Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Belə situasiyada hökumət iki mühüm addım atmalıydı..."

© Sputnik / Irade JELILYanacaqdoldurma məntəqəsinin qiymət tablosu
Yanacaqdoldurma məntəqəsinin qiymət tablosu - Sputnik Azərbaycan
Abunə olmaq
"Benzinin qiymətinin artması inflyasiyanın da artmasına səbəb olacaq"

BAKI, 15 iyul — Sputnik. Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

Mövzunu Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev, "Aİ-92" markalı yanacağın qiymətinin son dəfə 2013-cü ildə qalxdığını xatırladıb: "Həmin dövrdə qiymət artımını dünya bazarında neftin bahalaşması ilə izah edirdilər. Çünki neftin qiyməti 100 dollardan da baha idi. 2013-cü ilin dekabr ayında aksiz vergisini də artırdılar. Çünki benznin qiymətində aksiz vergisi də var. Aksiz vergisi artdı və benzinin də qiyməti qalxdı".

"İki ay sonra — 2014-cü ilin fevralında aksiz vergisini azaltdılar və hətta dekabrda olan səviyyədən də aşağı saldılar. Belə bir vəziyyətdə gözləmək olardı ki, yanacağın qiyməti ucuzlaşacaq. Amma bu, baş vermədi. Bu, o demək idi ki, aksiz vergisinin azalmasından yaranan mənfəət, gəlir SOCAR–a çatır. İndi yenə qiymət bahalaşıb. Amma qiymət bahalaşan dövrdə neftin qiyməti əvvəlki ilə müqayisədə 3 dəfəyə yaxın ucuzdur" — ekspert bildirir.

Onun sözlərinə görə, SOCAR qiymət artımını valyuta gəlirlərinin azalması ilə əlaqələndirir: "Çünki SOCAR-ın istehsal etdiyi məhsulların, təxminən 70 faizi Azərbaycan bazarında satılır, 30 faizi xarici bazara ixrac edilir".

S. Əliyev qiymət artımında iqtisadi əsas olmadığını deyir. Bildirir ki, qiymət artımı şirkətin menecmentində səmərəliliyin aşağı olması ilə əlaqəlidir: "Bu gün yanacağın qiymətinin qalxması Azərbaycana lazım deyil. Burada söhbət təkcə əhalinin sosial vəziyyətinin psiləşməsindən getmir".

"Məsələ ondadır ki, böhran, iqstisadi çətinliklər dövründə bir qayda olaraq hökumətlər sahibkarlığı inkişaf etdirmək siyasəti yürüdürlər. Yəni iş yerlərinin bağlanmaması, iqtisadi aktivliyin olması üçün bir neçə addım atılır. Birinci addım sahibkarları kreditlə təmin etmək, ikincisi isə yanacağın qiymətinin artmasına imkan verməməkdir. Ancaq təəssüf olsun ki, bu iki məsələnin heç biri Azərbaycanda müşahidə olunmur" — iqtisadçı qeyd edir.

O vurğulayır ki, benzinin qiymətinin artması inflyasiyanın da artmasına səbəb olacaq: "Devalvasiyadan sonra inflyasiyanı aşağı salmaq mümkün olmadı və yanacağın qiymətinin artırılması digər sahələrdə də qiymət artımı ilə müşahidə ediləcək".

Xatırladaq ki, "Aİ-95 Premium" və "Super Aİ-98" markalı benzinin qiyməti ilin əvvəlində artmışdı. Belə ki, "Aİ-95 Premium" 1,15 AZN, "Super Aİ-98" markalı benzinin qiyməti isə 1,20 AZN olmuşdu.

Xəbər lenti
0