Bank müştəriləri

Ölkə iqtisadiyyatının "qan-damar sistemi pozulub"

96
(Yenilənib 11:03 22.06.2016)
Azərbaycan bankları qara günlərini yaşayır. Ekspertlər bildirirlər ki, bankların kapitallaşma problemləri var, əhali artıq dollarla kredit götürmək istəmir.

BAKI, 21 iyun — Sputnik. "Təsadüfi deyil ki, Azərbaycanda 6 bank bağlanıb, digər bankların kapitallaşmasında da problemlər müşahidə olunur". Bunu iyunun 21-də Sputnik Mətbuat Mərkəzində "Banklarla nə baş verir?" mövzusunda keçirilən dəyirmi masada iqtisadçı-ekspert Samir Əliyev deyib.

Sputnik Mətbuat Mərkəzində Banklarla nə baş verir? mövzusunda keçirilən dəyirmi masa
© Sputnik / Murad Orujov
Sputnik Mətbuat Mərkəzində "Banklarla nə baş verir?" mövzusunda keçirilən dəyirmi masa

Onun sözlərinə görə, ölkədəki banklar ağır dönəm yaşayır: "Bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Ölkə iqtisadiyyatında hər hansı bir problem yaranırsa, bu, ilk növbədə özünü bank sektorunda göstərir. Bank sektoru 2 dəfə devalvasiyaya və əmanət itkisinə məruz qaldı, kreditləşmə azaldı və kəskin dollarlaşma baş verdi. Əmanətlərin 82 faizi xarici valyutadadır, bank sektoru artıq böhrandadır. Çox təəssüf ki, bunun fəsadları yaxın dövrlərdə özünü daha qabarıq göstərəcək".

İqtisadçı bildirib ki, ölkə banklarında bir sıra problemlər müşahidə olunur: "Onlarda kapitallaşma problemləri var, bundan başqa, əhali artıq dollarla kredit götürmək istəmir. Kredit qoyuluşunda, gəlirlərdə və əmanət qoyuluşunda azalma var".

S. Əliyev onu da əlavə edib ki, banklardakı problemli kreditlərin həcmi 7,5%-ə, yəni, son 11 ildə ən yüksək həddə çatıb. Son dəfə bu göstərici 2005-ci ildə müşahidə olunurdu.

Tədbirdə iştirak edən iqtisadçı-ekspert Fuad Əlizadənin sözlərinə görə isə, Azərbaycandakı bankların sayı daha da azalmalıdır: "Azərbaycan üçün həm Bakı, həm də regionlarda filialları olan 10-15 bank kifayətdir. Verilmiş kreditlərin strukturuna baxsaq, görərik ki, kreditlərin 80% —83%-i Bakının, 16% —i isə regionların payına düşür".

Ekspert bildirib ki, kreditlərin 38,3%-i məişət, 14,3%-i ticarət, cəmi 2,3% isə kənd təsərrüfatının payına düşür: "Sənaye üçün ayrılan kreditlər ümumi kredit həcminin cəmi 11%-i təşkil edib. Bu, bankların real sektora pul yatırmaq əvəzinə spekulyativ fəaliyyətlə məşğul olduğunun göstəricisidir".

Manatın gələcək taleyinə gəldikdə isə ekspertlər bildiriblər ki, ölkədə yenidən kəskin devalvasiyanın baş verməsi o qədər də real deyil. ABŞ-ın Federal Ehtiyatlar Sistemi iyul ayında uçot dərəcəsini (yenidən maliyyələşmə dərəcəsi — red.) qaldırsa belə, bu addım manata o qədər də təsir etməyəcək. Onların sözlərinə görə, yaxın gələcəkdə 1 dollar 1 manat 50 qəpik və 1 manat 60 qəpik arasında dəyişəcək.

96
Teqlər:
qan-damar sistemi, Fuad Əlizadə, Samir Əliyev, kredit, bank, cəmiyyət, manat, dollar, iqtisadiyyat
Əlaqədar
"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar
50 milyon dollar 28 banka satılıb
Banklarla nə baş verir?
FED-in qərarı Azərbaycan Mərkəzi Bankı üçün gözlənilməz olub
Mərkəzi Bank ​Formula 1 yarışlarına görə iş qrafikini dəyişib
Bakıda banklar dollar almaq üçün növbəyə durub
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

40
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

40
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

13
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

13
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

0
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

0
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan