Manat

Əhali manatın "dəfnində" necə iştirak edir?

154
Azərbaycanda dolların günü-gündən bahalaşmasının bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Və bir də cəmiyyətin öz dövlətinin milli valyutasının süqutunda rol oynaması amili var.

BAKI, 29 avq — Sputnik. Hökumət milli valyutanın dirçəlməsi, ən azından daha da dəyərdən düşməməsi üçün bir sıra mühüm addımlar atır. Buna baxmayaraq, manat günbəgün dəyər itirməkdə davam edir.

Dollar
© Sputnik / Anton Denisov

Mütəxəssislər dolların manata nisbətdə get-gedə güclənməsini müxtəlif amillərlə əsaslandırırlar ki, burada obyektiv və subyektiv faktorlar var. Və bir də cəmiyyətin öz dövlətinin milli valyutasına etimadsızlığı, yaxud onun süqutunda rol oynaması amili var.

Belə ki, hazırda ölkənin ikinci əl avtomobil bazarında satışa çıxarılan maşınların 90 faizə yaxını dollarla satılır. Onların həm satış qiyməti dollarla göstərilir, həm də tələb olunan əskinas, məhz dollardır. Yəni, dollarla göstərilən məbləğin həmin günkü məzənnəyə əsasən manata çevirib avtomobil sahibinə təklif etsən, yaxın buraxmır. Satışda dollar qıtlığının yaşandığını da nəzərə aldıqda, bu reallığın ABŞ valyutasının qiymətinin qalxmasına nə dərəcədə təsir göstərdiyini anlamış oluruq.

Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru
© Photo : A.Mehdiyevin şəxsi arxivi
Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Məsələ ilə bağlı iqtisadçı-ekspert Azər Mehtiyev Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda qanunvericiliyi mübadilə vasitəsi kimi, yalnız manatdan istifadə edilməsini tələb edir: "Ölkə daxilində bütün ticari əməliyyatlar manatla aparılmalıdır. Maşın bazarında və yaxud ev bazarında hər hansı alqı-satqı gedirsə, mütləq manatla rəsmiləşir".

"Ancaq reallıqda baş verən proseslər onu göstərir ki, əhali artıq manata etimadı tamam itirib və manatın hər gün devalvasiyaya uğraya biləcəyindən ehtiyatlanır. Ona görə də bu cür əməliyyat həyata keçirən insanlar ticarət edib pul götürərkən onu manatla götürmək istəmirlər, külli miqdarda vəsaiti manatla götürmək istəmirlər. Çünki, başa düşürlər ki, manatla əldə olunan vəsaiti sonra saxlamaq üçün dollara çevirmək problemi var. Ona görə də hər kəs bacardığı qədər öz vəsaitini xilas etməyə çalışır və baş verən proseslər də bundan ibarətdir", — ekspert vurğulayıb.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik-ə açıqlamasında, sözügedən məsələnin konstitusiyanın 19-cu maddəsinə birbaşa zidd olduğunu deyib: "Azərbaycanda ödəniş vasitəsi ancaq manatdır. Eyni zamanda, Mülki Məcəllənin 439-cu maddəsində birmənalı göstərilir ki, tərəflər arasında istənilən müqavilə ancaq milli valyutada bağlana bilər. Biz gördük ki, ötən ilin 14 mayında Konstitusiya Məhkəməsinin bu maddələrə şərhi olub. Konstitusiya Məhkəməsinin qərarından belə çıxdı ki, yalnız bank əmanəti və kredit müqavilələri xarici valyutada da bağlanıla bilər. Amma digər müqavilələr — alqı-satqı, icarə və s. bunlar yalnız milli valyutada bağlanıla bilər. Buna görə də avtomobilin alqı-satqısı, torpaq, daşınmaz əmlakın digər növləri bunlar yalnız milli valyutada bağlanıla bilər. Xarici valyutada bağlanılan müqavilə etibarsızıdır".

"Təəssüf ki, buna görə hər hansı cəza yoxdur. Yalnız İnzibati Xətalar Məcəlləsində var ki, əgər qiymət milli valyutada göstərilməyibsə, buna görə cəza var. Amma bu halda da yenə bilavasitə o alqı-satqının özünün xarici valyutada olmasına görə cəza yoxdur", — Ə. Həsənov qeyd edib.

O, təəssüflə bildirib ki, devalvasiyaya görə, heç kəs dolları manata çevirmək istəmir: "Həm də bilirik ki, valyuta əməliyyatları əsnasında itkilər var. Çünki, kurs məsələsi var, 4 faiz fərq ola bilər və s. Yəni, tərəflər itkiyə məruz qalmamaq üçün buna gedirlər. Bu da milli valyutanın qeyri-sabitliyi ilə bağlıdır".

