Şahin Mustafayev

Hökumətdən ümidverici açıqlama

416
(Yenilənib 15:43 21.11.2017)
Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı gözlənilir

BAKI, 21 noyabr — Sputnik. "Ötən dövrdə makroiqtisadi sabitliyin təmin olunması, valyuta rejiminin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb.

"2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb. 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb" — nazir bildirib.

Mustafayevin sözlərinə görə, 2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir: "Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir".

"Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub" — nazir bildirib.

"Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur" — deyə o, əlavə edib.

416
Teqlər:
dollar, nazir, Azərbaycan, inflyasiya, Şahin Mustafayev, makroiqtisadi sabitlik, valyuta rejimi
Əlaqədar
Ekspertdən inflyasiya xəbərdarlığı: Xoşagəlməz problemlər yarana bilər
Cari ilin inflyasiya gözləntiləri ümidverici deyil
İqtisadçı-ekspert: 2017-ci ildə də inflyasiya iki rəqəmli olaraq davam edəcək
"Ötən il inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb"
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Ekspert halala haram qatanlardan danışdı: böyük hərc-mərclik var

26
(Yenilənib 10:20 27.09.2021)
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib ki, bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir.
Eyyub Hüseynov: “Bu sertifikatların kollegial verilməsinə nail olduq”

“Təsadüfi deyil ki, Azərbaycanda 6 il öncə halal standartlar qəbul edildi. O vaxta kimi ölkədə halal sertifikatının verilməsi böyük pullar hesabına mümkün olurdu”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib: “Biz 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Bundan sonra 3 müəssisəyə halal sertifikatı verildi. Ancaq bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir. Bir çox xarici ölkələrdən Azərbaycana halal nişanı ilə məhsullar daxil olur. Biz AQTA-ya təklif vermişik ki, sertifikatların verilməsi məsələsini agentlik öz üzərinə götürsün. Bu sahədə böyük hərc-mərclik var”.

Eyyub Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

26
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı

21
(Yenilənib 15:21 24.09.2021)
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı ipoteka kreditləşməsinə də təsir edib.
Ramil Osmanlı: “Mənzil bazarında tələb və təklif dəyişib”

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a artımın səbəblərini açıqlayıb. Ekspert bildirib ki, burada bir sıra önəmli səbəblər var: “Artımı ilbəil ipoteka proqamında keçirilən islahatlarla əlaqələndirmək olar. Eyni zamanda mənzil bazarında tələb və təklif dəyişib. İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı da öz təsirini göstərib. Həmçinin ipoteka kreditləri üzrə məbləğlər də artırılır. Mənzil bazarındakı vəziyyətə gəldikdə isə deyə bilərəm ki, hazırda dinamik aktivlik müşahidə edilmir. Mənzil alıcılarının sayında nisbətən azalmalar var. Həm bazara daxil olan pulun həcmində, həm də alğı-satqı əməliyyatlarının sayında artımı müşahidə etmək olar”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Nurlan Əsgərli və İntiqam Əsgərli

Bir ananın iki oğlu, ikisi şəhid: Biri özünə "Qisas" ləqəbini seçmişdi

0
Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim.Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim.

BAKI, 27 sentyabr — Sputnik. Bir ana düşünün, iki oğul vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Reportajımız Masallı rayonu Viləş kənd sakini Ziba Əsgərova haqqındadır.

Ziba ananın kiçik oğlu Nurlan Əsgərli Aprel döyüşlərində, böyük oğlu İntiqam Əsgərli isə Vətən Müharibəsində şəhadətə ucalıb. Şəhid anası Ziba xanım Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət zamanı qəhrəman övladlarından bəhs edib. 

Söhbətə "şəhid qardaşlar öz arzularına çatdılar" deyə başlayır.

"İntiqamım uşaq vaxtlarından hamıya örnək olacaq dərəcədə övlad idi. Ondan sonra dünyaya gələn övladlarımız, özünü İntiqama bənzətmək istəyirdi. İntiqamdan sonra Nurlanım dünyaya gəlmişdi. O böyüdükcə, qardaşına baxdı və onu özünə ideal seçdi. Hər iki oğlumun Allaha inamı və idmana sevgiləri güclü idi. Bir də hər ikisi evdə qazi görmüşdülər. Qayınım 1-ci Qarabağ müharibəsində yaralanmışdı. Oğullarım da uşaqlıqdan ayağını itirən əmilərini görüb, "əmi, böyüyüb ermənilərdən sənin qisasını alacağıq" deyərdilər. Ona görə də İntiqam da, Nurlan da uşaqlıqdan hərbçi olmağı arzu edirdilər", - deyə oğullarını şəhidliyə aparan yoldan bəhs edir.

