Bank

Banklarımızı necə xilas edək?

2660
Mərkəzi Bank tərəfindən devalvasiyanın zərərlərini azaltmağa yönəlik epizodik təşəbbüslər bank aktivlərinin təsnifləşdirilməsi qaydalarının yumşaldılması, ehtiyat normalarının azaldılması ilə məhdudlaşır

BAKI, 11 iyul — Sputnik. Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu. Milli valyutanın 2015-ci ildə dollara nəzərən dəyərini 50% itirməsi bankların dayanıqlığını təhlükə altına aldı. Valyuta mövqeyinin düzgün idarə edilməməsinə görə banklar devalvasiyanın ilk günü milyonlarla itkiyə məruz qaldı. Bu itki bankların kapitalını xeyli zədələdi və bankların bir çoxunda kapitala dair normativlər pozuldu. Bir-biri ilə əlaqəli olan əmanət və kredit bazarı son illərin əhəmiyyətli artımından sonra kiçilməyə başladı və hər ikisində neqativ tendensiya müşahidə edildi.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

2014-cü ilin sonlarından başlayaraq cəmiyyətdə hakim olmuş devalvasiya qorxusu əhalini əmanət, bankları isə kredit siyasətində korrektələr etməyə sövq etdi. Əmanət bazarında bir tərəfdən sürətli dollarlaşma, digər tərəfdən əmanətlərin banklardan geri çəkilməsi tendensiyası kreditləşməni də dollarlaşma "virus"una yoluxdurdu. Bununla da təkcə əhalinin yox, həmçinin bankların sonrakı dövrlərdə başağrısına çevriləcək siyasətin əsası qoyuldu.

21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35% azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62%-dən 81%-ə yüksəldi. Halbuki 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az — 36-37% civarında olub.

Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi. Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27%-dən 50%-ə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı və bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı.

Bankların da qara günləri elə bundan sonra başladı. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8.3%-dir ki, bu da son 12 ildə ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə — 1.5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir.

İndi aktivləri pisləşmiş banklar öhdəliklərini icra etmək çətinliyi ilə üzləşiblər. Həm xarici borcların, həm də əmanətlərin qaytarılması problemləri yaranıb. Banklar kütləvi şəkildə xarici borclarından qurtulmağa çalışırlar, xaricdən yeni vəsait cəlb etmək imkanları isə getdikcə çətinləşir.

Uğursuz konsolidasiya təşəbbüslərindən sonra Mərkəzi Bank ilin əvvəlində 6 bankın lisenziyasını geri aldı. Həmin bankların əmanətçilərinin sığortalanmış tələbi ödənildi. Ancaq bir sıra banklarda əmanətlərin qaytarılmasında çətinliklər yaranıb. Dövlət və sistem əhəmiyyətli bank olan Beynəlxalq Bankın milyardlarla ölçülən zərərli aktivləri dövlət büdcəsi və Mərkəzi Bankın vəsaitləri hesabına həll edildi.

Digər iri bank — ikinci ən böyük depozit portfelinə malik "Bank Standard"ın aktivlərinin sağlamlaşdırılması üzərində iş gedir. Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kredit qoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib.

Müstəqil ekspertlərin və iqtisadçıların, habelə bir sıra millət vəkillərinin müraciətinə rəğmən, hökumət devalvasiya nəticəsində banklara və əhaliyə dəymiş zərəri hansısa formada kompensasiya etmək niyyətində deyil. Zaman ötür, yaranmış bank-müştəri qarşıdurması getdikcə daha da dərinləşir. Ölkənin maliyyə dayanıqlığı getdikcə risk altına düşür. Təkcə Beynəlxaq Bankın xilasına milyardlarla vəsait xərcləyən hökumət, əhalinin (həm də bankların) problemini həll etmək üçün bir neçə yüz milyon manatı verməyə lüzum görmür.

Yəqin ki, "Bank Standard"ın xilası üçün əlavə bir neçə yüz milyon tələb olunacaq. Ancaq proses bununla bitməyəcək. Digər banklar da çətin vəziyyətdədir. Bir sıra banklara qeyri-rəsmi olaraq kapitallarını artırmaq tələbinin qoyulması çıxış yolu deyil. Əmanətlərə 100% dövlət zəmanətinin verilməsi əmanət bazarını xilas edə bilmir. Əmanətlərin Sığortalanması Fondunda pul qalmayıb. Hansısa bank bağlansa, əmanətçilərin pulunu dövlət verməli olacaq. Ya da əmanəti qaytarmamaq üçün "Bank of Azerbaijan" nümunəsində olduğu kimi, bankları "ölü can"a çevirməli olacaqlar.

