Bank əməliyyatı

Dövlət banklara, banklar vətəndaşlara möhlət verəcək

2422
(Yenilənib 14:36 01.02.2018)
"Vaxtın uzadılması banklar və kreditorlar üçün düzgün qərarın qəbul edilməsi imkanı yaradır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 01 fevral — Sputnik. Bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılıb. Bununla bağlı ötən il dekabrın 29-da Milli Məclisin plenar iclasında "Banklar haqqında" Qanuna dəyişiklik edilib.

Dəyişikliyə görə, qanunun 57-11.6-cı maddəsinə "Hər bir müraciət üzrə uzadılma 180 gün müddətdən artıq ola bilməz" və "Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur" məzmununda dördüncü və beşinci cümlələr əlavə olunub. Qeyd edək ki, dəyişiklikdən əvvəl isə bu müddət 90 gün olub, yəni qüvvədə olan maddəyə əsasən, bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son dövrlərdə faktiki olaraq bank sektorunda ciddi problemlər müşahidə olunur və xüsusilə də banklar öhdəliklərini yerinə yetirə bilmir: "Bunun nəticəsində də Azərbaycanda 12 bank bağlanıb, yəni lisenziyası ləğv edilib. Eyni zamanda, bank sektorunda əvvəlki dövrlərdə müşahidə edilməyən problemlər də üzə çıxmağa başlayıb. Məsələn, hüquqi prosedurlarla bağlı müəyyənləşdirilmiş zaman çərçivəsində qiymətləndirmənin daha düzgün aparılması imkanlarının olub-olmaması ilə bağlı və sair".

Ekspertin qənaətincə, bu dəyişiklik kreditorlara imkan verir ki, qərar qəbul edərkən daha detallı və dolğun qiymətləndirmə apara bilsinlər: "Əgər 2000-ci illərin əvvəlində bankların öhdəlikləri 1-2 milyon ilə ölçülürdüsə, hazırda bəzi bankların öhdəlikləri milyarda yaxındır. Bu isə qiymətləndirmə, eyni zamanda tələblərin yerinə yetirilməsi proseslərini çətinləşdirir. Buna görə də qanunvericiliyin zaman-zaman təkmilləşdirilməsi anlaşılandır. Mövzunun aktuallığı, kreditorlara müraciət, öhdəliklərin restrukturizasiyası ilə bağlı tələblərin çoxluğu və digər məsələləri də nəzərə alsaq, bu dəyişiklik həm banklar, həm də kreditorlar üçün prosesin daha da təkmilləşdirilməsi və düzgün qərarın qəbul edilməsi imkanı yaradır".

"Bankın öhdəliyi" dedikdə cari və orta müddətli yaxud da cari və uzun müddətli öhdəliklər olaraq təsnifatlaşdırılır. Üümumiyyətlə, "öhdəliklər" deyəndə bankın vergi borcu da daxil olmaqla bütün növ gələcəkdə ödəməli olduğu vəsaitlər nəzərdə tutulur. Məsələn, bankın cəlb etdiyi əmanətlər, kredit təşkilatlarından götürdüyü kreditlər və s. hər biri öhdəliklərin strukturuna daxildir" — həmsöhbətimiz bildirib.

R.Həsənov hesab edir ki, istənilən halda kreditorlar birtərəfli olaraq könüllü şəkildə qərar verməlidir: "Qanunvericiliyə görə, kreditorların səsverməsi ilə restrukturizasiya həyata keçirilə bilir. Kreditorların üçdə ikisi səsvermədə bunu təsdiqləyirsə, bu zaman restrukturizasiya mümkün olur. Yəni burada kreditorların səlahiyyəti var ki, restrukturizasiya planını qəbul etməsinlər. O baxımdan da bu proses könüllüdür, burada üstünlük kreditorlar tərəfindədir".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Restrukturizasiya yenidən təşkil deməkdir. Hətta sıradan vətəndaşlar da bu prosesdə iştirak edirlər. Vətəndaşın banka borcu var və bu öhdəliyi yerinə yetirə bilmir. Bu zaman o banka müraciət edir ki, borcunun müddəti dəyişsin, müəyyən müddətə dondurulsun və yaxud faiz dərəcələrinə yenidən baxılsın. Bütün bu addımlar "ödəmə qrafikinin yenidən tərtib edilməsi" adlanır. Və bu, restrukturizasiyadır. Məsələn, vətəndaş banka borcunu 2 il müddətində qaytarmalıdır, amma bunu edə bilmir. Bu zaman o, bankdan xahiş edir ki, borc ödəmə dövrünü 5 il etsinlər, yəni artırsınlar. Yəni vətəndaşlar da buna bənzər tələblərlə banklara müraciət edirlər və onların kredit borcları banklar tərəfindən bəzi hallarda restrukturizasiya olunur" — iqtisadçı vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, problemləri həddindən artıq çox olan bankların bunu həll etmək üçün əlavə resurslar, maliyyə mənbələri tapmalarına daha çox müddət verilir: "Banklar 90 gün deyil, 180 gün ərzində heç olmazsa, öz problemlərini, borclarını yenidən restrukturizasiya etmək üçün müəyyən addımlar atsınlar. Amma zamanın artırılması ilə bu problemlərin həll edilib-edilməyəcəyi şübhə doğurur. Çünki artıq 3-cü ildir ki, bank sektorunda ciddi problemlər müşahidə olunur".

Müsahibimizin fikrincə, indiyədək banklar öz gücləri və ya təsisçilərin vəsaiti hesabına problemlərini həll edə bilmirsə, düşdükləri çətin vəziyyətdən öz gücləri ilə çıxa bilmirlərsə, vaxtın uzadılması ciddi bir effekt verməyəcək: "Çünki elə bir şərait yaranıb ki, bankların əksəriyyətində problemli kreditlərin həcmi idarəolunmaz həddə qədər artıb. Yəni verdikləri kreditləri toplaya bilmirlər. Yenidən kreditləşməyə başlayıb iqtisadiyyatda müəyyən rol ala bilmirlər".

"Keçən ilin rəsmi rəqəmlərinə görə, bankların verdikləri kreditlərin həcmi 2016-cı ilə nisbətən 4 milyard manat azalıb. Bu, onu deməyə əsas verir ki, banklar daxili resursları hesabına düşdükləri vəziyyətdən çıxmaqda çətinlik çəkir. Ona görə də vaxtın uzadılmasının məqsədi aydındır, yəni banklara əlavə vaxt verilir ki, bu məsələni həll edə bilsinlər" — N.Cəfərli qeyd edib.

2422
Teqlər:
restrukturizasiya, bank sektoru, qiymətləndirmə, qənaət, müddət, Rəşad Həsənov, Sputnik Azərbaycan, problem, öhdəlik, Natiq Cəfərli, ekspert, iqtisadçı, bank, azərbaycan
Əlaqədar
Qeybulla: “Bizdə ən böyük problem donor bankının yaradılmasıdır”
Məmmədov: “Bankların sayı azaldılmalıdır”
Banklara 180 gün müddət verildi
Azərbaycanda müdhiş bank soyğunu baş verib
Sadıqov: “Azərbaycanda iri bankların birləşdirilməsi gözlənilir”
iPhone

Gömrük Komitəsi vətəndaşlara güzəştə getdi: Məcburi bəyanetmə dayandırıldı

58
(Yenilənib 16:26 30.09.2020)
"Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

BAKI, 30 sentyabr — Sputnik. Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb. "Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

58
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

62
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

62
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

0
(Yenilənib 21:49 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

0