İntiqam Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunsa da, "bura mənlik deyil, mən hərbçi olacağam!" deyir, universitetdə qeydiyyatdan keçmir. Əsgərliyini Xüsusi Təyinatlı Qüvvələrdə keçir. Hərbi xidmətini bitirəndən təxminən 1 il sonra - 2011-ci ilin aprel ayında Gizirlik kursuna sənədlərini təqdim edir. Gizirlik kursunda 3-cü yerə kimi uğurla bitirənlər azad təyinat ala bilirdilər və o, kursunu bitirəndən sonra öz istəyi ilə Murov istiqamətində xidmətə təyinat aldı. 2014-cü ilin avqust ayına qədər Murovdağ istiqamətində xidmət etdi. Ardınca isə Xüsusi Təyinatlıların kursuna yazıldı və bu kursu da müvəffəqiyyətlə oxuyub bitirdi.

© Sputnik / Rahim Muradov
Şəhid anası Ziba Əsgərova

Ananın sözlərinə görə, Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi: "Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollandı, İntiqam isə artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edirdi. Nurlan da hərbi hissədə Kəşfiyyat bölüyünün Baş istehkamçısı kimi xidmət edirdi. İntiqam Türkiyəyə Dağçılıq kursunu oxumağa gedəndə, Nurlan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil oldu. Hər iki qardaş sevinərək və yorulmadan hərbçi sənətinə yiyələnirdilər. Hər iki oğlum bu sənəti seçməklə mənim arzularımı gerçəkləşdirdilər. İntiqam Türkiyədə Dağçılıq kursunu bitirib gələndə qardaşı üçün üzərində "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmış köynək gətirib. Qardaşının yolunu davam etdirən Nurlan da Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra hər iki qardaş eyni hərbi hissədə xidmət etməyə başladılar".

© Sputnik / Rahim Muradov
Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi

Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi olan qardaşlar

Ziba ananın dediyinə görə, hər iki oğlu 2016-cı il Aprel döyüşlərində iştirak edib. Nurlan sonuncu dəfə evlə danışanda telefonunu söndürəcəyini bildirib:

"Aprel döyüşləri artıq 3 gün idi başlamışdı və hər iki oğlumdan heç bir xəbər yox idi. Həmin döyüşlərdə hər ikisi Tərtərin Talış kəndi istiqamətində vuruşublar, sadəcə ayrı-ayrı mövqelərdə yerləşiblər. İntiqam həmin döyüşlərdən danışanda deyirdi ki, "mənə dedilər, Nurlangil olan tərəfə mərmi düşdü və uşaqlardan şəhid olan var. Özümü önə atdım ki, görüm kimlər şəhid olub?". İntiqam tez qardaşının olduğu posta gedib. Həmin yerə çatanda isə Nurlanın hələ döyüşdüyünü görüb. Elə bir anın içində Nurlan qardaşını qorumaq üçün önə atılıb".

"Mənim ailəmdə Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi oldu", - deyən dərdli ana qardaşların kiçiyinin şəhadətə ucaldığını belə anladır:

"Həmin postda Nurlanım şəhadətə ucaldı. İntiqam döyüş meydanından qardaşı Nurlan və daha 3 şəhidi, eləcə də 2 yaralını çıxarmışdı. İntiqam şəhidləri təhvil verəndə onlardan birinin qardaşı olduğunu deyib, yenidən döyüşə qayıdıb. Aprel döyüşlərindən sonra İntiqamım çox ağır vəziyyətə düşmüşdü. Çünki o, ən yaxın dostunu, qardaşını itirmişdi. İntiqamım həmişə qisas hissi ilə yaşayırdı. O, qardaşının dəfninə gələ bilmədi, amma həmin gündən İntiqam nə məni, nə də atasını ağlayan görmədi. Ən böyük dəhşəti orada İntiqam yaşayıb. Özü Aprel döyüşlərinin şahidi, qardaşı isə şəhidi oldu. Mən də oğluma təsəlli olum deyə, bu yolu seçdim və İntiqam məni heç vaxt ağlayan görmədi. Nurlanım şəhid olandan sonra İntiqam özünə "Qisas" ləqəbini götürmüşdü. Bir məqsədi var idi, qardaşının qisasını almaq".

