Goranboy rayonu Borsunlu kənd sakini Ələddin Abbasov

Vətəndaşların diqqətinə: Az xərclə çox gəlir gətirəcək təklif var

672
(Yenilənib 10:06 27.03.2018)
"Ötən il tək bizim kənddə 400 hektara iki, hətta 3 dəfə pambıq çiyidi səpildi"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Son illər ölkəmizdə pambıqçılıq təsərrüfatı genişlənərək inkişaf etməkdədir. Həm xaricdən valyuta axınına, həm də işsizliyin aradan qaldırılmasına yönələn "ağ qızıl" istehsalında ildən-ilə əkin yerlərinin artması müşahidə olunur.

Lakin, bəzən istehsala qeyri-peşəkar şəxslərin cəlb olunması çəkilən əziyyətin artmasına, məhsuldarlığın isə azalmasına səbəb olur. Analoji hallardan qaçmaq üçün uzun illər bu sahədə işləmiş, pambıqçılıq üzrə ixtisaslaşmış mütəxəssislərin məsləhətinə çox ehtiyac duyulur.

Təcrübəli mexanizator icad etdiyi yeni üsul vasitəsilə əkin aparıldıqdan çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir
© Sputnik / Ilham Mustafa
Təcrübəli mexanizator icad etdiyi yeni üsul vasitəsilə əkin aparıldıqdan çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir

Məhz belə mütəxəssislərdən biri Goranboy rayonunun Borsunlu kənd sakini Ələddin Abbasovdur.

Hələ sovetlər dövründən sovxozda işləyərək bir çox səmərəli təkliflər müəllifi olan təcrübəli mexanizator, "ağ qızıl" istehsalını daha gəlirli etmək üçün fikirləşdiyi maraqlı üsulu Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlayıb.

Mexanizator deyir ki, ötən il rayon ərazisində əkilən bir çox sahələrdə pambıq cücərmədiyindən iki, bəzilərində hətta üç dəfə çiyid səpini olub. Belə olan təqdirdə isə, pambığın yığımı gecikir və məhsuldarlığı azalır. Çünki yaz aylarında böyüməli olan pambıq kolu isti yaya düşür və inkişaf zəif gedir. Nəticədə onun yığımı da gecikir, oktyabrda yığılmalı olduğu halda, dekabradək uzanır.

"Pambığın çiyidi, havadan asılı olaraq 5-20 aprel aralığında səpilir. Səpindən 1 ay əvvəl isə sahə əkinə yararlı vəziyyətə gətirilir. 3-4 gün əvvəl dırmıqlanaraq düzəldilir. Bu zaman torpağın çiyid səpilməli olan üst qatı, altından fərqli olaraq quruyur və nəmliyini itirir. Belə olan halda da quru torpağa səpilən çiyid, demək olar ki, cücərmir", — deyə bildirir həmsöhbətimiz.

Təcrübəli mexanizator iddia edir ki, icad etdiyi yeni üsul əkin dən çox az müddət sonra sahələrdə pambığın cücərməsinə təminat verir. Vurğulayır ki, bu yolla itkiləri minimuma endirərək, istehsalda 100%-lik nəticə əldə etmək mümkündür.

Goranboy rayonu Borsunlu kəndində əkin sahəsi
© Sputnik / Elnur Salayev
Goranboy rayonu Borsunlu kəndində əkin sahəsi

O söyləyir ki, çox sadə olan bu üsulla işin keyfiyyətini çox yüksəltmək olar: "Toxumsəpən traktorun yanlarına su çənləri quraşdırılır. Su çənləri borular vasitəsilə toxumsəpənlə birləşdirilir. Belədə çiyid torpağa düşdükcə üzərinə az miqdarda su axır və nəticədə çiyidin 5-7 gün ərzində cücərməsinə səbəb olur".

Ə.Abbasov pambıq çiyidinin yerə səpiləndən sonra sulanmasını da məqbul saymır. Onun sözlərinə görə, çiyid səpildikdən sonra suvarıldıqda alaq otları pambıqdan daha tez boy atır. Bu da yenə əkinin gecikməsinə və artıq əziyyətə səbəb olur.

Bu üsulun ən optimal variant olduğunu bildirən mexanizator təklifinin geniş tətbiqinin imkanı xaricində olduğunu deyir. Lakin bu üsulla səpin edib məhsuldarlığı artırmaq istəyənlərə canla-başla yardım edəcəyini bildirir.

"Ötən il tək bizim kənddə 400 hektar sahəyə ikinci dəfə çiyid səpildi. Hətta 3 dəfə səpilən yerlər də oldu. Məhsul yığımı dekabradək uzandı. Çox yer seyrək olmuşdu deyə ancaq əllə yığmaq mümkün oldu. Amma mənim dediyim üsulla uzağı 400-500 manat xərclə xeyli qənaət etmək və gəlir götürmək mümkündür", — deyir Ələddin Abbasov.

672
Teqlər:
Ələddin Abbasov, pambıqçılıq, Goranboy rayonu, təsərrüfat, ağ qızıl, inkişaf
Əlaqədar
Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb, xeyli yaralı var
Deputat: “Pambıqçılıq ağır zəhmət tələb etsə də, vacibdir”
Pambıqçılar öz haqlarını ala bilmirlər
Azərbaycanda 88 min tondan çox pambıq tədarük edilib
Neft buruqları, arxiv şəkli

Azərbaycan nefti kəskin bahalaşdı

32
(Yenilənib 11:00 28.10.2020)
"Brent" markalı neftin qiyməti isə 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,05 dollar artaraq 41,52 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,61 dollar geriləyərək 40,59 dollar, "Light" markalı neftin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 38,80 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

32
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

191
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

191
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0