Qaz nəqli

Rusiya qazının Türkiyə üzərindən nəqli Azərbaycana vəd edir?

67
(Yenilənib 16:09 08.09.2016)
Ekspert: "Rus qazı böyük həcmdə Avropaya nəql olunmağa başlayarsa, Azərbaycan bazarda öz payını itirməmək üçün qiymətləri aşağı salacaq"

BAKI, 8 sen — Sputnik. Rusiyanın enerji şirkəti "Qazprom" Türkiyə üzərindən Avropaya qaz nəqlini nəzərdə tutan "Türk axımı" layihəsi üçün Ankaradan ilk icazənin alındığını açıqlayıb. Sputnik xəbər verir ki, "Qazprom" sədri Aleksey Miller, bu layihənin həm Rusiya, həm də Türkiyə üçün vacib olduğunu deyib.

Чингиз Исмаилов
Чингиз Исмаилов

Türk tərəfinin atdığı addımı müsbət qiymətləndiririk. İşə başlamağa icazə vermələri şirkət olaraq bizi sevindirdi. Bu onu göstərir ki, rəsmi Ankara bu layihənin icrasında maraqlıdır", — Miller vurğulayıb.

Qeyd edək ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak dünən "Qazprom" rəhbəri Miller və bərabərindəki heyəti qəbul etmişdi. Görüşdən sonra mətbuata açıqlama verən Aleksey Miller, "Türk axımı" layihəsinin ən qısa zamanda işə düşməsi üçün türkiyəli nazirdən icazə alındığını bildirib.

"Türk axımı" layihəsinin qısa zaman ərzində reallaşması üçün Ankarada türk və rus tərəfi arasında razılıq əldə olunub. Bu barədə dünən "Qazprom"dan açıqlama verilib.

Layihənin işə düşməsinin region və Azərbaycan üçün hansı müsbət və mənfi tərəfləri olacaq? Sputnik əməkdaşı bu mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Professor Çingiz İsmayılovun fikrincə, əgər Türkiyə ilə Rusiya arasında gərginlik olmasaydı, layihə bəlkə də bu gün artıq tamamlanardı: ""Türk axımı" layihəsini beynəlxalq və regional əməkdaşlıq baxımından çox müsbət layihə kimi dəyərləndirirəm. Rəqabət məsələsinə gəlincə, bu layihə müqayisəedici deyil. Çünki Rusiyanın ixrac potensialı bizdən xeyli çoxdur. Ən azı indiki mərhələdə, yaxın 5-10 ildə Azərbaycan üçün rəqabət olmayacaq. Həm də yadınıza salım ki, bizim rəsmilərimiz, o cümlədən Rusiya tərəfi də dəfələrlə bəyan edib ki, "Türk axımı" layihəsi "TAP", "TANAP" layihələrinə rəqib deyil".

Bununla belə, Ç. İsmayılov deyib ki, qazın qiymətləri ilə bağlı gələcəkdə problemlər yaşana bilər: "Qiymətlərlə bağlı bu layihənin bizim üçün minusları ola bilər. Təbii ki, əgər bazarda qıtlıq olarsa, qiymətlər qalxır, əksi olanda isə qiymətlər düşür. Yəni bu baxımdan gələcəkdə bizə təsir edə bilər. Əgər rus qazı böyük həcmdə Avropaya nəql olunmağa başlayarsa, Azərbaycan da bazarda öz payını itirməmək üçün qiymətləri aşağı salacaq".

Professor onu da əlavə edib ki, regionda stabilliyin olması və gərginlik yaranmaması üçün "Türk axımı" layihəsi olduqca həyati məsələdir.

Türk politoloq Ahmet Akaydın. Arxiv foto
© Photo : Ahmet Akaydının şəxsi arxivindən
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Türkiyəli jurnalist-yazar Ahmet Akaydın da sözügedən layihənin iqtisadi tərəflərindən daha çox siyasi tərəfləri olduğu düşüncəsindədir: "İki dövlətin əsas məqsədi regional sülhü qorumaqdır. Bu cür layihələr, adətən buna xidmət edir. Tutaq ki, gələcəkdə ortaya siyasi problem çıxsa, həm Rusiya, həm də Türkiyə bu layihəni göz önündə tutub, anlaşmazlıqları dialoq yolu ilə həll edə biləcək. Çünki "Türk axımı" layihəsinə milyardlarla dollar pul yatırılır və gələcəkdə bu işdən külli miqdarda qazanc götürüləcək".

Akaydına görə, layihə Azərbaycanın da xeyrinə olacaq: "Türkiyə torpaqları hər zaman Azərbaycan şirkətlərinin və iş adamlarının üzünə açıqdır. Digər millətlərdən fərqli olaraq, azərbaycanlı iş adamlarına bizim ölkəmizdə geniş səlahiyyətlər verilir. Bu axımdan Türkiyə gəlir əldə etdiyi andan etibarən, azərbaycanlı iş adamları da varlanacaqlar".

67
Teqlər:
"Türk axımı", qaz, Rusiya, Avropa, Türkiyə, Azərbaycan
Əlaqədar
İrandan Rusiyaya sıxılmış maye qaz nəql edilib
Prezident: Yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir
Azərbaycan prezidenti “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantıda iştirak edir
Gürcüstan qaz üçün yenə Azərbaycana müraciət etməli oldu
İlham Əliyev: Yaxın illərdə neft və qaz qiymətlərindən asılılıq aradan qaldırılacaq