Maliyyə hesabatı, arxiv şəkli

Ekspert banklarla bağlı çıxış yolunu göstərdi

88
(Yenilənib 21:25 29.12.2017)
Samir Əliyev: “Mərkəzi Bankın nəzdində Bankların Sağlamlaşdırılması Fondunun yaradılması məsələsi nəzərdə keçirilməlidir”

BAKI, 29 dekabr — Sputnik. “Azərbaycan bankları xilas olmasa, iqtisadiyyatı dirçəlməyəcək”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev öz facebook hesabında ölkəmizin bank-maliyyə sektorundakı vəziyyəti təhlil edərkən bildirib.

"Hamıya məlum olan bir fikir var: banklar iqtisadiyyatın qan-damar sistemidir. Bəlkə də qan-damar sisteminin insan orqanizm üçün nə demək olduğunu həkimlər qədər təsəvvür edən olmaz. Qan-damar sistemi nasaz olan orqanizm necə işləyirsə, bank sistemi pis işləyən iqtisadiyyat da elə işləyir. Bu baxımdan bank sistemini nizama salmadan iqtisadiyyatın böhrandan qurtuluğunu iddia etmək sadəcə absurddur. 2014-cü ilin sonlarından başlayaraq "ucuz neftə görə az gəlir"in fəsadları ilk növbədə, Azərbaycanın bank sektorunu vurdu. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın "qurbanı" oldu. Kreditləşmə kəskin aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarı sektoru bürüdü" – deyə Əliyev bank sisteminin çökməsinə səbəb olan amilləri sadalayıb.

O qeyd edib ki, 2017-ci ildə isə 2015-ci ildə bank sektorunun aldığı zərbələrin fəsadlarının aradan qaldırılması addımları davam etdirildi. Dövlət daxili borclardan sonra sistem əhəmiyyətli Beynəlxalq Bankın xarici borclarını da üzərinə götürüb. Mərkəzi Bank depozit hərracları vasitəsilə banklara 46,9 milyon manatlıq dəstək verib. Ancaq problem hələ də tam aradan qalxmayıb. Bankların zərərli aktivləri onların yarımcan vəziyyətdə işləməsinə səbəb olub. Nəticədə bank sektoru iqtisadiyyatı pulla təmin edə bilmir.

İqtisadçının sözlərinə görə, bankların aktivləri 10 ay ərzində 16% azalaraq (əsasən Beynəlxalq Banka görə) 31,4 milyarddan 26,3 milyard manata düşüb. 2016-cı ilin sonu ilə müqayisədə kredit qoyuluşu 16,4 milyarddan 12,2 milyard manata düşüb. Problemli kreditlərin həcmi 1,5 milyarddan 1,9 milyard manata yüksələrək tarixi rekord həddə çatıb. Əhalinin yerləşdirdikləri əmanətlərin həcmi 7,5-dən milyarddan 7,3 milyard manata düşüb. Azalmağa rəğmən banklar cəlb etdikləri depozitləri yerləşdirməkdə çətinlik çəkir. Bankların bağlanması və bağlanma riski bank sektorunda təmərküzləşməni stimullaşdırır.

Mərkəzi Bank
© Sputnik / Murad Orujov

"2018-ci ildə hökumətin üzləşəcəyi əsas çətinliklərdən biri məhz bank sektoru olacaq. Bank sektorunu sağlamlaşdırmadan qeyri-neft sektorunu inkişaf etdirmək, kiçik və orta sahibkarlığın maliyyə resursları ilə təmin etmək çətin olacaq. Bu baxımdan hökumət problemi bankların üzərinə atmamalı, prosesdə yaxından iştirak edərək onlara, dolayısı ilə əhaliyə dəstək verməlidir. Çünki bağlanma çıxış yolu deyil, bank sektoruna inamı sarsıdır" – deyə Əliyev əlavə edib.

