Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İki nəhəng istehsalçı nefti "koma"dan çıxarmağa çalışır

© Photo : STRNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Rusiya - Səudiyyə Ərəbistanı işbirliyinin "qara qızıl"ın qiymətinə təsir edəcəyi, lakin dünya bazarında önəmli dönüş baş verməyəcəyi qənaətindədirlər

BAKI, 6 sen — Sputnik. Neft bazarında sabitliyin qorunması və sərmayə səviyyəsinin təmin olunması məqsədilə Rusiya və Səudiyyə Ərəbistanı hökumətləri digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəlib. Sputnik Polit.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanından olan həmkarı Xalid ibn Əbdül Əziz əl-Faleh birgə bəyanat verib.

Nazirlər neft bazarında sabitliyin qorunması və uzun zaman kəsimində sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın vacib olduğunu bildiriblər. Digər tərəfdən, nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması haqqında da razılığa gəliblər. Həmin işçi qrup neft bazarının fundamental göstəricilərini izləyəcək və bazarın sabitliyini təmin etmək üçün tədbirlər və birgə fəaliyyət üzrə tövsiyələr hazırlayacaq.

© Photo : A.Mehdiyevin şəxsi arxiviAzər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru  - Sputnik Azərbaycan
Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Dünyada iri neft və qaz istehsalçısı kimi tanınan Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin belə bir bəyanatla çıxış etməsi onu göstərir ki, hər iki ölkə "qara qızıl"ın qiymətinin həddindən çox aşağı düşməsini istəmir və bazarda sabit qiymətin formalaşmasının tərəfdarıdır.

Mövzunu Sputnik üçün dəyərləndirən iqtisadçı-ekspert Azər Mehdiyev, əldə edilən razılığın bazara ciddi təsir göstərməyəcəyini bildirib: "Əldə olunan razılıq, ən azı qiymətlərin müəyyən qədər qalxmasına və sabitliyinə təsir göstərə bilər. Ancaq geniş mənada Rusiya-Səudiyyə Ərəbistanı razılığının dünya neft bazarına ciddi təsir edəcəyini düşünmürəm. Neft qiymətləri kəskin formada qalxmaz".

Ekspertin sözlərinə görə, daha əvvəlki böhranlar zamanı da bu cür razılıqlar əldə olunurdu, amma nəticəsiz qalırdı: "Ərəblərin çalışdığı odur ki, bazardaki üstünlüyünü qoruyub saxlasın və mövqeyini əldən verməsinlər. Bazar mövqelərinin əldən getməsi məsələsində hökumətlər bir-birlərinə güzəştə getməyi düşünmür. Bu baxımdan zaman-zaman neft istehsal edən ölkələr arasında müəyyən niyyətlər üçün qərarlar qəbul olunur, sənədlər imzalanır, ancaq qərarların yerinə yetirilməsində problemlər yaranır".

"Ötən neft böhranları zamanı da biz bunu görmüşdük. Kvotalar qoyulması ilə bağlı qərarlar verilsə də, həmin ölkələr daha sonra neft hasilatını artırmağa meylli olur", — ekspert vurğulayıb.

A. Mehdiyev iri neft istehsalçı ölkələrinin birliyi olan OPEC-dəki problemdən də danışıb: "Uzun müddətdir ki, OPEC daxilində razılıq əldə olunmur. Rusiya neftin qiymətinin qalxması üçün nələrsə etməyə çalışır. Ancaq İranın neft hasilatını artırmaq istəyi buna mane olurdu. İndiki məqamda, dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkəsi olan Səudiyyə Ərəbistanının qiymət sabitliyini qorumaq üçün bazara təsir imkanları mövcuddur. Ancaq söhbət burda təkcə qiymətlərdən getmir. Çünki bazarlar uğrunda mübarizə gedir".

© Photo : APAPolitoloq Araz Əlizadə
Politoloq Araz Əlizadə - Sputnik Azərbaycan
Politoloq Araz Əlizadə

Ekspert, Rusiya-Səudiyyə Ərəbistanı razılığının Azərbaycan üçün sevindirici olduğunu, ancaq reallıqda nə isə gözləməyin lüzumsuzluğunu qeyd edib: "Rusiya-Səudiyyə Ərəbistanı energetika nazirlərinin bəyanatı Azərbaycan üçün, əlbəttə xoşagələndir. Çünki ölkəmiz neft-qaz istehsalçısıdır və büdcəsinin çox böyük hissəsi bu ehtiyatların hesabına yığılır. Lakin reallıq odur ki, hazırki durum neftin qiymətinin uzun müddət indiki səviyyədə qalacağını göstərir".

Millət vəkili Araz Əlizadə isə hesab edir ki, Moskva — Ər-Riyad razılığının ilk müsbət əlamətləri artıq bazarda müşahidə olunmağa başlayıb. "Neftin qiyməti 5% bahalaşıb. Ancaq əsas odur ki, bundan sonra tərəflər öz öhdəliklərinin üzərində dura biləcəkmi?", — o, Sputnik-ə açıqlamasında sual edib.

"Çünki bundan əvvəlki neft böhranları zamanı da oxşar bəyanatlar səslənirdi, sənədlər imzalanırdı. Ancaq tərəflər verdikləri sözü tutmurdu. Hasilatı artırırdı. İndi baxaq görək, Səudiyyə Ərəbistanı verdiyi sözə əməl edəcəkmi?", — deputat qeyd edib.

A. Əlizadə hesab edir ki, əsas problem İranla bağlıdır: "İrana qarşı embarqo tətbiq edilən zaman bu ölkə illərlə hasilat cəhətdən geriyə düşdü. Hasilat 8-10%-ə qədər geriləmişdi. Səudiyyə Ərəbistanı da o vaxt bu fürsətdən maksimal yararlanmışdı. İndi isə İran vaxtilə itirdiyi payı geri almaq üçün hasilatını artırıb. Və rəsmi Tehran açıq şəkildə bəyan edir ki, zərəri bağlayandan sonra hasilatı stabilləşdirəcək. İranın bu addımı başadüşüləndir. Hətta Rusiya özü də Tehranı qınamır, hətta dəstək verir".

Xəbər lenti
0