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən də Sputnik-ə bildiriblər ki, Azərbaycanda yeganə ödəniş vasitəsi manatdır: "Dollarla alqı-satqı ola bilməz. Bu, qanunvericiliyə ziddir. Valyuta sərvətinin ödəniş vasitəsi kimi qəbul edilib ticarət və iaşə xidmətində alınıb-satılma halları varsa, belə faktlar aşkar olunur və İnzibati Xətalar Məcəlləsinə görə cərimələnir. Həmin Məcəllənin 430.2-ci maddəsində göstərilir ki, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə — inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Mülki Məcəllənin 439-cu maddəsində də bu məsələ tənzimlənir".

154
Teqlər:
Vergilər Nazirliyi, avtomobil, alqı-satqı, Əkrəm Həsənov, Azər Mehtiyev, valyuta, devalvasiya, dollar, manat
Mövzu:
Üçüncü devalvasiya ajiotajı (9)
Əlaqədar
Dollar 1.63-ə doğru
"Qara bazar" üçün böyük fürsət - banklar birbaşa dollar satışını dayandıracaq
Dollar bahalaşması davam edir
Azərbaycanda "dollar aclığı"nın beş mühüm səbəbi
Manat üzüaşağı gedir
Manatın xilası mümkünsüz görünür
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi

Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"

87
(Yenilənib 09:45 21.09.2020)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar
Samir Dübəndi: “Təşəbbüsün tezliklə reallaşmasını istərdik”

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Türkiyə uzun illərdir belə bir müştərək təşkilatın yaradılmasının təşəbbüskarı olub:

“Keçmiş SSRİ-dən ayrılıb müstəqillik qazanmış ölkələr də müştərək turizm marşrutları işləyib tətbiq edə bilərlər. Xüsusən də Xəzəryanı ölkələrin belə bir turizm marşrutu yaratması maraqlı olar. Zamanla tətbiq olunacaq marşrutun əhatə dairəsinin genişlənməsi türk mədəniyyətinin daha uzaq regionlarda tanınmasına imkan yaradar. Təşəbbüsün tezliklə realizasiya olunmasını istərdik”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

87
Avtomobillər, arxiv şəkli

Yüksək gömrük rüsumları ƏDV: Azərbaycan "ikinci əl" avtomobillər diyarına dönüb

77
(Yenilənib 01:29 21.09.2020)
Ekspert: "Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Yeni avtomobillərin qiyməti çox baha, gömrük rüsumları və ƏDV yüksək olduğu üçün onların ölkəyə gətirilməsi də baha başa gəlir.

Bu fikri nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Azərbaycana idxal olunan avtomobillərlə bağlı problemi şərh edərkən deyib. 

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 27792 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəyə 25999 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 25% çoxdur.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 2453 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Pandemiya dövründə avtomobillərin idxalının artması çox müsbət prosesdir.

Elməddin Muradlının sözlərinə görə, avtomobillərin ölkəyə gətirilməsi iki ildir ki, sürətlənib. Pandemiya dövründə bir qədər zəifləmə müşahidə edilsə də, son iki ayda yenidən ölkəyə avtomobillərin gətirilməsi artıb:

"Bu artım da avtomobil salonları sayəsində olur. Çünki şəxslər gedib, bir avtomobil gətirə bilərlər. Vətəndaşların isə ölkədən çıxması və ya ölkəyə daxil olması qadağandır".

E.Muradlını dediyinə görə, Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir:

"Yeni avtomobillər çox az gətirilir. Düzdür, əhali arasında aparılan təbliğata görə, son zamanlar əhali yeni avtomobillərə üstünlük verir. Amma yeni avtomobillərin qiyməti çox baha olduğundan, həmçinin gömrük rüsumları və ƏDV yüksək olduğu üçün bu avtomobillərin ölkəyə gətirilməsi də baha başa gəlir. Bu səbəbdən avtomobil alarkən vətəndaşlar başqa üsullara əl atır, Çin və yerli avtomobillərə üstünlük verirlər".

Onun sözlərinə görə, harada istehsal edilməsinə baxmayaraq, yeni avtomobillərin uzun müddət istismar dövrü var. Dövlət proqramında da nəzərdə tutulduğu kimi, köhnə avtomobillərin istismardan çxıarılması, avtomobil parkının yenilənməsi məsələsi gündəmdədir. Bu da yeni avtomobillərə olan marağı artırır. Ancaq rüsumların çox olması, yeni avtomobillərin qiymətini bahalaşdırır və bu da alıcılıq qabiliyyətini zəiflədir.

