Vergi yoxlaması

Vergidə "batan" pulu necə "diriltməli"?

192
(Yenilənib 18:14 03.02.2017)
Artıq ödəmələrin geri qaytarılması gecikdiyi üçün, o vəsait dövriyyədən kənarda qalır və bu, sahibkar üçün itki deməkdir

BAKI, 3 fev — Sputnik. "Bu gün vergiyə 1,6 milyon manat artıq ödəməm var. İki ildən artıqdır ki, pulum vergidə qalıb". Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən "ElPlastik Ltd." şirkətinin prezidenti Gülağa Abışov deyib.

Sahibkarın sözlərinə görə, bu, ona ziyan vurur: "Əvvəl 1,6 milyon manat 1 milyon dollar idi, indi isə bu, daha azdır. Mənim pulum vergidə qalıb, mən banka pul ödəyirəm".

Vergilər naziri Fazil Məmmədov isə deyib ki, artıq ödənilən vergilər 20 günə qaytarılır: "Mən bilmirəm, sizin artıq ödəməniz 2 il necə qalıb. Amma bu qaytarılma 45 gündən 20 günə endirilib. Gələcəkdə artıq ödəmələr olmayacaq. Prezidentin göstərişi ilə gələcəkdə artıq ödəmələr ləğv ediləcək".

Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, sözügedən problem prosedurlarda olan çatışmazlıqdan irəli gəlir: "Hazırda vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı siyasi qərar var və bununla bağlı 2016-cı ildə dövlət başçısı tərəfindən xüsusi fərman da imzalanıb. Bu istiqamətdə bir sıra addımlar atılıb".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

O, bəzi nöqsanların hələ də qaldığını qeyd edib: "Əvvəlcədən vergi ödənişləri, xüsusilə ilin sonunda daha çox müşahidə olunur. Vergi qurumları ilin əvvəlinə olan cari öhdəlikləri yerinə yetirmək üçün sahibkarlardan ilin hesabat dövründən əvvəl vergi ödənişlərini həyata keçirməsini tələb edir. Və yaxud da əlavə dəyər vergisinin (ƏDV) əvəzləndirilməsi deyilən əməliyyatlar var. Əksər hallarda artıq vergi ödənişi məhz bu hissədə ortaya çıxır".

Ekspertin fikrincə, digər bir məqam tərəfdaşlıqla bağlıdır: "Bir sıra müəssisələr — hazırda bunların sayı o qədər də çox olmasa da — Vergilər Nazirliyi ilə tərəfdaşlıq müqavilələri bağlayır. Müqavilələr əsasında aylıq, rüblük vergi məbləği öhdəliyini götürürlər. Deyək ki, 2016-cı ildə öz fəaliyyətimdən 10 min manat məbləğində vergi ödəyəcəyəm. Bu ödənişləri aylıq, rüblük olaraq sahibkar həyata keçirir. Amma ilin sonunda dəqiqləşdirilmiş vergi hesabatı təqdim olunur. Məlum olur ki, sahibkarın biznes fəaliyyəti nəticəsində yaranan vergi öhdəliyi 10 min manat deyil, 8 min manatdır. Bu zaman ortada 2 min manatlıq qalıq yaranır".

"İndiyədək vergi orqanları, adətən bu qalığın növbəti aylarda yaranacaq vergi borcları üzrə silinəcəyini bildirirdi. Amma bir çox hallarda da müşahidə olunur ki, sahibkarın hesabında artıq məbləğ varsa, vergi orqanlarının əməkdaşları ən müxtəlif formada həmin sahibkarın biznes fəaliyyətinə sanksiyalar tətbiq etməklə həmin qalıq məbləğini qısa müddətə sahibkarın, vətəndaşın hesabından silir. Nəticədə. sahibkar gözləmədiyi sanksiyalar, cərimələrlə üzləşməli olur, vəsait itkisi ilə üzləşir. Bu, bizim vergi sisteminin nöqsanlarıdır" — iqtisadçı vurğulayıb.

R. Həsənov hesab edir ki, gələcək dövrdə əlavə vergi ödənişi sisteminin təkmilləşdirilməsi yolu ilə bu kimi halların aradan qaldırılması sahibkarlıq subyektləri baxımından yaxşı olardı: "Məsələn, sahibkarın səsləndirdiyi fikir həqiqətən də zamana çox uyğundur. O baxımdan ki, 1,6 mln. manat vəsait kifayət qədər ciddidir. Ötən dövr ərzində kifayət qədər ciddi faizlərlə də manatın məzənnəsi dəyərsizləşib. Bu baxımdan, Azərbaycan sahibkarı hazırda onsuz da biznes fəaliyyətində ciddi risklərlə üz-üzədir. Biznesin gəlirliliyi kifayət qədər aşağı düşüb. Bəzi istiqamətlərdə ümumiyyətlə gəlirlilik sıfıra bərabərdir. Bəzi istiqamətlərdə sahibkarlar hətta zərərlə fəaliyyət göstərirlər".

