Dollarlar

Devalvasiya əsas məqsədinə çatır

2943
(Yenilənib 20:04 19.09.2017)
Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi niyə azalıb?

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi illik 30% azalaraq cari ilin yanvar-iyul ayları ərzində 3 789 524 min ABŞ dolları təşkil edib. Bu barədə, ötən günlərdə Dövlət Gömrük Komitəsindən açıqlama verilmişdi.

Bu müddətdə ixrac illik 31% azalaraq 2 839 402 min dollar, idxal 29% azalaraq 950 122 min dollara enib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% azalaraq cari ilin ilk yeddi ayı ərzində 1 889 281 min dollar olub. Hesabata əsasən, ölkənin cəmi ixracının 46%-i, idxalının isə 22%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, 30 faiz azalmanın çox ciddi rəqəm olduğunu deyib: "İxracın da, idxalın da həcmində azalma var. Bu, əsasən 2017-ci ildə Azərbaycanda tətbiq olunan dövlət büdcəsi vəsaitləri hesabına idxala məhdudiyyətlərlə bağlıdır".

"Ölkəmizdə bir sıra hallarda icra olunan infrastruktur layihələrində, eyni zamanda, digər avadanlıq və texnologiyalarda Avropa məhsullarına üstünlük verilir ki, bu da keyfiyyətlə bağlı məsələdir. Hazırda dövlət büdcəsi vəsaitləri hesabına bu istiqamətdə məhdudiyyətin tətbiq edilməsi idxalın ümumi həcminin azalmasını şərtləndirən əsas faktorlardan biridir" — Həsənov bildirib.

Onun sözlərinə görə, digər faktor, son illərdə iqtisadi durğunluq, eyni zamanda, sahibkarlıq subyektlərinin də idxal etdikləri avadanlıqların, innovativ texnologiyaların həcminə təsir göstərir: "Çünki indiki vəziyyətdə bir sıra hallarda sahibkarlar daha çox mövcudluqlarını qoruyub saxlamaq istiqamətində fokuslanıblar, nəinki daha innovativ texnologiyaların ölkəyə gətirilməsi və istehsal imkanlarının genişləndirilməsinə. Alıcılığın azalması, eyni zamanda, mənfəət normasının aşağı düşməsi biznes sektorunda da bu sahəyə əlavə vəsaitlərin ayrılmasını məhdudlaşdıran amillərdən birinə çevrilib".

Ekspertin fikrincə, söhbət Azərbaycandan Avropa İttifaqına ixracın azalmasından gedirsə, burada əsas faktor neftin ixracının həcminin azalmasıdır: "Çünki Azərbaycan Avropa İttifaqına, əsasən neft məhsulları satışını həyata keçirir. Bu istiqamətdə Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ola bilsin ki, ən müxtəlif səbəblərdən — neftin qiyməti, tələbin səviyyəsinin azalması və s. ilə bağlı Azərbaycandan alınan neftin həcmində azalma baş verib ki, ixracın həcmi kəskin şəkildə azalıb. Yəni, bu faktorlar Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərən amillərdir".

Президент Азербайджанской Республики Ильхам Алиев
© Official website of President of Azerbaijan Republic

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hökumətin devalvasiya qərarının əsas məqsədi idxalı azaltmaq və yerli istehsalı stimullaşdırmaq idi: "Xarici mal və xidmətlərin bahalı vəziyyətə gəlməsi yerlı istehsalın isə yetərli olmaması iqtisadi aktivliyin və ÜDM-in azalmasına səbəb oldu. Dövlət tərəfindən infrastruktur investisiyaları üçün lazım olan mal və avadanlıqlar, əsasən Avropa ölkələrindən gətirilirdi. Bunların azaldılması idxalın azalmasına imkan yaratdi".

"İxrac baxımından isə bizim ixrac etdiyimiz neft və neft məhsulları əsasən Avropa ölkələrinə satılırdı (əsasən İtaliya). Qeyri-neft məhsulları isə çox kiçik həcmdə idi. Son illərdə həm neftin qiymətinin, həm də hasilatın azalmasına paralel olaraq Avropa ölkələrinə ixracın azalması müşahidə olunur" — İbrahimli qeyd edib.

O, bundan sonra Avropa ölkələri ilə ticarət dövriyyəsinin artmasının qaz istehsalı və ixracına bağlı olacağını düşünür: "Qeyri-neft sektorunun ixracı ilə neft ixracından yaranmış dövriyyəni qısa müddətdə bərpa etmək çətin görünür".

İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında, neft və neft məhsullarının axın istiqamətlərinin dəyişməsini istisna etmədiyini deyib: "Məsələn, Avropadan Asiyaya və yaxud hansısa digər tərəfə. Azalma bununla da izah oluna bilər. Amma yenə də araşdırmaq lazımdır".

2943
Teqlər:
infrastruktur layihələri, ticarət dövriyyəsi, həcm, texnologiya, ixrac, idxal, Avropa İttifaqı, ekspert, Azərbaycan, dollar
Əlaqədar
Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi niyə azalıb?
Türkiyə Azərbaycanla ticarət dövriyyəsindən razı deyil
"Gizli ticarət" təhlükəsinin qarşısı alındı
İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib