Yük maşınları

Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?

157
(Yenilənib 10:37 09.06.2016)
Dövlət Gömrük Komitəsinin açıqlaması cəmiyyətdə təşvişə səbəb olub. Ekspertlər şimal qonşumuzun narahatlığının arxasında başqa məqamların dayandığını düşünsələr də, rəsmi şəxslər rusların Azərbaycana qarşı şübhəsini əsassız hesab edirlər.

BAKI, 8 iyun — Sputnik. Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Bildirilir ki, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub: "Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib".

Məsələ Sputnik-ə şərh edən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev, Rusiya tərəfinin rəsmi açıqlama verməsini gözləməyi tövsiyə edir: "İlk baxışdan ola bilər ki, onlar düşünsünlər ki, bu, ixracdır. Yəni, ixrac dedikdə, tutalım Türkiyənin kənd təsərrüfatı malları Azərbaycana gəlir və buradan Rusiyaya göndərilir. Rusiya da Türkiyənin bəzi mallarına qadağa qoyub. Bu ehtimal ola bilər".

Anar Rzayev
© Photo : UNEC
Anar Rzayev

"Amma yenə də rəsmi açıqlama olmalıdır, hər halda. İlk baxışdan onlarda şübhə var ki, bu, ixracdır. Türkiyənin Azərbaycan vasitəsilə etdiyi ixracdır. Burada başqa səbəb görünmür", — ekspert bildirib.

O inanmır ki, bu, Azərbaycan məhsullarına qarşı atılan bir addımdır: "Onlarda malların Türkiyədən ixrac olunması ilə bağlı şübhə ola bilər. Bu səbəbdən də həmin idxal-ixracın qarşısını almaq istəyirlər".

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə də, Rusiya tərəfinin əndişəsi ondan ibarətdir ki, Azərbaycan üzərindən məsələn, Türkiyə məhsulları Rusiya bazarına daxil ola bilər. O, Sputnik-ə açıqlamasında deyib ki, Rusiya qonşu ölkələrlə hər hansı bir problemlərini həll etmək istəyərkən gömrükdə ərzaq məhsullarının keçidində müəyyən problemlər yaradır.

"Rusiya Türkiyə məhsullarına qadağa qoyub. Əsasən də münasibətlərin pisləşməsinə qədər Türkiyədən gələn pomidor məhsullarının Rusiya bazarında çox böyük yeri var idi. Rusiya bazarında təqribən 35-40 faiz Türkiyə pomidorları satılırdı", — N. Cəfərli qeyd edib.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Onun sözlərinə görə, indi belə bir şəraitin yaranmasında Rusiya çox güman, Azərbaycana bir mesaj verir ki, Türkiyə məhsullarının Azərbaycan üzərindən Azərbaycan malı kimi Rusiya bazarına daxil olmasına imkan verməyəcək: "Yəqin ki, bununla bağlı məsələdir. Çünki, qarşılıqlı münasibətlər pisləşərkən, Rusiya tərəfindən də açıqlamalar olmuşdu ki, Azərbaycan üzərindən Türkiyə mallarının Rusiyaya girməsi ehtimalı var və Rusiya orqanları çalışacaqlar ki, bunun qarşısını alsınlar. Həm müəyyən təzyiq vasitəsi kimi bu şəraitdən istifadə etməyi düşünürlər, həm də Türkiyə mallarının Azərbaycan üzərindən Rusiya bazarına girməsinin qarşısını almağa çalışırlar".

"Bu, Rusiya ilə Türkiyə arasında olan gərgin münasibətlərin bir təzahürüdür, nəticəsidir ki, müəyyən dərəcədə bunun az da olsa, zərbələri Azərbaycan biznesinə, fermerlərinə də dəyir", —deyə ekspert qeyd edib.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Sputnik-ə açıqlamasında deyib ki, Rusiya Federasiyasının Dağıstan gömrüyünün Dərbənd gömrük məntəqəsinin sifarişi əsasında Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsullarının mənşəyinin müəyyənləşdirilməsi üzrə gömrük ekspertizası aparılıb. O ekspertiza laboratoriya rəyləri iş adamları tərəfindən bizə də verilib.

