Manat və dollar

Manat üçün növbəti qeyri-bərabər döyüş yaxınlaşır

2313
(Yenilənib 15:10 15.09.2017)
Qarşıdan çətin dekabr gəlir, Mərkəzi Bank və Dövlət Neft Fondu əlavə valyuta satmasa...

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. "Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir". Bu barədə ötən günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qəbul edəcəyi qərardan asılı olacaq: "Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Ölkənin maliyyə-bank sektoruna nəzarəti artırmaq üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da problemin öhdəsindən gələ bilmir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu, o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır".

"Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır. Maliyyə Bazarlarına Nəzarət Palatası bizim gözlədiyimiz nəticələri vermir. Hesab edirəm ki, bank sistemlərinə nəzarətin Palataya verilməsi iqtisadiyyata və bank sisteminə mənfi təsirlərini göstərməkdədir. Bu, bizim üçün ciddi problemdir".

V. Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir: "İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bütün bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz".

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycanda adətən payızda dollara tələbatın artdığını deyib: "Payız fəslində bir az aktivlik çoxalır və ilin sonunadək bu proses davam edir. Çünki artıq bir sıra öhdəliklər, müqavilələr icra olunmalı, ödənişlər edilməlidir, yəni, bir qayda olaraq belə olur. Buna görə də bizdə adətən payızda dollara tələbat artır".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Onun sözlərinə görə, əgər Mərkəzi Bank ilə Dövlət Neft Fondu əlavə valyuta satmasa, o zaman manatın məzənnəsinin düşmə ehtimalı artacaq: "Amma onu da unutmayaq ki, Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatı var. Yəni, istəsələr, yenə ondan istifadə edib süni şəkildə məzənnəni saxlaya bilərlər. Necə ki, onsuz da il ərzində saxlayırlar. Amma bu, uzun müddət belə davam edə bilməz. Valyuta ehtiyatlarımız tükənməz deyil. Payızda hər halda gözlənilir ki, Mərkəzi Bankın banklara kredit verməsi artacaq. Yəni, dövriyyəyə əlavə manat kütləsi buraxılacaq. Bu da manatın məzənnəsinə təsir edə bilər".

ABŞ-ın Federal Ehtiyatlar Sisteminə (FED) gəldikdə isə, ekspert deyib ki, bu gözlənti də var: "Əgər FED ABŞ-da faiz dərəcəsini artırsa, dünyada dolların bahalaşma ehtimalı var, o cümlədən Azərbaycanda. Ümumiyyətlə, valyuta məzənnəsinə dair Azərbaycan kimi ölkədə qısamüddətli proqnoz vermək mümkün deyil. Çünki bizdə valyutamızın məzənnəsini bazar müəyyən etmir, Mərkəzi Bank müəyyən edir".

"Qısa müddətli perspektivdə Mərkəzi Bank istədiyi kimi məzənnə ilə oynaya bilər. Ona görə də əhali əlində olan manatı qaçıb dollara çevirməli deyil. Amma uzun müddətli perspektivdə heç olmazsa, 6 aya — 1 ilə manatın ucuzlaşması gözləniləndir. Kiminsə əlində pulu çoxdursa, onun hamısını dollara çevirmək lazım deyil. Heç olmazsa, bir neçə aylıq ehtiyatını milli valyutada saxlamalıdır" — Həsənov vurğulayıb.

Ekspertin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti qənaətbəxş deyil: "Buna baxmayaraq Palata müəyyən müsbət addımlar atıb. Amma bir sıra hallarda qanunsuz və səmərəsiz addımlar da atıb. Bu baxımdan Palata bank sistemini əlinə ala bilməyib".

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, onların qiymətləndirməsinə görə, avqust ayında dollara olan tələb artıb: "Öncədən avqust ayında dollara olan tələbin artacağını proqnozlaşdırmışdıq. Amma bu, özünü məzənnədə göstərmədi. Çünki artan tələbi Mərkəzi Bank qarşılamaq imkanına malik oldu".

"Amma avqustun sonu — sentyabrın əvvəllərində biz dollara olan tələbin stabilləşməsini müşahidə edirik. Avqust ayında dollara tələbin artması birbaşa, xüsusilə yeni tədris ilinin başlaması — ölkəyə idxal edilən məktəb ləvazimatlarının artması ilə bağlı olub. Bu da dollara tələbin artmasına gətirib çıxarıb. Hərraclarda satılan dolların təxminən 92 faizi idxal üçün alınıb. O baxımdan idxalın artması ilə dollara tələbin artması müşahidə olunub" — Bayramov bildirib.

