Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan ixrac etdiyi qazın qiymətində güzəştə getməyə məcbur olacaq?

© 112.uaQaz boru kəməri
Qaz boru kəməri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər "Türk axını" layihəsinin reallaşmasının ölkəmizə iqtisadi təsirlərini müxtəlif cür izah edirlər

BAKI, 11 okt — Sputnik. Dünən İstanbulda Rusiya ilə Türkiyə arasında "Türk axını" üzrə saziş imzalanıb. Sənəd iki ölkənin energetika nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak ediblər. "Türk axını" Qara dənizdən keçməklə, Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Türkiyə və Azərbaycan tərəfdən dəfələrlə bəyan olunub ki, "Türk axını" layihəsi Cənub Qaz Dəhlizi layihəsinə rəqib deyil, bir-birini tamamlaya biləcək layihələrdir. Amma görünən odur ki, ən azından qiymət məsələsində rəqabət yaranacaq", — mövzunu Sputnik-ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib.

Onun fikrincə, ən azından qiymətə görə bir-birilərinə təsir göstərəcək: "Avropalı istehlakçıların seçim imkanları olduqda, TANAP, TAP layihəsindən və yaxud "Türk axını" layihəsindən qaz alma imkanları bərabər olduqda, burada artıq qiymət önəmli rol oynayacaq. Bu nöqteyi-nəzərdən bir-birilərinə rəqib ola biləcək layihələrdir".

Ekspert bildirib ki, əgər "Türk axını" reallaşarsa, Türkiyə Azərbaycan qazının satışından, tranzitindən əldə ediləcək gəlirlərlə bağlı yeni danışıqlar tələb edə bilər: "Yeni danışıqlar başlana bilər. Çünki, Türkiyənin də artıq seçim imkanları və kifayət qədər qiymət məsələsində və yaxud da yaxşı xətlər məsələsində şərtləri diqtə etmək üstünlüyü yaranır. Çünki, Azərbaycanın TANAP və TAP layihələri ilə Avropaya ötürəcəyi qazın, təqribən 6 milyard kubmetrə yaxını Türkiyə üçün nəzərdə tutulur".

"Rusiya ilə Türkiyə arasında "Türk axını"nın 2 xətti olacaq. Hər iki xəttin ümumi həcminin 32 milyard kubmetr olması gözlənilir. Bunun 16 milyard kubmetri sırf Türkiyə üçün nəzərdə tutulacaq. Bu nöqteyi-nəzərdən Türkiyənin əlavə qaz alma imkanlarının olması gələcəkdə Azərbaycandan alacağı qazın qiymətində də müəyyən şərtlər diqtə etməyə imkanlar yaradır", — iqtisadçı bildirib.

O, hesab edir ki, "Türk axını"nın həyata keçirilməsi Türkiyə üçün çox müsbət hadisədir: "Avropa üçün də müsbətdir, yeni bir qaz mənbəyi yaranır. Amma Azərbaycan qazının həm Avropaya çıxarılmasında, həm Türkiyə bazarında satılmasında növbəti bir rəqibin yaranması anlamına gəlir. Bu da başqa tərəflərdən ciddi təsir etməsə belə, qiymət məsələsində Azərbaycanın güzəştlərə getməyə məcbur olacağı səviyyədə rəqabət yarada biləcək layihədir".

© oxu.azİlham Şaban
İlham Şaban - Sputnik Azərbaycan
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban da şəxsi "Facebook" səhifəsində sözügedən məsələyə toxunub: "Türkiyə və Rusiya arasında dünən "Türk axını" ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən, 2 boru kəmərinin tikintisi nəzərdə tutulur. Bunlardan biri — 15,75 mlrd m3-lik Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir. İkinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb. Əgər birinci boru kəməri üzrə bildirilirsə ki, quru hissəsinin sahibi türk şirkətidir, ikinci haqda hələ ortaq fikir yoxdur".

"Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edir. Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, "Şimal Axını-2" kimi layihələrin müzakirəsindən keçir. Yəni, konsensusun necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı", — ekspert qeyd edib.

Onun yazdığına görə, Türkiyə bazarına "Türk axını" ilə faktiki olaraq 2020-ci ildə, hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kub metr çox qazın daxil olması planlaşdırılır: "Bu elə də böyük həcm deyil, ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar".

"Gazprom şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb. Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini $150-dan satıb. Yəni, Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq, bəzən müəyyən zaman çərçivəsində, hətta maya dəyərindən aşağı belə, qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdır", — İ. Şaban vurğulayıb.

Xəbər lenti
0