Bir məsələni etiraf etməliyik ki, ölkə iqtisadiyyatı tənəzzül dövrünə qədəm qoyub. Bank sektorunda ixtisarlar, filialların bağlanması tendensiyası müşahidə edilir. İqtisadiyyatın kiçilməsi bankların sayının çoxluğunu daha qabarıq şəkildə göstərir, onların gəlirlərini azaldır. Belə vəziyyətdə əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bankalra dövlət dəstəyinin olması məsələsi gündəmə gəlir. Bir qayda olaraq böhran dövründə əksər ölkələrdə dövlət bank sektoruna müxtəlif formalarda dəstək verərək ölkənin maliyyə dayanıqlığını qoruyur.

Bankların xilası üçün beynəlxalq təcrübədə aşağıdakı tədbirlərindən istifadə olunur:

1. Maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması — Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program — TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib.

Zərərli aktivlərin alınmasının mahiyyəti belədir ki, əvvəlcə, xüsusi dövlət şirkəti yaradılır. Sonra həmin şirkət tərəfindən alınacaq aktivlərin həcmi və proqrama cəlb ediləcək maliyyə təşkilatlarının siyahısı müəyyənləşdirilir. Prosesin əsas elementi alınacaq aktivlərin dəyərinin müəyyənləşdirilməsidir. Alış qiyməti balans dəyəri, bazar dəyəri və ya hər ikisinin orta səviyyəsi götürülə bilər. Alış əks hərrac (ən aşağı qiymətə alış) prinsipi ilə aparılır.

2. Rekapitalizasiya (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi) — Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib.

Əsas antiböhran strategiyası qismində əksər ölkələr bankların səhmlərinin dövlət tərəfindən alınması siyasətinə üstünlük verib. Bu siyasət daha çox iri banklara, yəni bağlanması ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyini təhlükə altına ala biləcək maliyyə təşkilatlarına münasibətdə atılıb. Rekapitalizasiya mexanizmi hər bir ölkədə özünəməxsus aparılıb. Məsələn, Böyük Britaniyada hökumət ən böyük banklara, Çində ən böyük bank olan Aqrar Banka, Yaponiyada isə real sektoru maliyyələşdirən banklara dəstək göstərilib. Böyük Britaniyada dövlət tərəfindən dəstək kommersiya əsasında aparılıb və müvəqqəti xarakter daşıyıb. Yaponiyada maliyyə təşkilatlarının yenidən kapitallaşması proqramına 222 milyard dollar, Çində 29 milyard dollar, Böyük Britaniyada 50 milyard funt sterlinq, ABŞ-da 700 milyard dollara qədər vəsait xərclənib.

3. Əmanətlərin sığortalanması. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə, əmanətləri qaytarmaq üçün əmanətlərin sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb.

4. Digər öhdəliklərə zəmanət verilməsi (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası) — Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararası ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.

Mexanizmlər bunlarla məhdudlaşmır. Geniş olmasa da, rekapitalizasiyanın digər forması — dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmi də mövcuddur. Bundan başqa, prudensial tənzimləmənin məhdudlaşdırıcı normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər.

Qeyd etmək yerinə düşər ki, İrlandiya, İsveç, Böyük Britaniya və ABŞ kimi ölkələrdə maliyyə intervensiyasının ümumi həcmi ÜDM-in 50%-i səviyyəsində olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrinin yarısında belə intervensiyaların həcmi ÜDM-in 10%-i həddində olub.

Azərbaycanda hələ ki beynəlxalq təcrübədə geniş yayılmış təcrübələrin 2-sindən yararlanılıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır.

Xarici ölkələrdə maliyyə sektorunda aparılan sağlamlaşdırma əməliyyatlarında əsas diqqəti cəlb edən məqamlardan biri zamandır. Qlobal maliyyə böhranı baş verən andan bir neçə ay ərzində hökumətlər maliyyə sektorunu xilas etmək üçün xilasedici proqramlar hazırladı. Azərbaycanda isə ilk devalvasiyanın vurduğu zərərdən il yarım ötsə də, hökumət tərəfindən hələ ki hansısa kompleks tədbirləri özündə ehtiva edən xilas paketi yoxdur. Bir-iki bankı çıxsaq, ümumilikdə kredit təşkilatlarının dəstəklənməsi addımları isə daha çox Mərkəzi Bank tərəfindən devalvasiyanın zərərlərini azaltmağa yönəlik epizodik təşəbbüslərdən ibarətdir.

