Железнодорожные рельсы, фото из архива

Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən işə düşəcək

4942
(Yenilənib 10:38 30.10.2017)
Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir

BAKI, 30 oktyabr — Sputnik. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür.

APA xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.

Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda — Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb. 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.

Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin — 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan — Koordinasiya Şurası yaradılıb. 

Qeyd edək ki, Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb.

Sərəncama əsasən, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilib. 

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank "Azərbaycan Beynəlxalq Bankı" ASC təyin edilib.

Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin hesabına köçürülüb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk konteynerlərin daşınması "ADY Konteyner" MMC-yə həvalə olunub.

4942
Mövzu:
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması (13)
Əlaqədar
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix dəqiqləşdi
Qurbanov: “Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə hazırdır”
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılacağı tarix bəlli oldu
Dəmir yolu idarəsindən Bakı-Tbilisi-Qars müjdəsi
Kassanın yaxınlığında insanlar, arxiv şəkli

Hələ sovet dövründən canımızı boğazımıza yığmış problem həll olunur

592
(Yenilənib 22:38 13.07.2020)
Ekspert: "Əksər ölkələrdə təmassız əməliyyatlarda limit var və bəzi dövlətlərdə bu limit xeyli yüksəkdir. Bu addım ən azından vurulan ziyanın həcmini azaltmaq üçündür.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Azərbaycanda PİN-kod daxil edilmədən təmassız əməliyyatlar üzrə limit 100 manata qaldırıla bilər. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu"nun növbəti iclasında POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manata qaldırılması müzakirə edilib. İclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.

Qeyd edək ki, hazırda POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limit 50 manatdır.

Təmassız ödəniş gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Təmassız kartı POS-terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN-kod yığılmadan birbaşa həyata keçsin.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında təmassız əməliyyatlar üzrə limitin qaldırılması məsələsinə münasibət bildirib.

O qeyd edib ki, bu gün dünyada təmassız kartlardan geniş istifadə edilir: "İndi bunun Azərbaycanda aktuallaşması koronavirus pandemiyası ilə bağlı ola bilər. Virusun yayılmaması üçün təmassız ünsiyyət, o cümlədən bank əməliyyatlarında təmassız ünsiyyət çox vacibdir. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın bəzi bankları qabaqcıl ölkələrin banklarının təhlükəsizlik standartlarına tam cavab vermir. Çünki informasiya sistemləri sahəsində təhlükəsizlik tədbirləri daim inkişaf etdirilməlidir. POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limit 100 manata qaldırılsa, bu, düzgün addım olar".

"Əksər ölkələrdə təmassız əməliyyatlarda limit var və bəzi dövlətlərdə bu limit xeyli yüksəkdir. Burada limitlərin olması təhlükəsizlik ilə bağlıdır. Bu addım ən azından vurulan ziyanın həcmini azaltmaq üçündür. Əsas məsələ təhlükəsizlik meyarlarına cavab verməkdir. Yaxşı olar ki, Mərkəzi Bank banklarda bu sistemlərin necə işlədiyinə nəzarəti gücləndirsin", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, kafe və restoranlarda, yanacaqdoldurma məntəqələri və ya supermarketlər kimi sürətli xidmət yerlərində bu cür ödənişlər xüsusilə rahatdır. Zamanınız növbələrdə ödəniş edərək keçməyəcək, vaxtınızı daha vacib işlər üçün qənaət edə bilərsiniz. Ancaq təmassız ödəniş etmək üçün getdiyiniz ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində olan POS-terminallar bu funksiyanı dəstəkləməlidir. Təmassız kartlar limitlər siyasəti vasitəsilə qeyri-qanuni ödənişlərdən qorunur, bu da kart itirildikdə vəsaitlərin sizdən xəbərsiz xərclənməsi risklərini azaldır. Əgər gün ərzində bu limiti keçsəniz, o zaman PİN-kod yığmaq lazımdır.

592
Neft buruğu, arxiv şəkli

Neft ucuzlaşır

9
(Yenilənib 12:11 13.07.2020)
Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 1,61% artıb. Azərbaycan neftinin qiyməti həftə ərzində orta hesabla 44,15 dollara bərabər olub.

BAKI, 13 iyul — Sputnik. Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,29 dollar geriləyərək 42,95 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 40,24 dollar təşkil edib.

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 1,61% artıb. Azərbaycan neftinin qiyməti həftə ərzində orta hesabla 44,15 dollara bərabər olub.

9
İmtahan, arxiv şəkli

İyulun 20-dən sonra buraxılış qəbul imtahanları keçiriləcək

0
(Yenilənib 11:01 14.07.2020)
İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

BAKI, 14 iyul – Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

DİM-dən Sputnik Azərbaycan-ya verilən məlumata görə, imtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son bir ayda ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib. 

Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86385 nəfər iştirak edib. 

İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən Qərargaha müraciət olunmuş və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunmuşdur. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilmişdir. Beləliklə, 1 ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak etmişdir. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86385 nəfər) nəticələri artıq elan olunmuşdur. Bundan əlavə 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29426 nəfər) da nəticələri elan olunmuşdur. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcəkdir.

Qeyd etmək istərdik ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Məlumat üçün bildiririk ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Nəzərinizə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73000 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İndiki şəraitdə bizim əsas məqsədimiz koronavirusla mübarizə əlehinə görülən tədbirlərə dəstək olmaq və ictimai sağlamlığın qorunub saxlanılmasına töhfə verməkdir. Abituriyentlərin və onların valideynlərinin, eləcə də müəllimlərin narahatlığı başa düşüləndir. Lakin hər bir şəxs bu həssas məqamda səbir nümayiş etdirməli, təşvişə düşməməli və adi qaydada öz imtahanlarına hazırlaşmalıdır. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, abituriyentlərin tam təhlükəsiz şəraitdə imtahan verməsi təmin olunacaqdır.

0