Ekspertin fikrincə, pandemiya dövründə zərər görən sahələrdən biri də avtomobil sənayesidir. Bu bazarın dirçəlməsi üçün gömrük rüsumlarının, əlavə dəyər vergisinin azaldılması vacibdir:

"Bu rüsumları 2017-ci il səviyyəsinə qaytarmaqla müəyyən qədər vəziyyətdən çıxmaq olar. Belə olarsa, ölkəyə gətirilən avtomobillərin də sayı artacaq və əhalinin alıcılıq qabiliyyəti yüksələcək. Hazırda isə ilk növbədə ölkədə avtomobil parkı yenilənməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil idxalında 25 faiz artım çox müsbət prosesdir. Bu bir daha sübut edir ki, pandemiya dövrü olmasına baxmayaraq, ölkə iqtisadiyyatında müəyyən hərəkətlilik var. Bu, milli valyutanın stabil qalması ilə əlaqəlidir və ticari əlaqələrə təsir edir.

Azərbaycana gətirilən avtomobillər
© Sputnik / Elnur Salayev

Ekspertin fikrincə, idxal siyahısında ekoloji təmiz avtomobillərin sayı çox azdır. Halbuki bütün dünyada, xüsusən Avropa ölkələrində ekoloji təmiz avtomobillərə xüsusi üstünlük verilir. Ekologiyaya az zərər vuran avtomobillərin gətirilməsinə gömrük rüsumlarında güzəştlərin edilməməsi mane olur:

"Yaxşı olardı ki, hökumət səlahiyyətliləri ekoloji təmiz avtomobillərin rüsumları haqqında bir daha düşünsünlər. Çünki hazırda iqlim dəyişikliklərinin baş verdiyi, ətraf mühit problemlərinin olduğu bir dövrdə ekoloji təmiz avtomobillərə böyük tələbat var. Və bu məsələ öz həllini hər-hansı bir formada tapmalıdır".

E.Cəfər qeyd edib ki, ölkəyə gətirilən ikinci əl avtomobillərin böyük bir qismi onlayn şəkildə sifariş edilir. Vətəndaşlar ABŞ, Avropa və Yaponiya sığorta şirkətlərinin təklif etdiyi avtomobilləri onlayn şəkildə saytlar vasitəsilə ala bilirlər. Həmin avtomobilləri konteynerlərlə ölkəyə gətirmək mümkün olur".

Ekspert bildirib ki, Azərbaycanda da onlayn şəkildə avtomobillərin alqı-satqısının həyata keçirilməsi prosesləri baş tutsa, yaxşı olar.

"Düzdür, hazırda bəzi internet saytlarında atomobillərin satışı həyata keçirilir. Lakin bu saytlarda onlayn şəkildə pul ödəyib avtomobil almaq mümkün deyil. Ölkədə bu sahədə qanunvericilikdə dəyişikliklər edilməlidir", - deyən E.Cəfər bildirib ki, avtomobillərin DYP-də deyil, sertifikatlaşdırılmış servislərdə texniki baxışdan keçirilməsi məsələsi ləngiyir. Əgər bu proses həll edilsə, Azərbaycanda da onlayn avtomobil alqı-satqısı prosesi rahatlaşacaq.

77
Teqlər:
ƏDV, Dubay, Almaniya, Çin, nəqliyyat, gömrük rüsumu, gömrük, avtomobil
Toyuq əti, arxiv şəkli

Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış

0
(Yenilənib 18:39 21.09.2020)
AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edib

BAKI, 21 sentyabr — Sputnik. Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA bununla bağlı xəbərdarlıq edib.

Agentliyin məlumatında qeyd olunur ki, cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilib, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb: "Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının göstəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzarətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.

Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyanaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırılması məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilən bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılıb və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb".

"AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Agentlik tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcəkdir".

Qeyd edək ki, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır.

0
Teqlər:
qayda pozuntusu, quşçuluq, ayaqqabı boyası, AQTA, toyuq əti
Əlaqədar
Braziliyadan göndərilən dondurulmuş toyuqlarda koronavirus aşkarlandı
Səhərlər toyuq və balıq əti ilə hazırlanmış yeməklər yeyin
Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq
Qida zəhərlənmələrindən qorunmaq üçün AQTA-dan zəruri tövsiyələr
Toyuqlara vurulan mayenin tərkibi ilə bağlı həyəcan təbili çalındı