daha da kiçilməsini müşahidə edəcəyik və şirkətlər, demək olar ki, kənd təsərrüfatı sektorunda sığorta prosesini həyata keçirməyəcək: "Bu da ümumiyyətlə, ölkə iqtisadiyyatında kiçik pay olsa da, məşğulluğun 37 faizinə malik olan bir sektorda geriləməni şərtləndirə bilər".

442
Teqlər:
aqrar sahə, sığorta haqqı, Mircavid Həsənov, fevral, yanvar, Rəşad Həsənov, MBNP, Sputnik Azərbaycan, Maliyyə Bazarlarına Nəzarət Palatası, kənd təsərrüfatı, ödəniş, faiz, ekspert, iqtisadçı, Azərbaycan, manat
Əlaqədar
Ekspert Gürcüstanın avtomobil sığortasının Azərbaycana təsirindən danışır
Sosial sığorta borcları silindi: Əhalinin daha hansı borcları silinə bilər?
Sərnişinlərin sığortalanması: yaxşıdır, ya pis?
Diqqət: Sığortaedənlərin nəzərinə!
Bakı sakinləri bədbəxt hadisələrdən sığortalandı
“Azərbaycan anormal dindarlığın təzahürlərindən sığortalanmayıb”
İşsiz adam, arxiv şəkli

Bir çox sahələrdə işsizlik olacaq - Bu da elmi-texniki tərəqqinin Azərbaycana "töhfəsi"

127
(Yenilənib 20:18 04.03.2021)
"Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklər baş verir. Bizdə hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların da boş qalacağını görəcəyik" - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. "Texnoloji kəşflərin tətbiqi çoxdan başlayıb. Sadəcə olaraq son bir ildə bu təsir daha da sürətləndir. Təbii ki, burada pandemiyanın da təsiri oldu".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni intellektin ölkəmizə təsiri haqda danışarkən belə deyib. 

Onun fikrincə, təxminən 10-12 il öncə başlayan proses yaxın gələcəkdə daha da sürətlənəcək.

"Biz süni intellektin təsirini ilk olaraq bankçılıq sahəsində gördük. Onlayn bankçılıq bank şöbələrinə ehtiyacı azaltdı, hətta qeyd edim ki, 2012-2013-cü illərdə Böyük Britaniyada ciddi böhran yaşandı. Təqribən 200 minə yaxın bank işçisi ixtisar oludu. Bu tendensiya bu gün də davam edir. Son illər Azərbaycanda da yeni texnologiyaların tətbiqi tendensiyası özünün göstərməyə başlayıb. Azərbaycanda da bank sektoruna işçi sayının azalması müşahidə olunacaq", - ekspert deyib.

O bildirib ki, bank sektoru ilə yanaşı süni intellekt digər sahələri də vuracaq:

"Süni intellekt həm hesablamalarda, həm qərarvermə mexanizmlərinin yaranmasında, həm də insan faktoru olmadan sənaye xərclərinin yaradılmasında da geniş istifadə olunacaq. Azərbaycanda isə ehtimal ki, insan əməyinin daha çox istifadə olunduğu sahələrdə süni intellekt tətbiq olunacaq. Bunlardan biri aqrar sektordur. Bizdə aqrar sektorda əl əməyindən hələ də çox yüksək səviyyədə istifadə olunur ki, bu da rentabelliliyi aşağı salır. Bir çox ölkələrdə isə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da əl əməyini dronlar əvəz edir. Yəni, komputer özü qərar verir ki, nə vaxt gübrə vermək lazımdır, nə vaxt sulamaq lazımdır və məhsulun yetişməsi üçün hansı tədbirlər görülməlidir".

Cəfərlinin sözlərinə görə, aqrar sektor qeyri-neft sektorunda lokomativ sayıldığından gələcəkdə bu sahədə iş yerlərinin azalmasına hazır olmaq lazımdır.

"Urbanizasiya hələ də başa çatmayıb. Rəsmi rəqəmlərə görə, bizdə kənd əhalisi ölkə əhalisinin 44 faizini təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 7-8 faiz civarındadır", - deyə N.Cəfərli bildirib.

