Xəzər dənizində neft buruğu

"Neft böhranı" iqtisadi deyil, siyasi amillərlə bağlıdır

70
(Yenilənib 12:35 30.09.2016)
İqtisadçı ekspertin fikrincə, OPEC-in qərarı belə, "qara qızıl"ı düşdüyü çətin durumdan xilas edə bilməyəcək

BAKI, 30 sen — Sputnik. OPEC-ə daxil olan ölkələrin nümayəndələri Əlcəzairdə keçirilən iclasda neft hasilatının 32.5 milyon barel səviyyəsinədək azaldılmasına dair razılığa nail olublar. Bununla bağlı kartel digər neft ixracatçı ölkələrini də sazişə qoşulmağa çağıracaq.

"Reuters" agentliyinin məlumatına görə, indi OPEC hər bir ölkə üçün neft hasilatının səviyyəsini müəyyən etməyə çalışacaq. Bu məsələ və onun şərtləri ilə bağlı razılığın əldə olunması isə noyabr ayına planlaşdırılan növbəti iclasda baş tutacaq.

Danışıqlara əsasən, İrana sutkada 3,7 milyon barel neft hasilatı kvotası təklif olunub. Bu, avqust ayına olan səviyyə ilə müqayisədə gündə 52 min barel çoxdur. Nigeriya və Liviyanın isə, ümumiyyətlə istehsaldan azad olunması təklif edilib.

Bu xəbərlər "qara qızıl"ın qiymətinin artmasına səbəb olub. Belə ki, "Brent" markalı neftin qiyməti 5,33% artaraq 49 dollar təşkil edib, WTI markalı neft isə 4,86% artaraq 46,84 dollar olub.

Pərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert

Bu və digər məsələlərlə bağlı Sputnik-in suallarını iqtisadçı-ekspert Pərviz Heydərov cavablandırıb.

- OPEC ölkələri neft hasilatının azaldılmasına dair razılıq əldə edib. Bu, neftin qiymətinə necə təsir edəcək?

— Neft hasilatının dondurulması haqda müvafiq razılığın əldə olunması ilə bağlı söhbətlər artıq bir neçə dəfədir ki dövriyyəyə buraxılır. Amma bu dəfə fərq ondan ibarətdir ki, OPEC üzvü olan ölkələr arasında müvafiq razılığın əldə edildiyi barədə xəbərlər yayılmışdı. Hələlik bunun reallıqda nə dərəcədə təsdiqini tapacağı məlum deyil. Amma söhbət qiymətlərə təsirdən gedərsə, bu cür qərarın bazardakı qiymətlərə yalnız psixolojı təsiri ola bilər. Xəbərin yayıldığı heç bir sutka deyil, amma artıq qiymətlərdə artım müşahidə edilir. Bu, məhz psixoloji təsirdir. Noyabrda qüvvəyə minəcək qərarda da söhbət ancaq psixoloji təsirdən gedə bilər. OPEC ölkələrinin əldə edəcəyi razılığın qüvvəyə minəcəyi təqdirdə belə, qiymətlərə ciddi təsirin baş verəcəyini gözləmirəm.

- Əvvəl İran neft hasilatını məhdudlaşdırmayacağını və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətində olduğunu bildirmişdi. Sizcə OPEC-in İrana etdiyi bu güzəştlər İranı qane edəcəkmi?

— Burada məsələyə sırf iqtisadi nöqteyi-nəzərdən yanaşmaq düzgün deyil. İranla Səudiyyə Ərəbistanı arasında müəyyən siyasi problemlər mövcuddur və OPEC-in "güzəşt"inin də məqsədi məhz bu siyasi problemləri nisbətən yumşaltmaqdır. İranın neft hasilatında məhdudlaşdırmaya doğru addım atacağını mən gözləmirəm. Çünki sanksiyalar götürüldükdən sonra İran dünya bazarına yenicə qədəm qoyub və o, heç bir halda hasilatın azaldılmasında maraqlı ola bilməz. Hesab edirəm ki, OPEC bu qərarı qəbul etsə belə, İranın ona əməl edəcəyini gözləmək əbəsdir. Dünya bazarında neftlə bağlı vəziyyət ondan ibarətdir ki, əsas olaraq tələb çoxalmalıdır, təklifi məhdudlaşdırmaqla ciddi qiymət artımına nail olmaq mümkün deyil. Qiymətlərin dayanıqlı və ciddi şəkildə artımı isə yalnız tələbin genişlənməsi ilə əlaqələndirilməlidir.

70
Teqlər:
Pərviz Heydərov, istehsal, OPEC, hasilat, qiymət, neft
Əlaqədar
"İstehsal dondurulsa belə, yenə neft bolluğu müşahidə ediləcək"
OPEC-in bu dəfəki toplantısı da nefti "yerdən qaldırmayacaq"
Azərbaycan nefti qismən bahalaşıb
Neftin qiyməti "oynayır"
"Neftin dünya siyasətində rolu başa çatıb"