Maliyyə hesabatı, arxiv şəkli

Bankların kredit canfəşanlığının pərdəarxası: Onlara inanaq, yoxsa...

6054
(Yenilənib 18:27 07.03.2018)
Bankların bir neçə müddət kredit verməməsinə səbəb kapitalın olmaması deyildi, sadəcə kredit verə biləcək etibarlı müştəri tapa bilmirdilər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Son iki ildə manatın dollara nisbətən ucuzlaşması bank sektoruna da təsirsiz ötüşməmişdi. Belə ki, banklara külli miqdarda borcu olan müştərilərin əksəriyyəti iqtisadi çətinliyə görə, krediti ödəməyi ya gecikdirirdi, ya da ümumiyyətlə borcu qaytarmaqdan imtina edirdi. İkinci devalvasiyadan sonra banklar bu və digər səbəblərdən vətəndaşlara kredit verməyi dayandırmışdı. Həmçinin, kredit şərtləri də sərtləşdirilmişdi.

Amma son iki ayda bəzi banklar müştərilərə yenidən kreditlər verməyə, kredit təklifləri etməyə başlayıb. Hətta müştəri cəlb etmək məqsədilə müxtəlif kredit kampaniyaları da həyata keçirilir. Bank əməkdaşları daimi müştərilərinə kompaniyalar haqqında məlumatlar göndərərək onları kredit götürməyə dəvət edirlər.

Burada maraqlı məqam odur ki, vaxtilə müştərilərin inamını itirən banklar onları müxtəlif üsullarla yenidən cəlb etməyə çalışsa da, kredit faizlərini aşağı salmırlar.

Sputnik Azərbaycan məsələ ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov əvvəlcə bankların yenidən kredit verməyə başlamasının səbəblərini açıqlayıb: “Bunun əsas səbəbi Mərkəzi Bankın digər banklara güzəştli kredit verməyə başlamasıdır. Təbii ki, əhaliyə kredit verilməməsi çox davam edə bilməzdi. Nəhayət, Mərkəzi Bank güzəştli şərtlərlə banklara kredit verməyə başlayıb. Banklar da aldıqları güzəştli krediti vətəndaşlara verərək, əlavə gəlir əldə etməyə çalışırlar”.

Ə.Həsənov qeyd edib ki, digər səbəb isə bankların bu müddət ərzində əmanətlərini artırmasıdır: “Ötən ilin sonunda banklara qoyulan əmanətlər bir qədər də artıb. Bu da devalvasiyanın son bir il ərzində sabitliyi ilə əlaqədardır. Həm əmanət kanalından, həm də Mərkəzi Bank tərəfindən banklara ayrılan pulun çoxaldığı üçün banklar da həmin pulları vətəndaşlara kredit verib, gəlir əldə etmək istəyirlər”.

“Bu gün sahibkarların çoxunun işlərində zəiflik müşahidə olunduğu üçün banklar əsas krediti adi vətəndaşlara verməyə başlayacaqlar. Təbii ki, kredit hər kəsə yox, ancaq şərtlərə uyğun olan insanlara veriləcək", — deyə ekspert əlavə edib.

Ə.Həsənov kredit faizlərinin yüksək olma səbəbinə də aydınlıq gətirib: “Əməkdaşlar banklara güvəni olmadığı üçün dollarla yox, manatla iş görməyə daha çox üstünlük verirlər. Bəli, bankdan götürülən kredit faizlərinin göstəriciləri bir qədər yüksəkdir. Banka borcu olanda güzəşt etmirlər, amma bankın borcu olanda məhkəmə ona güzəşt edir. Bu da vətəndaşın banka olan inamını itirir. Ona görə də manatla iş görməyə üstünlük verirlər”.

İqtisadçı-ekspert Fuad Əlizadənin fikrincə isə bankların bir neçə müddət kredit verməməsinə səbəb kapitalın olmaması deyildi, sadəcə banklar kredit verə biləcək etibarlı müştəri tapa bilmirdilər.

“Hal-hazırda banklar uzun müddət kredit vermədiyi üçün banklarda 5-6 milyard manat pul yığılıb. Hətta bu haqda Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də bildirib. O, çıxışı zamanı deyib ki, bankların kredit ayıracaq pulu var. Sadəcə onlara etibarlı və güvənə biləcəkləri, verilən krediti vaxtında ödəyə biləcək müştərilər lazımdır". — F.Əlizadə əlavə edib.

İqtisadçı deyib ki, son zamanlar bahalaşmanın baş verməməsi, manatın dollara nisbətdə sabit qalması insanların həyat şəraitinin sabitləşməsinə səbəb olub. Bunu müşahidə edən bank işçiləri apardıqları araşdırma nəticəsində bilirlər ki, müştərilərin kredit ödəmə imkanları çoxalır.

“2015-ci ildə iqtisadiyyatımızda enmə müşahidə olunurdusa, 2018-ci ilin əvvəllərində qeyri-neft iqtisadiyyatında inkişaf baş verir. Qeyri-neft sektorunun inkişaf etməsi sahibkarların çoxalmasına səbəb olur. Pul əldə edən sahibkar daha yaxşı yaşam tərzi sürmək istəyir. Banklar bu canlanmanı gördükləri üçün aktiv etmədikləri pulları dövriyyəyə buraxmaq fikrinə düşürlər", – deyə ekspert vurğulayıb.

F.Əlizadə iddia edir ki, bankirlər pulu birindən alıb digərinə satırlar: "Banklar çalışır ki, müştərini cəlb etmək üçün faizləri aşağı salsın. Amma bunun üçün zaman lazımdır. Bankların öz borcları da var. Onlar özlərini tam tənzimləyəndən sonra, yəqin ki, yaxın gələcəkdə faizləri aşağı salacaqlar".

6054
Teqlər:
aktivlik, faiz, kredit, bank
iPhone

Gömrük Komitəsi vətəndaşlara güzəştə getdi: Məcburi bəyanetmə dayandırıldı

58
(Yenilənib 16:26 30.09.2020)
"Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

BAKI, 30 sentyabr — Sputnik. Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb. "Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

58
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

62
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

62
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

0
(Yenilənib 21:49 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

0