İş yerini tərk edən işçi

Xarici şirkətlərin Azərbaycanı tərk etməsi iqtisadi böhranı dərinləşdirə bilər

89
(Yenilənib 11:07 08.09.2016)
Daha 3 əcnəbi investor ölkədən gedib. Ekspertlər bu prosesin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini tövsiyyə edirlər.

BAKI, 7 sen — Sputnik. Azərbaycanda daha 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational" MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V."-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Towers" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus "Elit" MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

Əcnəbi şirkətlərin ölkəni tərk etməsi məsələsini Sputnik-ə şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, dünyanın hər yerində şirkətlərin bağlanıb-açılması gündəlik baş verən prosesdir: "Amma Azərbaycanın indiki iqtisadi vəziyyətində bizim üçün bu, həssas hala çevrilir. Azərbaycan bir tərəfdən xarici investisiyaları cəlb etmək istəyir. Amma digər tərəfdən şirkətlər bağlanır".

"Ola bilər, əks arqument gətirilsin ki, məsələn, bir sıra şirkət bağlansa da, yeniləri açılıb. Düşünürəm ki, nəinki xarici, hətta daxili şirkətlərin bağlanmasına iqtisadi yolla imkan verməməliyik. Yəni, onların problemlərini öyrənib dəstək göstərməliyik. Çünki, şirkətin bağlanmasında dövlət büdcəsi itirir. Burada sosial yük, iş yerləri məsələsi var. Bu baxımdan bu hallara həssas yanaşmalıyıq", — mütəxəssis vurğulayıb.

Onun qənaətincə, şirkətlərin bağlanmasının səbəbləri öyrənilməlidir: "Amma hər bir halda xarici şirkətləri dəvət etmək istəyiriksə, şərait yaratmaq istəyiriksə, mütləq güzəştlər olmalıdır. Birincisi, onlara müdaxilələr olmamalıdır. İkincisi həmin şirkətləri ucuz maliyyə resursu ilə təmin etmək, yəni ucuz kreditlər vermək lazımdır. Üçüncüsü mülkiyyət hüququ, dördüncüsü istehsal etdiyi məhsulun bazara çıxarılması məsələləri həll olunmalıdır".

"Düşünürəm ki, hökumət istər xarici, istər daxili şirkət olsun, hər birinin üzərində əsməlidir ki, həmin şirkət qalıb işləyə bilsin", — S. Əliyev vurğulayıb.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da bu tendensiyanı arzuolunmaz hesab edir. O, Sputnik-ə açıqlamasında problemin səbəblərinə toxunub: "Bağlanmanın əsas səbəbi ola bilər ki, həmin şirkətlərin gəlirləri azalıb və yaxud heç yoxdur. Ola bilər, zərərlə işləyirlər. Ya da gözləntiləri odur ki, biznesləri gəlir gətirməyəcək, zərərli olacaq. Bu da bütövlükdə, Azərbaycanda iqtisadi şəraitin pisləşməsi ilə bağlıdır. Hətta bu gün bəlkə də gəlirləri var, amma onlar artıq planda görürlər ki, məsələn, müəyyən dövrdən sonra gəlirləri olmayacaq. Ona görə bağlayırlar".

Bank eksperti Əkrəm Həsənov
Əkrəm Həsənov

Ekspertin sözlərinə görə, xarici və yerli biznesmenlər indiyədək yüksək gəlir əldə etdikləri üçün ölkədə olan digər risklərə göz yumurdu: "İndi isə gəlirlər azalıb, çünki ölkədə iqtisadi vəziyyət pisləşib, amma risklər əvvəlki kimi qalıb. Artıq vaxtıdır ki, Azərbaycan o riskləri aradan qaldırsın. Yəni, ilk növbədə korrupsiya ilə mübarizə, məhkəmələrin müstəqilliyi, mülkiyyət hüququnun qorunması problemləri həllini tapmalıdır. Ümumiyyətlə, sahibkarlara imkan verilsin ki, fəaliyyət göstərsinlər. Bəlkə bu halda xarici şirkətlər getməz".

"Ölkədə sahibkarlar, investorlar, xüsusilə xarici investorlar üçün ədalətli, həqiqi şəraitin yaradılmasına o vaxt başlanacaq ki, hakimlərin əmək haqqı qaldırılacaq. Yəni, 800-1000 manat əmək haqqı alan hakimdən, əksər hallarda ədalətli qərar gözləmək olmaz. Sahibkar üçün isə bu, çox vacibdir. Sahibkar bilməlidir ki, sabah problemi olsa, bu işə ədalətli şəkildə baxılacaq", — Ə. Həsənov qeyd edib.

89
Teqlər:
xarici, investor, Əkrəm Həsənov, maliyyə, böhran, Samir Əliyev, şirkət
Əlaqədar
İlham Əliyev "DP World" şirkətlər qrupunun sədrini qəbul edib
Azərbaycanda sığorta şirkəti müflis elan edilib
Azərbaycanda şirkətlərə işi dayandırmaq göstərişi gəldi
Dünyanın ən məşhur şirkətlərindən biri Azərbaycan ofisini bağlayır
"Apple" şirkətinin prezidenti türkcə mesaj paylaşdı
"Microsoft" şirkəti məşhur sosial şəbəkəni aldı