"Ekspertizada söyüd, vələs, tozağacı, palıd, şam bitkilərindən, o cümlədən unluca, quşüzümü kimilər, buğa, qarğıdalı kimi bitkilərin tozcuqlarının aşkar edilməsinə uyğun olaraq, belə bir fikir irəli sürürlər ki, həmin pomidor üzərində bu tozcuqlar aşkar edilib, deməli bu, Türkiyə mənşəlidir. Halbuki sadaladığım bitkilərə Azərbaycanda hər addımda rast gəlinir. Aqronom, bioloq olmayan adam da bu bitkiləri tanıyır ki, Azərbaycanın hər yerində bunlar var", — Xidmət rəisi bildirib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev
© Photo : Report IA
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev

C. Quliyev digər məqama da toxunub: "Digər tərəfdən əsas götürürlər ki, guya bu pomidorda həmin tozcuqlar aşkar edildi, ancaq qutular üzərində aşkar edilmədi. Bu da yanlış yanaşmadır. Çünki, pomidor əkilir və 3 ay müddətində yetişir. Bu 3 ay müddətində pomidor kifayət qədər xarici amillərlə təmasda olur, müxtəlif bitkilərin tozcuğu onun üzərinə qona bilər. İkinci bir tərəfdən pomidorun tükcüyü üzərində tozcuqların yapışması daha yüksəkdir, nəinki cilalanmış karton qutu üzərində. Bu bitkilərə görə iddia etmək ki, pomidor Azərbaycan mənşəli deyil, Türkiyə mənşəlidir, bu, tamamilə yanlış fikirdir. Qafqazın florasının 70 faizi Azərbaycanda var. O bitkilərin də hər biri Azərbaycanda var".

"Başqa bir tərəfdən Azərbaycanın bitki örtüyü haqqında məlumatları onlar turizm şirkətlərinin mənbələrindən, internet resurslarından götürüblər. Bu da elmi cəhətdən qəbul edilə bilməz. Sonda da bildirirlər ki, bu, ehtimal olunur, yəni konkret bir fakt yoxdur. Ehtimal üzərindən də həmin yükə qarşı hər hansı bir sanksiya irəli sürmək, geri qaytarmaq, bunun məntiqi yoxdur. Bunlar həqiqətə uyğun olmayan faktlardır. Bu, gömrük ekspertizasıdır və özəl bir müəssisəyə verilib. Burada Azərbaycanın bitki örtüyü düzgün qiymətləndirilməyib", — rəsmi şəxs bəyan edib.

C. Quliyev, həmçinin rusiyalı mütəxəssislərin cari il iki dəfə Azərbaycanda olduqlarını da xatırladıb: "Bizim sertifikatlaşma sistemi ilə, idxal prosedurları ilə, ixracın necə getməsi ilə tanış olublar. Biz Rusiya tərəfini birmənalı əmin etmişik ki, Türkiyə qardaş ölkədir, onların mallarına qadağa qoya bilmərik. O mallar gələcək və Azərbaycanda da satılacaq. Amma Türkiyə mallarının Azərbaycan üzərindən Rusiyaya keçməsinin qarşısı tam alınacaq".

"Bu istiqamətdə Dövlət Xidməti tərəfindən işçi qrupu yaradılıb. Bu sahədə peşəkar ekspertlər işə cəlb olunub. Məhsul harada istehsal olunursa, onun yığımından maşına yüklənməsinə qədər bizim fitosanitar müfəttişlər iştirak edirlər. Ondan sonra sənədləşmə aparılır ki, Türkiyə mənşəli məhsulların Rusiyaya getməsinin qarşısı alınsın", — o vurğulayıb.

Xidmət rəisinin sözlərinə görə, Rusiya nümayəndə heyəti də Azərbaycanda olarkən, həmin prosesi müşahidə edib: "Özləri də əmin olublar ki, biz nə dərəcədə ciddi sertifikatlaşma aparırıq. Bütün əlaqəli qurumlar qarşı tərəf ilə işləyir ki, bu problem aradan qalxsın və gün ərzində heç bir qayıtma halı müşahidə olunmayıb".

Yeri gəlmişkən, Azərbaycan Dövlət Gömrük Komitəsinin dünənki açıqlamasında bildirilirdi ki, "Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil".

"Hazırda problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiyanın aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır", — deyə DGK bəyan etmişdi.

157
Teqlər:
Anar Rzayev, pomidor, sanksiya, Natiq Cəfərli, Dövlət Gömrük Komitəsi, Rusiya, Azərbaycan
Əlaqədar
Rusiya üzünü Şərqə çevirir
Rusiya aviaşirkəti Azərbaycana uçmaqdan imtina etdi
"Azərbaycanın Rusiyanı günahlandırması düzgün deyil"
"Rusiya artıq vasitəçi deyil, cavabdeh tərəfdir"
Türkiyə Rusiyaya barışıq əli uzadır
"Azərbaycanda Rusiya icması - əmin-amanlıq və rifah adacığıdır"
Neft buruğu, arxiv şəkli

Dünyada neft ucuzlaşır

9
(Yenilənib 11:00 22.10.2020)
Neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 41,49 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,16 dollar geriləyərək 41,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 39,84 dollar olub.

Qeyd edək ki, neftin qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Fermer taxıl yığır, arxiv şəkli

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

22
(Yenilənib 23:44 21.10.2020)
2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub

BAKI, 21 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir. Bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb. 2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

22
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il

Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir

0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığında Qarabağ məsələsinə toxunub.

BAKI, 22 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan deyib:

"Bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir".

0