Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkilinin təklifi etirazlara səbəb oldu: "Bu, bahalaşmaya çağırışdır"

© Sputnik / Xalid MəmmədovMeyvə tərəvəz bazarı
Meyvə tərəvəz bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
"Kənd təsərrüfatının vergiyə cəlb edilməsi qəti şəkildə məqsədəuyğun deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. "Son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur. Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".

© Sputnik / Murad OrujovАкадекмик Зияд Самедзаде
Акадекмик Зияд Самедзаде - Sputnik Azərbaycan
Акадекмик Зияд Самедзаде

Bunu fevralın 13-də Bakıda "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilən konfransda Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Azərbaycanda aqrar sektorun vergidən azad edilməsi ilə bağlı xeyli müddətdir güzəştlər tətbiq olunur. Aqrar sektor Azərbaycanda vergi güzəştlərindən istifadə edən sahələrdən biridir.

"Nəzərə alaq ki, bu sahə Azərbaycan üçün məşğulluğun təminatı baxımından vacibdir. Azərbaycan məşğul əhalisinin təxminən 37 faizi kənd təsərrüfatında çalışır. Bu nöqteyi-nəzərdən kənd təsərrüfatına tətbiq edilən vergi güzəştləri bu sektorun inkişafının stimullaşdırılması baxımından vacib idi. Düşünürəm ki, bu vaciblik hələ də qalmaqdadır", — ekspert bildirib.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

İqtisadçı kənd təsərrüfatının vergiyə cəlb edilməsinin tərəfdarı olmadığını qeyd edib: "Fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddır. Dövlət büdcəsindən aqrar sektorda fəaliyyət göstərən fermerlərə subsidiyalar verilir. Strateji məhsul istehsal edən fermerlər dövlət büdcəsindən 2 dəfə çox subsidiya almaq imkanlarına malikdirlər. Bu da birbaşa güzəştdir, maliyyə yardımıdır".

"Bütün bunların kontekstində və xüsusən də qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, ölkəmizin qeyri-neft ixracatında aqrar sektorun üstünlük təşkil etdiyini nəzərə aldıqda kənd təsərrüfatının vergiyə cəlb edilməsi arzuolunan deyil", — V.Bayramov vurğulayıb.

Onun fikrincə, əgər kənd təsərrüfatı vergiyə cəlb olunarsa və vergi güzəştləri ləğv edilərsə, bu, bir tərəfdən daxili bazarda kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşması ilə nəticələnə bilər: "Çünki bu halda fermerlərin xərci artacaq. Onların xərcləri artıdığı üçün də yerli istehsal edilən məhsulların daha xərcli olmasına və yerli məhsulların qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu kontekstdə vergi güzəştlərin ləğv edilməsi qiymət artımlarına səbəb olacaq".

Ekspertin sözlərinə görə, bu, digər tərəfdən qeyri-neft ixracatına da mənfi təsir göstərəcək: "Çünki bu halda Azərbaycanın qeyri-neft ixracatı bahalaşacaq və bahalaşdığı üçün rəqabət aparmaq imkanları məhdudlaşacaq. Nəticədə Azərbaycanın dünyada rəqabət imkanları xeyli zəifləyəcək. Bu kontekstdən də aqrar sektorun vergiyə cəlb edilməsi arzuolunan deyil".

"O baxımdan, yerli istehsalın genişləndirilməsini, idxaldan asılılığın aradan qaldırılmasının prioritet olduğunu, qeyri-neft sektoru ixracatının artırılması yolu ilə neftdən asılılığın aradan qaldırılmasının əsas hədəf olduğunu nəzərə aldıqda kənd təsərrüfatında vergi güzəştlərinin saxlanmasına ehtiyac var. İndiki halda aqrar sahədə tətbiq edilən güzəştlərin ləğvi arzuolunan deyil", — ekspert əlavə edib.

© Photo : ŞƏXSİ ARXİVAzərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov  - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırkı şəraitdə və ümumiyyətlə, yaxın və orta müddətli perspektivdə Azərbaycanda kənd təsərrüfatı sektorunun vəziyyəti bu sahənin vergilərə cəlb olunmasını mümkünsüz edir.

E.Məmmədov bildirib ki, bugünkü şəraitdə və perspektivdə hökumət kənd təsərrüfatını milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ən prioritet sahələrdən biri kimi götürür: "Bununla yanaşı, kredit və investisiyalarla təminatı baxımından kənd təsərrüfatı sahəsinin vəziyyəti o dərəcədə yaxşı deyil ki, hələ buraya fiskal yük də əlavə edilsin".

Professor hesab edir ki, vergi yığımının artırılması üçün daha mütərəqqi metodlar mövcuddur: "Bu, ilk növbədə vergi sistemində proqressiv əsaslara keçidin təmin olunmasından keçir. Yəni yüksək mənfəətlə işləyən təşkilatların, fiziki və hüquqi şəxslərin vergi prosesinə daha yüksək faizlərlə cəlb olunması kimi məsələlər gündəliyə çıxarılmalıdır, nəinki ölkə iqtisadiyyatı üçün strateji sahə olan kənd təsərrüfatının vergi sisteminə cəlb olunması".

"O baxımdan hesab edirəm ki, vergi siyasəti ölkədə təkmilləşdirilməlidir. Fiskal siyasətdə ciddi struktur dəyişikliklərinə nail olunmalıdır. Lakin kənd təsərrüfatının vergiyə cəlb olunması məqsədəuyğun deyil", — E.Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda həm daxili bazarın təminatı, həm də ixrac potensialı baxımdan kənd təsərrüfatı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir: "Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həm də idxalın əvəzolunması kimi prioritet bir siyasətin mərkəzində dayanır".

UNEC professorunun qənaətincə, kənd təsərrüfatının inkişafının stimullaşdırılmasına doğru addımlar atılmalıdır: "Bu istiqamətdə dövlətin dəstəyi, kredit resursları ilə təminatın artırılması, investisiya axınlarının bu sahəyə yönləndirilməsi, pul, faiz siyasətinin yumşaldılması lazımdır. Ona görə də kənd təsərrüfatının vergiyə cəlb edilməsi qəti şəkildə məqsədəuyğun deyil".

Xəbər lenti
0