Onun sözlərinə görə, ilin sonunadək proqnoz ondan ibarətdir ki, dekabr ayında dollara tələbin artması müşahidə olunacaq: "Çünki dekabrda həm idxal artır, həm də xarici səfərlərin sayı çoxdur. Eyni zamanda, dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var. Bu da dekabr ayında dollara olan tələbə təsir göstərir".

Bununla yanaşı, ekspert hesab edir ki, yenə də dekabr ayında dollara olan tələbin manatın məzənnəsinə necə təsir göstərməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq: "Mərkəzi Bank yenə də bazardakı təklifi qarşılayaraq məzənnəni saxlaya bilər. Əgər bazardakı tələbin qarşılanmasında çətinlik olarsa, bu, məzənnəyə təsir göstərə bilər. Amma bütün hallarda Mərkəzi Bankın mövqeyi və xüsusilə dollara tələbin ödənilməsinə münasibəti çox vacib olacaq. Yəni, bu, manatın məzənnəsini müəyyənləşdirən əsas faktor olacaq".

İqtisadçının fikrincə, hələlik tədiyyə balansında müsbət saldo var: "Neftin dünya bazar qiyməti 50 dollar ətrafındadır. Bu da indiki məqamda Azərbaycan üçün məqbul hesab edilə bilər. Dollarlaşma səviyyəsi yüksək olaraq qalmaqdadır. Bu da Mərkəzi Bank üçün əks-dollarlaşmaya başlamaq baxımından vacib məqamdır. O baxımdan biz dollara olan tələbin necə dəyişməsini proqnozlaşdırırıq".

"Amma məzənnəni necə dəyişməsi birbaşa Mərkəzi Bankın qəbul edəcəyi qərarlardan asılıdır. Hələlik Mərkəzi Bank tələbi ödəyir. Eyni zamanda, bazarın da təklifi azdır. Çünki yığım üçün dollar alışı son 6 ayda xeyli aşağı düşüb. Bu, manatın məzənnəsinin stabil qalması ilə bağlıdır. Hətta depozitlərdə belə, dollarlaşma səviyyəsinin müqayisəli şəkildə azalması müşahidə olunur. Mərkəzi Bank üçün dollara tələbin artması baxımından ən çətin ay dekabr ayı olacaq" — V. Bayramov vurğulayıb.

2313
Teqlər:
bank sistemi, Sputnik Azərbaycan, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadçı-ekspert, Əkrəm Həsənov, Vahid Əhmədov, məzənnə, Azərbaycan Mərkəzi Bankı, FED, ekspert, Vüqar Bayramov, valyuta, manat, dollar
Əlaqədar
Manat bahalaşdı, dollar bu həddə düşdü
Manatın məzənnəsi stabilləşsə də, paradoksal proses gedir
Manatla bağlı diqqətçəkən xəbər
Dolları olanlar məyus olacaqlar
Dolların bayramdan sonra neçəyə olacağı açıqlandı
Pomidor satışı, arxiv şəkli

Artıq 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

139
(Yenilənib 13:20 14.05.2021)
AQTA mütəxəssisləri və "Rosselxoznadzor" əməkdaşlarının iştirakı ilə respublika üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam edir.

BAKI, 14 may - Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

Həmçinin oxuyun:

Azərbaycanlı fermerlərə yol göründü: Rusiya ticarətə icazə verdi

Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına icazə verildi

139
Vyanada OPEC-in mənzil-qərargahı, arxiv şəkli

ABŞ-dan OPEC-ə qarşı sərt addım - Neft bazarını gözləyir?

787
(Yenilənib 00:54 14.05.2021)
ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsi OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanunu təsdiqləyib. İqtisadçılar bunun neft bazarına təsirlərini şərh ediblər.

 

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsi OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanun layihəsini təsdiqləyib. Bundan sonra layihəyə Nümayəndələr Palatası tərəfindən baxılmalıdır. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzvü ölkələrinə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir. Layihə müəllifləri iddia edirlər ki, OPEC üzvləri qiymətlərə nəzarət məqsədilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşir və xam neft qiymətlərini şişirdirlər.

Bəs ABŞ-da bu qanun layihəsi qüvvəyə minsə, bunun neft bazarına təsirləri necə olacaq?