Bankların sağlamlaşdırılmasının vacibliyi və yolları barədə ilyarım əvvəl dövrü mətbuatda təkliflərini səsləndirdiklərini (http://sei.az/news-1171.html) xatırladan iqtisadçının sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Rusiya bankların bağlanması yox, sağlamlaşdırılması siyasətinə üstünlük verir: "Rusiyada müflisləşmə həddində olan bankların sağlamlaşdırılması üçün 2017-ci ilin iyulunda Mərkəzi Bankın nəzdində xüsusi investisiya fondu — Bank sektorunun konsolidasiyası Fondu (Фонд консолидации банковского сектора) yaradılıb. Fondun nizamnamə kapitalı 1,5 milyard rubl müəyyənləşdirilib. Fond Rusiya Mərkəzi Bankının vəsaitləri hesabına bankları kapitallaşdırır və onların səhmdarına çevrilir. Bank sağlamlaşdırıldıqdan sonra Fond payını (gəlir götürmək məqsədilə yox) satır. Fəaliyyətə başladığı müddətdə Fond 4 sistem əhəmiyyətli bankın sağlamlaşdırılmasına başlayıb. İlk bank olan "Finansovaya Korporasiya Otkrıyie"-dan tutmuş nəzarətə götürülmüş sonuncu bank — "Promsvyazbank" (aktivlərinin həcmi təxminən 22 milyard USD) ölkənin ilk 10-luğuna daxil olublar".

Əliyev nümunə olaraq qeyd edib ki, 2008-ci ildə qlobal maliyyə böhranı zamanı ABŞ hökuməti də iki nəhəng ipoteka bankını (FannieMae və FreddieMac) xilas etmək üçün onların problemli aktivlərini alıb. Britaniya hökuməti də müflisləşmə həddinə çatmış Royal Bank of Scotland Group-u xilas etmək məqsədilə 20 milyard funt sterlinq xərcləməklə onun səhmlərinin 58%-nə sahib olub. Bankın 10 il əvvəl başlanmış sağlamlaşma prosesi hələ də davam edir və hazırda bankda dövlətin payı 80%-ə çatıb.

Ekspertin sözlərinə görə, zərərli aktivlərin sağlamlaşdırılmasında dövlətin dəstəyinin əsasını payçı qismində iştirak təşkil edir. Azərbaycanda Beynəlxalq Bank nümunəsi də mövcuddur. Bankın aktivləri dövlət büdcəsi hesabına həyata keçirildi. Ancaq bizdən fərqli olaraq Rusiyada bankların sağlamlaşdırıması dövlət büdcəsi hesabına yox, Mərkəzi Bankın vəsaitləri hesabına həyata keçirilir.

"Rusiya nümunəsində sual doğuran məsələ maliyyələşmə mənbəyi ilə bağlıdır. Çünki beynəlxalq təşkilatlar hesab edir ki, Mərkəzi Bank əvəzinə dövlət vəsaitlərinin istifadəsi şəffaflığın təminatı baxımından beynəlxalq standartlara cavab verər və sağlam kredit təşkilatların prosesdə iştirakına imkan yaradar. Ancaq digər tərəfdən problemin vergiödəyicilərin pulu hesabına aradan qaldırmaq da optimal variant deyil. Xüsusilə əgər büdcənin xərclərinin əhəmiyyətli hissəsi dövlət borclarının ödənilməsinə yönəldildiyi və büdcə vəsaitlərinin səmərəsiz xərcləndiyi bir ölkədə şəffaflıq amili kölgədə qalır" – deyə Əliyev bildirib.

İqtisadçı hesab edir ki, Azərbaycanda bankların sistemli sağlamlaşdırılması və dövlətin iştirakını təmin etmək üçün Mərkəzi Bankın nəzdində Bankların Sağlamlaşdırılması Fondunun yaradılması məsələsi nəzərdə keçirilməlidir. Fond bir sıra meyarları (bankın sistem əhəmiyyətli olması, sosial yükünün çox olması və s.) əlində əsas tutaraq, öhdəliyini icra etmək iqtidarında olmayan bankların sağlamlaşdırılmasına başlamalıdır.

88
Teqlər:
sağlamlaşdırmaq, təklif, iqtisadçı-ekspert Samir Əliyev, bank
Əlaqədar
Mərkəzi Bankdan gələn il üçün manat diaqnozu
Dollarla bağlı tələsik qərar: Banklar məzənnələri dəyişdirdi
Məmmədov: “Mərkəzi Bankın uçot dərəcəsi yüksəkdir”
Azərbaycanda daha bir bankın lisenziyası ləğv olundu
Mərkəzi Bankdan son xəbər