Parlamentin iclası

Büdcəyə yenidən baxılması risk daşıyır - neftin bahalaşması aldadıcıdır

53
(Yenilənib 16:44 18.05.2016)
Ekspertlərin fikrincə, "qara qızıl"ın qiymətinin qalxması Nigeriya, Kanada və Venesuelada yaşanan hadisələrlə bağlıdır. Yəni, əgər Azərbaycan hazırki qiymətə arxalanıb büdcəyə yenidən baxarsa, əks nəticə ilə üzləşə bilər.

BAKI, 18 may — Sputnik. Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları ötməsi ölkəmizin 2016-cı il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər. Bunu, millət vəkili Vahid Əhmədov deyib.

O, qeyd edib ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfert edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur".

Anar Rzayev
© Photo : UNEC
Anar Rzayev

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti artır. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar artaraq 50,73 dollar təşkil edib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev isə Sputnik-ə açıqlamasında deyib ki, dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur: "Çünki, büdcə kifayət qədər balanslaşdırılmış formada tərtib olunub və büdcə xərclərini dövlət qarşılaya bilir. Neftdən gələn əlavə gəlirləri investisiya formasında dövlət yönəldə bilər. Amma büdcəyə baxılıb-baxılmaması siyasi qərardır".

Onun fikrincə, neftin qiymətinin artması bazarda təklifin aşağı düşməsi ilə əlaqədardır: "Nigeriyada neft infrastrukturuna silahlı basqın olub və bunun nəticəsində o ölkənin neft hasilatı 600 min barel düşüb. Hələ gözlənilir ki, 400 min barel də azalacaq. Bu da günə 1 milyon barel azalma deməkdir. Bundan başqa, Kanadada yanğınlar baş verir. Ona görə o ölkənin hasilatı da aşağı düşüb. Eyni zamanda, Venesuelanın da neft hasilatı aşağı düşüb".

"Bu 3 ölkənin neft hasilatının azalması bazarda müəyyən bir balans yaradıb. Asiyada, xüsusən də Çində neftə tələb artıb. Ona görə də bazar balanslaşıb. Hesablamalara görə, müəyyən qədər bazarda defisit yaranıb, yəni tələb təklifi üstələyir. Bunların hesabına qiymətlər artıb", — ekspert vurğulayıb.

A.Rzayevin sözlərinə görə, burada vəziyyət həmin 3 ölkənin öz infrasturkturlarını nə qədər sürətlə bərpa etmələrindən asılıdır: "Texniki məsələləri də 1-2 günə həll etmək mümkün deyil. Bu da müəyyən qədər vaxt istəyir. Dünya bazarında tələbin artması və infrastrukturun sürətlə bərpa olunması arasında rəqabət var. Deyək ki, infrasturktur 3 aya bərpa olundu və bu zaman tələb də artırsa, neftin qiyməti 50 dollar və ondan daha yüksəkdə dura bilər. Burada vəziyyət iqtisadi konyuktura ilə az bağlıdır və əsas texnoloji, texniki konyukturadır. Texniki məsələlər həllini tapsa, neftin qiymətinə təzyiq başlayacaq".

"Hesablamalara görə, bu ilin 2-ci yarısında texniki problemlərin tam aradan qaldırılması çətindir. Bu o deməkdir ki, neftin qiymətini 50 dollar civarında gözləmək olar. Amma texniki problemlər həll olunmazsa, qiymət daha da arta bilər. Bu, vəziyyət bazarda bir trend yaradır. Bu trend də bir günə sına bilmir. Azərbaycan üçün kifayət qədər uyğun bazar konyukturası yaranıb", — deyə iqtisadçı qeyd edib.

Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru
© Photo : A.Mehdiyevin şəxsi arxivi
Azər Mehdiyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev isə hesab edir ki, neftin qiymətinin 50 dolları keçməsinin indiki halda nə qədər davam edəcəyini söyləmək tezdir. "Neftin qiymətinin qalxması daha çox Nigeriyada baş verən son hadisələr və bazarda müəyyən qədər neftə tələbin artması fonunda baş verən proseslərlə bağlıdır. Neft bazarı da buna sakit yanaşmayacaq. Ayrı-ayrı ölkələrdə istehsalın artması baş verə bilər. Artan tələbatı qarşılamaq üçün hasilatın artması baş verə bilər", — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin qənaətinə görə, bundan sonrakı proseslər önəmli olacaq: "Neftin qiyməti qalxdıqca ən azından Amerikanın dövriyyəyə şist nefti buraxmaq imkanları genişlənir. Əlavə buruqların ortaya çıxması yaranır, əlavə bazarlara neft daxil ola bilər. Bu da neftin qiymətinin çox yüksəyə qalxmayacağını söyləməyə əsas verir".

O düşünür ki, indiki halda büdcədə hər hansı dəyişikliklərin edilməsi haqqında danışmaq vaxtından tez atılan bir addımdır: "Bütün hallarda neftin qiyməti uzun müddət 50 dollardan yuxarı olarsa, ilin son rübündə bu məsələyə baxıla bilər".

53
Teqlər:
Anar Rzayev, Azər Mehdiyev, Vahid Əhmədov, büdcə, qiymət, neft
Əlaqədar
ABŞ-dan neftin qiyməti ilə bağlı ağılalmaz proqnoz
Post-neft dövrünün ilk nikbin proqnozu
Neftdən asılılığımız hələ uzun müddət davam edəcək
İran neft hasilatını azaldacaq
Neftin qiyməti ucuzlaşmaqda davam edir
Neftin qiyməti 50 dollara yaxınlaşır
Quş ferması, arxiv şəkli

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

8
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

8
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

9
(Yenilənib 14:13 26.02.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 66,98 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

"Brent" markalı neftin qiyməti 0,59 dollar geriləyərək 66,29 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 62,89 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

9
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0