Neft ucuzlaşa bilər

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, onsuz da OPEC kartel sövdələşməsini gizlətmir: "Yəni kartel sövdələşməsi vasitəsilə qiymətlərə təsir mexanizmlərinin yaradılmasını OPEC özü də elan edir. İlk dəfə 2000-ci illərin əvvəllərində ABŞ-da məhkəmə qaydasında OPEC ilə bağlı qərar verilməsi cəhdi olmuşdu. Amma bununla bağlı qanun olmadığı üçün iddia ləğv edilmişdi. Bu qanun qəbul edilsə, iddiaların qaldırılması mümkün olsa, OPEC-in gələcək taleyi sual altına, şübhə altına düşəcək. Çünki digər sahələrdə kartel sövdələşmələri vasitəsilə qiymətlərin qaldırılması qadağandır. Dərhal antiinhisar qanunvericiliyi işə düşür, böyük cərimələr tətbiq edilir və ölkələr həmin şirkətləri çox ciddi cəzalandırırlar. Neft ilə bağlı OPEC təşkilatına bir az tolerant yanaşılırdı. Amma görünür, indi bununla bağlı yeni qanun layihələrinin qəbul edilməsi ehtimalı artır".

Onun fikrincə, burada əsas məsələ həm də bir presedent yaratmaqdır:

"Çünki digər sahələrin istehsalçıları da oxşar təşkilatlar yaratmağa cəhd göstərirdilər. Məsələn, bir müddət öncə qaz üzrə OPEC yaratmaq və yaxud əlvan metallar üzrə təşkilat yaratmaq cəhdləri olmuşdu. Düşünürəm ki, bu, gələcəkdə kartel sövdələşmələri vasitəsilə dünya bazarlarında qiymətlərə təsirinin olmaması üçün zəmin yaratmaq ideyasıdır".

"Bu qanun qəbul edilsə, neft qiymətlərinə təsiri necə olacaq?" sualına iqtisadçı belə cavab verib: "Bu addım atılarsa, neft qiymətləri daha çox tələb-təklif əsasında tənzimlənəcək. Amma OPEC hasilatı süni şəkildə azaltmasaydı, neftin qiyməti indiki 65 dollar səviyyəsində olmazdı. Yəni hasilatın həcmi süni şəkildə azaldıldı və qiymət qalxdı. Əgər indi OPEC belə qərarlar qəbul edə bilməsə, neft qiymətlərini əvvəllər olduğu kimi, tələb və təklif müəyyən edəcək. Bu da qiymətlərin ilkin mərhələdə ucuzlaşmasına səbəb ola bilər".

Avropa və Asiya bazarları uğrunda savaş

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, son dövrlər ABŞ tərəfindən reallığa uyğun olmayan addımlar atılır: "Bu gün OPEC+ ölkələri neft bazarını tənzimləyir və bu, normaldır. Hazırda ABŞ neft məhsullarının ixracına görə ilk üçlüyə daxil olub. Əvvəllər ABŞ ancaq neft idxal edirdi, indi isə ən böyük neft ixracatçılarından birinə çevrilib. Ona görə ABŞ yeni bazarlar əldə etmək istəyir və belə yollara əl atır. ABŞ-ın addımı neft bazarına təsir edə və qiymətlər ucuzlaşa bilər. Lakin ABŞ-ın bu addımı normal deyil. Əksinə, ABŞ-ın özü süni yolla müdaxilə edib bazarı əldə etmək istəyir. Bu gün Avropa və Asiya bazarları uğrunda savaş gedir. ABŞ istəyir ki, OPEC hasilatı artırmasın və o, öz məhsullarını bazara çıxarsın. Yəni ABŞ bu təzyiq alətlərindən istifadə edərək OPEC+ ölkələrinə təsir etmək istəyir".

Eləcə də oxuyun:

ABŞ-da benzinin qiyməti 7 ilin rekordunu təzələdi

Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?

Ehtiyatlar tükənib: Neftin gələcəyi ilə bağlı real proqnozlar

 

787
Teqlər:
ABŞ Konqresi, məhkəmə, qanun, ABŞ, OPEC, neft

Rusiyalıların 55%-i Vladimir Putinə etibar edir - SORĞU

0
Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib.

BAKI, 14 may — Sputnik. Rusiyalıların yarıdan çoxu (55%) RF prezidenti Vladimir Putinə etibar edir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın "İctimai fikir" fondunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələinə görə, respondentlərin 55%-i prezidentə inandıqlarını, 32%-i isə inanmadıqlarını bildiriblər. 13% rspondent cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 58%-i hesab edirlər ki, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gəlir. 26% əks fikirdədir. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib. Statistik xəta 3,6%-də yuxarı deyil.

0