Ekspert deyir ki, işsizliyin qarşısını almaq üçün indidən bu barədə düşünmək lazımdır. Lakin yaranacaq bu vəziyyətdən qorxmaq da lazım deyil: "Vaxtı ilə liftçi qız, telefonçu qız var idi. İndi isə nə liftçi qıza ehtiyac var, nə də telefonçu qıza. Bu isə o deməkdir ki, texnologiya inkişaf etdikcə, zamanla bəzi peşələrin tarixə qovuşması baş verir".

Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklərin baş verdiyini qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanda hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların boş qalacağını görəcəyik.

"Bir müddətdən sonra bu böyük alış-veriş mərkəzləri də tarixə qovuşacaq. Evdən çıxmadan süni intellektin yaratdığı imkanlarla virtual geyinib-soyunma otaqları da artıq mövcuddur. Yəni, bir geyimin, ayaqqabının üzərində necə göründüyünü görə bilirsən. Bu səbəbdən dünyada gedən tendensiya ilə bir müddətdən sonra Azərbaycanda da böyük alış-veriş mərkəzlərinin boş qalma ehtimalı var. Bu da müəyyən bir işsiz kütlənin yaranacağı deməkdir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.

127

Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış edib

9
(Yenilənib 20:15 04.03.2021)
İlham Əliyev: "Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər".

BAKI, 4 mart — Sputnik. Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamlayıb və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq deyib:

- Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Təşkilata sədrliyin Türkiyəyə keçdiyini deyən Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək deyib:

- Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur qarşıda duran vəzifələrdən danışaraq təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu vurğuladı. Baş katib investisiyaların stimullaşdırılması zərurətindən danışdı, pandemiya ilə mübarizədə kollektiv səylərin əhəmiyyətini vurğuladı. Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək deyib:

- Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək.

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək deyib:

- Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, mənim qardaşım İlham Əliyevə söz vermədən öncə deyim ki, həqiqətən də 30 illik işğal baş vermişdir və orada olan milyonlarla azərbaycanlı qardaşımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar. İndi isə sözü, mənim əziz qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə verirəm. Söz sizindir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də toplantıda videoformatda çıxış edib.

- Əziz qardaşım, əziz Prezident,

Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.

Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.

Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.

Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır.

Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli cənab baş katib,

İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.

Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq.

Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti-təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.

Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.

Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.

Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.

Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Diqqətinizə görə sağ olun.

9
Aleksey Navalnı, arxiv şəkli

Qərb yeni sanksiyalarla dəmir pərdə çəkir

0
Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

BAKI, 4 mart — Sputnik, İrina Alksnis. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar ironiya doğurur. Belə ki, Aleksey Navalnı ilə bağlı qəbul edilmiş qərarlarda həm xeyli təzad sezilir, həm də onların ardıcıllığı qəribə təəssürat yaradır. ABŞ və Avropanın bu qərarları qəbul edərkən əsaslandığı məntiqi tutmaq, məqsədlərini anlamaq isə daha da çətindir. Baş verənlərin paradoksallığı, bəzi hallarda isə absurdluğuna rəğmən, bu qərarların və fəaliyyətin planlı, razılaşdırılmış olması isə hadisələrin rasional düşüncəyə əsaslandığına qətiyyən şübhə yeri qoymur.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hələ 2010-cu illərin ortalarından bəri avropalılar və amerikalılar Rusiyaya qarşı birgə fəaliyyət məsələlərində bu qədər həmrəylik və entuziazm nümayiş etdirməyiblər. Sanksiyalar Atlantik okeanının hər iki tayında nəinki eyni gündə, hətta eyni anda elan olundu. Yəni bu, sözsüz ki, ssenari əsasında edilmiş gediş idi. Bundan başqa, planlaşdırılan tədbirlərdən əvvəlki "artilleriya hazırlığı" da dramaturgiyanın bütün qanunlarına uyğun şəkildə həyata keçirilmişdi: bir neçə həftə ərzində qeyri-müəyyənlik təəssüratı şişirdilir, sonda da məhtəşəm sonluq vəd olunurdu.

Əslində, növbəti dəfə işlər gözlənildiyi kimi sonuclandı: "Bir manatlıq dava-dalaş saldılar, atdıqları yumruq bir qəpiklik oldu". "Cəzalandırılanlar", əsasən, Rusiya güc strukturlarının rəhbərləridir. Nə bu şəxslərin Qərb ölkələrinə girişə qoyuşmuş qadağalar, nə də fərz edilən maliyyə aktivlərinin dondurulmasının isə onlara qətiyyən isti-soyuğu olmadı. "Bioloji və kimyəvi silahların istehsalında" günahlandırılan elmi təşkilatlarla bağlı da vəziyyət oxşardır. Amerika Birləşmiş Ştatlarının Rusiyaya yardımının kəsilməsi isə əməlli-başlı lətifədir. Belə bir təəssürat yaranır ki, amerikalı tərəfdaşlarımız hələ də 1999-cu ildə ilişib qalıblar. Halbuki, Aleksey Navalnı hələ bir neçə ay əvvəl "dünya ölkələrinə səyahətə çıxmayan və Avropada çoxlu əmlakı, bank hesabı olmayan hansısa polkovnik və generallara" qarşı sanksiyaların tətbiq olunmasının mənasız olduğunu birbaşa bəyan eləmişdi. O zaman Navalnı "Avropa İttifaqını" rusiyalı oliqarxların pullarını hədəfə almağa" çağırmışdı. Etiraf etmək lazımdır ki, iri biznesmenlərə dəyən zərbə, həqiqətən də, daha təsirli idi – həm şəxsən onlara, həm də ümumilikdə milli iqtisadiyyata. "Şimal axını - 2" kimi birgə strateji layihələrin bağlanmasının mənfi effektindən danışmaq isə ümumiyyətlə, yersizdir. Lakin "rusofob" ritorikanın şişirdilməsinə baxmayaraq Qərb yenə də zahirən effektiv və qarşıdurma təəssüratı yaradan, əslində isə tamamilə lazımsız addımlara üstünlük verdi.

Ən çox və şövqlə müdafiə etdikləri rusiyalı müxalifətçi ilə bağlı amerikalıların və avropalıların mövqeyində də qəribəliklər çoxdur. Bir tərəfdən, Qərb Navalnını Kremlin əsas düşməni, eyni zamanda, başlıca qurbanı ranqına qaldıraraq onu şərəfləndirdi. Aİ hətta insan haqlarının pozulması ilə bağlı qlobal sanksiya rejimi yaratdı və elan olunmuş məhdudiyyətlər həmin rejimin tarixində ilk dəfə tətbiq olundu. Avropa İnsan Haqları Məhkəməsi isə qəribə bir qərar çıxararaq müvəqqəti tədbir kimi blogerin azadlığa buraxılmasını tələb etdi. Digər tərəfdən, aydındır ki, blogerin şəxsiyyəti ilə bağlı nə ABŞ-ın, nə də Avropanın bir xülyası, illüziyası var. Belə ki, elə həmin AİHM Navalnının Vladimir vilayətindəki həbsxanaya düşməsi ilə nəticələnən "İv Roşe" işində heç bir siyasi fon görə bilmədi.

"Amnesty International"-a isə üstün mənəvi çevikliyi və siyasi fürsətçiliyi heç də kömək etmədi. Təşkilat müxalifətçini "vicdan məhbusu" hesab etməkdən boyun qaçırdı ki, bunu başa düşmək də çətin deyil: keçmişdə irqçilik və ksenofobiya ilə bağlı xeyli sayda əfsanəvi şərhlər vermişdi.

Yeri gəlmişkən, əvvəlcə Avropa İttifaqı yeni sanksiya rejimini birbaşa Aleksey Navalnı ilə əlaqələndirməyi düşünürdü. Ancaq, görünür, orada vaxtında kiminsə ağlına gəlib ki, "qəhrəman"ının keçmişi nəzərə alınarsa, bunu etməsələr, yaxşıdır. Və bu ideyadan imtina etdilər.