Bu təşəbbüslər təəssüf ki, bank aktivlərinin təsnifləşdirilməsi qaydalarının yumşaldılması, ehtiyat normalarının azaldılması ilə məhdudlaşır. Halbuki, neft pullarının yaratdığı "parnik istiliyi"nə uyğunlaşmış banklarımız açıq hava şəraitində "donmağa" məhkumdur. Əvvəl Mərkəzi Bankın, sonrasa Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləşməsinə dair qəbul etdikləri məhdudlaşdırıcı tədbirlər (məsələn, aylıq gəlirlərkə aylıq kredit ödənişi arasında asılılıq, istehlak kreditllərin faiz dərəcələrinə limit tətbiqi) və zamanında tətbiq edilməyən məhdudiyyətlər (məsələn, manatla gəliri olanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin qadağan edilməsi) bankların immunitetini daha da azaltdı. Qeyd etməliyəm ki, bankların problemləri fonunda kölgədə qalan, bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır.

Azərbaycanda bank sektoruna edilən dəstəyin narahatedici digər məqamı prosesdə şəffaflığın və açıqlığın olmamasıdır. Beynəlxalq Banka dövlət büdcəsi hesabına edilən maliyyə yardımı qapalı şəraitdə aparılır. "Bank Standard"ın sağlamlaşdırılması forması və mexanizmi hələ də cəmiyyətə məlum deyil. Mərkəzi Bank tərəfindən banklara verilən kredit dəstəyi haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. Bankların sağlamlaşdırılması prosesində Mərkəzi Bankla Palatanın səlahiyyət çərçivəsi tam aydın deyil.

Bankların xilası üçün hökmətin vahid strategiyasının olmaması aparılan tədbirləri sistemsiz etməklə yanaşı, onun səmərəliliyini aşağı salır. Bu baxımdan maliyyə sektorunun dayanıqlığının artırılması, bank sektorunun sağlamlaşdırılması üçün Təcili Tədbirlər Paketi hazırlanmalıdır. Fikrimcə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında hökumət bankların rekapitalizasiyası imkanlarını nəzərdə keçirməlidir.

Sputnik Azərbaycan mətbuat mərkəzi
© Sputnik / Murad Orujov

Tədbirlər Paketinin səmərəliliyini artırmaq üçün mülkiyyət formasından asılı olmayaraq banklar şərti olaraq 3 kateqoriyaya (sistem əhəmiyyətli banklar, orta səviyyəli banklar, zəif və sistem üçün təhlükə yaradan banklar) bölünə bilər. Sistem əhəmiyyətli və orta səviyyəli bankların xilası üçün zərərli aktivlərinin alınmasına və bankların səhmlərində dövlətin iştirakına üstünlük verilir. Zəif və sistem üçün təhlükə yaradan bankların isə ləğvi və ya birləşdirilməsi məsələsi əsas götürülməlidir. Hər bir halda dövlət dəstəyi bütün banklara şamil edilməməlidir. Əsas dəstək yerli kapitalın üstünlük təşkil etdiyi banklara verilməlidir.

Ümumilikdə Təcili Tədbirlər Paketi çərçivəsində bank sektorunun xilası üçün aşağıdakı addımların atılması məqsədəuyğun olardı. Dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondu yaradılır və dövlət bankların səhmlərində müvəqqəti olaraq payçı qismində iştirak edir. Dövlət iştirakçılığı zamanla limitləşdirilməli, müəyyən müddətdən sonra (5-10 il) dövlət öz payını özəl sektoruna xeyrinə azaltmalıdır.

Atılmalı olan addımlar:

— Bankların konsolidasiya prosedurlarının sadələşdirilməsi, konsolidasiya təşəbbüslərinin stimullaşdırılması üçün dövlət tərəfindən yardım və güzəşt paketinin təqdim edilməsi;

— Yerli bankların xarici maliyyə institutlarından cəlb etdikləri kreditlərə dövlət zəmanətlərin verilməsi;

— Banklarda hökumət depozitlərinin, o cümlədən Neft Fondunun vəsaitinin müəyyən hissəsinin depozit şəklində yerləşdirilməsi;

— Büdcə təşkilatlarının hesablarının banklar arasında bölüşdürülməsi və onların uzunmüddətli və ucuz maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi;

— Milli valyutada cəlb edilmiş əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə yüksəldilməsi, belə əmanətləri devalvasiyadan qorumaq üçün indeksasiya sisteminin tətbiqi və əmanətlərin vaxtından əvvəl götürülməsinə bir müddət qadağa qoymaq.

2660
Teqlər:
dünya bazarları, depozit, Samir Əliyev, kredit, bank, manat, dollar
Əlaqədar
Mərkəzi Bank depozit hərracı keçirəcək
"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar
Bakıda banklar dollar almaq üçün növbəyə durub
Mərkəzi Bankın valyuta ehtiyatları mayda 4% artıb
Mərkəzi Bankın dollar ehtiyatı azalır
Azərbaycana nə qədər bank bəs edər?
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

41
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

41
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

13
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

13
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

0
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

0