© Sputnik / Rahim Muradov
Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb

Vətən müharibəsi şəhidi İntiqam qardaşına çox bağlı olduğu üçün öz qızına qardaşının adına uyğun Nur adını qoyub.

Vətən müharibəsi və Şuşanın fəthi

"İntiqam Vətən müharibəsi ərzində cəmi 2 dəfə bizimlə əlaqə saxlayıb. Sonuncu dəfə ötən il oktyabrın 18-də bizimlə danışdı, amma harada olduqlarını demədi. "Ana elə sevinirəm ki, həm qardaşımın, həm digər döyüş yoldaşlarımın və həm də Xocalı qurbanlarının qisasını alırıq", "İnşallah, tezliklə qələbə ilə qayıdacağıq!", "Ana burada elə igid oğullarımız var ki!", - deyirdi. İntiqam öz döyüş yoldaşlarına elə güclü ruh yüksəkliyi vermişdi ki, onlar bir-birilərinə qardaşdan da artıq bağlı idilər. Həm Xüsusi Təyinatlı Qüvvələrin birliyi və əzmi, həm də ordumuzun digər bölmələrinin rəşadəti bizə qələbəni gətirdi. Müharibənin ilk günlərində İntiqam məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim", - deyən şəhid anası dastana dönmüş balalarının hekayəsini danışır. 

© Sputnik / Rahim Muradov
Vətən müharibəsi şəhidi İntiqam qardaşına çox bağlı olduğu üçün öz qızına qardaşının adına uyğun Nur adını qoyub

Onun sözlərinə görə, İntiqam xidmət etdiyi dövlərdə Dağçılıq kursu üzrə təlimatçı idi: "O, heç vaxt öz döyüş yoldaşlarını irəli buraxıb özü arxada qalan oğul deyildi. O, fürsət gəzirdi ki, Ali Baş Komandan əmr versin və bizim Ordumuz öz qüvvəsini göstərib şəhidlərimizin intiqamını alsınlar. Müharibə gedən dövrdə kimsə narahat olurdusa, mən deyərdim ki, dua edin. Mənim qələbəyə inamım böyük idi. İntiqam qardaşı Nurlanın arzusunu tez-tez deyərdi ki, "Şuşaya bayrağımızı sancıb sonra dünyamı dəyişsəm, arzuma çatmış olardım!" Mən bir onu bilirəm ki, İntiqam həm öz arzusunu, həm də qardaşının arzusunu yerinə yetirdi. Şuşamız işğaldan azad olunandan bir gün sonra mənfur düşmənin əks hücumunü dəf edərkən İntiqamım şəhadətə ucalıb".

Yuxu

Ana deyir ki, oğlunun şəhid olduğunu hiss edib: "Noyabrın 9-u, 10-na keçən gecə yuxuda gördüm ki, İntiqamla mən yüksək dağın zirvəsindəyik. Sonradan televiziyada Şuşanı göstərəndə həmin ərazinin Cıdır düzü olduğunu anladım. Həmin zirvədə İntiqamla mən namaz qılırdıq. İntiqam namazını məndən öncə qılıb qurtardı. Sonra mənə sıldırımlı qayanı göstərdi. Mən baxdım ki, qayalıq boyunca ucalan ağacların budaqları da şəffafdır. Həmin ağacların üstündə meyvəsi var idi. Alma böyüklüyündə gilas idi. İntiqam onu mənə göstərdi: "Ana, bax hələ, bu gilasdır, buralarda indi yetişir". İntiqam o gilasdan dərib bir dişləm götürdü. Mənə də "dər!" dedi, mən dərib əlimdə tutub "anan qurban, bundan kim bir dənə yesə, doyar" dedim. Birdən yuxudan ayıldım. Balamın başına nəsə bir iş gəldiyini hiss etdim. Yuxuda gilas görmək göz yaşına işarədir deyirlər. Mənim oğlum o meyvədən dadmışdı".