Nəticə etibarilə Qərbin, xüsusən də Avropanın davranışları həqiqətən də əlinə keçən və Moskva ilə münaqişə yaratmaq üçün bir o qədər işə yaramayan hər bahənədən istifadə edərək sağa sola çırpınmaq təsiri bağışlayır. Bütün bunlar isə bütövlükdə məntiqsiz hərəkətlər yığınından başqa bir şey deyil.

Rusiyanın Avropa və ABŞ-la münasibətləri hazırda növbəti transformasiya mərhələsini yaşayır. Coşqun hadisələrlə zəngin son onillik Qərbdə ölkəmizi iqtisadi və geosiyasi cəhətdən diz çökdürmək, əzmək cəhdi kimi qiymətləndirildi. Üstəlik, buna nail olacaqlarına dair kiçik bir şübhələri də yox idi. Digər tərəfdən, qərbdəkilər buna "az qan tökməklə", özləri üçün çox da ağrılı olmayan tədbirlər vasitəsilə nail olacaqlarına əmin idilər. Məsələn, Moskvanın SWIFT-dən ayrılması Qərb biznesi üçün son dərəcə xoşagəlməz hala çevrilə bilərdi.

Rusiya bir daha kollektiv təzyiqə müqavimət göstərərək sürpriz etdi və vəziyyət bir neçə il qeyri-sabit tarazlıqda qaldı. Nominal olaraq qarşıdurma davam etdi, lakin sanksiyalar təhqir və boş rəsmiyyətə çevrildi. Əvəzində, tərəflər arasında, xüsusən də Avropa ilə dolğun əməkdaşlıq sürətlə şəkildə bərpa olunmağa başladı.

Ancaq son bir neçə ilin, xüsusən də, ötən ilin hadisələri Qərbi, nəhayət, ölkəmizə ayıq nəzərlərlə baxmağa və bu barədə düşüncələrini yenidən gözdən keçirməyə vadar etdi. Qərb anladı ki, axır nəfəsində olan "şər imperatorluğu" ilə deyil, böyük potensiala, ciddi ambisiyalara sahib və əli çox güclü olan (qısa vaxtda çox təsirli peyvənd preparatı yarada biləcək qədər) qüdrətli dövlətlə qarşı-qarşıyadır.

Və Avropanı qorxuda biləcək tək şey – həqiqətən güclü bir Rusiyadır. Deyəsən, avropalılar, doğrudan də, Moskvanın iqtisadi, siyasi, ideoloji, media istiqamətində hücuma keçdiyini görüb əməlli-başlı qorxuya düşüblər.

Üstəlik, qonşularımızın öz gücünə inam hissi xeyli aşağıdır və bunun nəticəsi olaraq, tələm-tələsik yeni dəmir pərdə çəkməyə çalışır, beləliklə də, münasibətlərdə uçurum yaradırlar.

Əslində, Qərb, tərəflər arasında (xüsusən də Sovet İttifaqı ilə Qərbi Avropa dövlətləri arasında) bir sıra qarşılıqlı faydalı strateji əməkdaşlıq kanallarının mövcud olduğu, qalan kanalların isə bağlandığı Soyuq Müharibə konfiqurasiyasını yenidən yaratmağa çalışır.

Həmin dövrdə xaricdən gələn "zərərli təsirlərin" qarşısını almaq üçün əsas səylərimiz sərhədlərə yönəltmişdik. İndi belə görünür ki, Qərb dünyası SSRİ-nin bu uğursuz təcrübəsini ciddi şəkildə yenidən həyata keçirtmək niyyətindədir.

Onların bu problemi həll etmək üçün Aleksey Navalnıdan istifadə etmələrini kifayət qədər uğurlu addım hesab etmək mümkündür. Hərçənd, Avropa və ABŞ-ın sovetlərin açdığı cığırla irəliləməsi faktının özü əməlli-başlı heyrət doğurur.

0