Строительство трубопровода, фото из архива

Təbii qaz ehtiyatlarımızın həcmi bilindi

28
(Yenilənib 17:16 23.05.2017)
2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox təbii qaz ixrac edilib

BAKI, 23 may — Sputnik. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil edib. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ehtiyatların 69,8 faizi hasilatın, 25,4 faizi qalığın, 4,8 faizi isə idxalın hesabına formalaşıb. Təbii qazın 47,0 faizi istehlak, 34,9 faizi ixrac olunub, 6,4 faizi itkiyə gedib, 11,7 faizi isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb. Ölkə daxilində istehlak edilən təbii qazın 59,7 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,3 faizi isə əhaliyə satılıb.

2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 1278,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox təbii qaz istehlak edilib, onun 33,4 faizi Bakı şəhərinin, 4,4 faizi Naxçıvan Muxtar Respublikasının, 17,7 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,3 faizi Şəki-Zaqatala, 5,2 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,3 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

28
Teqlər:
təbii qaz ehtiyatları, Dövlət Statistika Komitəsi, Yuxarı Qarabağ, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası
Əlaqədar
Qaz sobası partladı, qadın xəsarət aldı
Səfir: “Niderland Cənub Qaz Dəhlizinin inşasına xüsusi əhəmiyyət verir”
"Qaz diplomatiyası"nda növbəti mərhələ
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir
iPhone

Gömrük Komitəsi vətəndaşlara güzəştə getdi: Məcburi bəyanetmə dayandırıldı

58
(Yenilənib 16:26 30.09.2020)
"Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

BAKI, 30 sentyabr — Sputnik. Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb. "Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

58
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

63
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

63
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

0
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

0