"Belə bir dövrdə yeni bir istiqamətdən maliyyə itkiləri ilə üzləşmək sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərməyəcək" — deyə o, qeyd edib.

İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

İqtisadçı-ekspert Qalib Toğrul Sputnik isə Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, artıq ödəmələr vergi üçün xarakterikdir: "Bütün vergilərdə artıq ödəmələr mümkündür. Amma, əsasən artıq ödəmələr əlavə dəyər vergisi, vergi tərəfdaşlığı sazişi ilə bağlı olur. Burada əvvəldən ödənişlər olur və sonradan bağlanılır".

Onun sözlərinə görə, artıq ödəmələr əsasən ƏDV sıfır dərəcə ilə vergiyə cəlb olunan əməliyyatlarda olur: "Əvvəllər artıq ödəmələr vergi orqanına ərizə verildiyi tarixdən 45 gün müddətində qaytarılırdı. Amma sonuncu Vergi Məcəlləsinə 1 yanvar 2017-ci il tarixə olunmuş dəyişiklikdə 45 gün 20 günədək azaldılıb".

"Ümumiyyətlə, digər vergi ödəyiciləri üçün hesabat dövründə yaranmış artıq ödəmələr əvvəl növbəti 3 aya keçirilirdi. Həmin müddət başa çatdıqdan sonra artıq ödəmə ərizə əsasında 20 gün müddətində vergi ödəyicisinə qaytarılırdı. İndi burada da dəyişiklik olub. Dəyişikliyə görə, 3 ay ərzində bütün bu proses yekunlaşır. Yəni, 3 ay ərzində vergi orqanı araşdırma aparır və artıq ödəməni qaytarır" — deyə iqtisadçı qeyd edib.

Q. Toğrulun fikrincə, artıq ödəmənin qaytarılması tez həyata keçən sadə bir məsələ deyil: "Artıq ödəməni qaytarmaq üçün mütləq vergi orqanları yoxlama, araşdırma aparmalıdır. Bundan sonra onu geri qaytarmaq və ya qaytarmamaq barədə qərar qəbul edilməlidir".

Ekspert deyib ki, burada söhbət artıq ödəmələrin ləğv edilməsindən getmir: "Söhbət ancaq dövriyyəsinin 50 faizi 0 dərəcə ilə ƏDV-yə cəlb olunanlardan gedir. Eyni zamanda, artıq ödəmələr bütün vergi növlərinə xasdır. Artıq ödəmələr təkcə bu cür məsələlərə görə yaranmır. Vergi orqanı varsa, həmişə artıq ödəmələr olacaq. Bu, təkcə vergi orqanından asılı olan bir məsələ deyil, həm də vergi ödəyicisindən asılı olan bir məsələdir. Ona görə də, artıq ödəmə həmişə olacaq".

"Artıq ödəmələrin vaxtında geri qaytarılmasına çalışmaq lazımdır. O vəsait dövriyyədən kənarda qalırsa, sahibkar onun barəsində sərəncam verə bilmirsə, bu da sahibkarın itkisidir. Ona görə də, çalışmaq lazımdır ki, artıq ödəmələr mümkün qədər tez geri qaytarılsın və sahibkar da bundan istifadə edə bilsin. Vergi Məcəlləsinə edilən son dəyişikliklər də məhz bu məsələnin həllinə yönəldilib" — mütəxəssis vurğulayıb.

192
Teqlər:
artıq, Rəşad Həsənov, Qalib Toğrul, ödəmə, sahibkar, borc, ekspert, iqtisadçı, vergi, Azərbaycan, manat
Əlaqədar
Vergi dəyişiklikləri hansı nəticələrə gətirəcək
Universitetlərin vergi borcu silinib
Kreditlərlə bağlı yeni qərar vergi maxinasiyalarına yol aça bilər
Vergi borcları olanlara şad xəbər
Vergi amnistiyası tətbiq edilir
Vergi borclarımız silinəcək
Vergi Məcəlləsinə dəyişikliklər edildi
Vergi Məcəlləsinə dəyişikliklər edilir