© Sputnik / Rahim Muradov
Nurlan Əsgərli və İntiqam Əsgərli

Ziba ana İntiqam şəhid olandan sonra döyüş yoldaşlarının həmişə ona baş çəkdiklərini deyir: "İntiqamın yaralı döyüş yoldaşını çiyninə ataraq düşmənlə əlbəyaxa vuruşduğunu və süngü bıçağı ilə düşməni məhv etdiyini dedilər. Həm də İntiqam PUA idarə edən olub. PUA idarə etdiyi üçün, həm də qardaşı şəhid olduğu üçün İntiqama komandanlıq geridə qalmağı əmr edib. Əvvəlcə razı olsa da, sonra döyüşə girmək üçün xahiş edib. Şuşaya ilk girən İntiqamın dəstəsi olub. İntiqam bir neçə xarici dili sərbəst bilirdi, hətta mənfur düşmənimiz ermənilərin dilini də. O, dağçılıq kursu üzrə təlimatçı idi. Əsgərlərə elə təlim keçib ki, qayadan enən zaman düşmən elə bilirmiş qayalıqdan daş tökülür. Ona görə də özlərini qoruyan zaman kəşfiyyatçılarımız onları məhv ediblər. Şuşa belə azad edilib".

Döyüş yoldaşlarının dediklərinə görə, İntiqama deyilib ki, "getmə, sənin bir qardaşın da şəhid olub, sənə bir şey olsa, valideynlərinə nə deyəcəyik?" O da deyib ki, "mən qisasımı almasam, valideynlərim məni bağışlamaz, qismətimdə yaşamaq varsa, qayıdacam". 

© Sputnik / Rahim Muradov
Əsgərovların kiçik oğlu Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ölümün uca zirvəsi - şəhadət

"İntiqam həmişə mənimlə danışanda deyərdi: "Ana, sən bilirsən şəhidlik necə ən yüksək, ali mərtəbədir?" O, bunu bilirdi və heç vaxt narahat deyildi. Mən Kərbəlaya ziyarətə gedəndə Nurlanımın məqamını hiss eləmişdim. İntiqamla da danışanda dedim ki, "anan qurban, Nurlan sarıdan o qədər rahatam". Övladının məqamını hiss etmək hər valideynə qismət olmur, Allah onu mənə qismət elədi", - deyə dərdli ana özünü ovudur.

İntiqam ona deyirmiş ki, əgər ona bir şey olsa, dövlət ailəsini, uşaqlarını tək qoymayacaq.

"Mən bunun sübutunu nəvəm İntiqam dünyaya gələndə gördüm. İlk gündən kəndimizin İcra nümayəndəliyi, rayon icra başçısı, deputatlarımız və Yaşat Fondu bizi tək qoymadılar", - Ziba ana əlavə edir. 

Şəhid anasına qürur yaraşır

"Mənim bir ana kimi ayaq üstə durmağımın bir səbəbi oğlanlarımın igidliyidir. Mən həm öz övladlarımın, həm də xalqımızın igid balalarının şücaəti qarşısında baş əyirəm. Bir şəhid anası kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimiz bizim qürurumuz, and yerimizdir. Hazırda İntiqam və Nurlanın xatirə muzeyi inşa edilir. Həmin muzeydə təkcə İntiqam və Nurlanın deyil, digər şəhidlərimizin də şəkilləri və onlar haqqında informasiyalar yer alacaq. Hər bir şəhidin ailəsi və doğmaları bu muzeyə gələndə öz şəhidlərini orada görəcəklər. Düşmən biz şəhid analarını ağlayan görməməlidir. Bizim üçün nə qədər ağır olsa da, başımızı dik tuturuq. Nə qədər çətin vəziyyətə düşmüş olsaq belə, ayağımızı yerə bərk basmağı bacarmışıq. Sonuna qədər də belə gedəcək. Düşmənə heç vaxt fürsət verməməliyik", - şəhid anası vurğulayıb.

© Sputnik / Rahim Muradov
Şəhidin şəxsi əşyaları

Məlumat üçün bildirək ki, Əsgərovların kiçik oğlu, Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vətən müharibəsi şəhidi İntiqam Əsgərli isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xüsusi Təyinatlı Qüvvələrin giziri İntiqam Əsgərlinin ölümündən sonra bir oğlu dünyaya gəlib. Əsgərovlar ailəsi şəhid oğullarının xatirəsini yaşatmaq üçün körpəyə atasının adını qoyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun:

* Aprel şəhidinin anasından cəsarətli çağırış: "Dik durun, ağlamayın!"

0