Tehran

İran Azərbaycandan torpaq istəyir

7653
(Yenilənib 14:52 19.05.2016)
Qonşu ölkənin kənd təsərrüfatı naziri Mahmud Höccəti ölkəmizin əkin sahələrinin iranlı fermerlərə icarəyə verilməsini təklif edib. Ekspertlər bu məsələnin arxasında təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik amillərinin dayandığını bildirirlər.

İran Azərbaycandan torpaq istəyir
BAKI, 18 may — Sputnik. İran Azərbaycana əkin sahələrini iranlı fermerlərə uzunmüddətli icarəyə verməyi təklilf edir. Bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda deyib.

İqtisadçı ekspert Araz Aslanlı Sputnik-ə açıqlamasında bildirib ki, dünyada bir ölkənin digər ölkənin ərazisini icarəyə götürməsi təcrübəsi yetərincə geniş yayılıb. Onun sözlərinə görə, bu üsuldan ən çox istifadə edən Çindir, ən geniş istifadə olunan ərazilər isə Afrika ölkələrinə aiddir.

Lakin İran-Azərbaycan məsələsinə gəldikdə, o vurğulayıb ki, Azərbaycanın bu təklifə razılıq verməsi üçün elə də geniş əraziləri yoxdur: "Bu məsələnin iqtisadi, siyasi və təhlükəsizlik tərəfləri var. İqtisadi tərəfi aydındır ki, dünyanın müxtəlif ölkələri birgə sənaye və kənd təsərrüfatı müəssisələri yaradır. Amma bunun siyasi tərəfi Azərbaycanla İran arasındakı ümumi münasibətlərin səviyyəsindən asılıdır".

"Bir də təhlükəsizlik tərəfi var ki, Azərbaycan çoxlu boş ərazisi olan bir ölkə deyil. Burada "boş" deyəndə biz insanların məskunlaşmadığı və istifadə üçün ehtiyac olmayan əraziləri nəzərə alırıq. Hər ikisi baxımından, Azərbaycanın elə də geniş ərazisi yoxdur. Bu mənada, siyasi-təhlükəsizlik amilləri nəzərə alınaraq qərar qəbul olunacaq, sadəcə iqtisadi amil yox", — ekspert bildirib.

A.Aslanlı hesab edir ki, sırf iqtisadi amillə qərar verilsə, bu məsələ reallaşa bilər: "Lakin məsələyə siyasi-təhlükəsizlik aspektindən nəzər saldıqda aydınlaşdırmaq lazımdır ki, biz bunda maraqlıyıq, ya yox".

İqtisadçı ekspert Fariz Quliyev isə düşünür ki, bu təklif reallaşarsa, ticari dövriyyəyə müsbət təsir edəcək. "Həmin ərazilərdə yetişdirilən kənd təsərrüfatı məhsullarının bizim ümumdaxili məhsulda əlavə dəyər yaratma imkanı əsas prioritet məsələdir. Hər-halda bu, ticari dövriyyəyə müsbət təsir göstərən bir amildir", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertlərin ümumi rəyi ondan ibarətdir ki, bu cür yeni əməkdaşlıq sahələrinin yaradılması dövlətlərimiz arasındakı münasibətlərin mümkün qədər normal vəziyyətdə saxlanılmasına töhfə verə bilər.

Qeyd edək ki, İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin Bakıda səsləndirdiyi təklifə, Azərbaycan tərəfdən hələ ki rəsmi münasibət açıqlanmayıb.

7653
Teqlər:
Fariz Quliyev, Araz Aslanlı, əkin sahəsi, İran, Azərbaycan, torpaq
Əlaqədar
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
İran-Azərbaycan dəmiryol xətti ölkəmizə nə qazandıracaq?
İranla viza rejimi qaldırılır?
İrandan Ermənistana çağırış: "Azərbaycan torpaqlarını tərk edin"
"Azərbaycanın və İranın media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir"

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

10
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Polietilen torbalar, arxiv şəkli

Olmalıydı, olmadı: qanunun qadağan etdiyi məhsul hələ mağazada satılır

25
(Yenilənib 16:03 19.01.2021)
Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib

BAKI, 19 yanvar — Sputnik. Bu il hər il martın 15-i qeyd edilən Ümumdünya İstehlakçı Hüquqları Günü planetin plastik çirklənməsi probleminin həllinə həsr ediləcək.

Plastik gündəlik həyatda çox faydalı bir material ola bilər, ancaq həddindən artıq istehlak edilməsi və xüsusilə birdəfəlik plastik istehsalı qlobal plastik çirklənmə böhranına səbəb olur.

"Plastik Dalğanı Qırmaq" adlı kitabına görə, böyük siyasi, yenilik və davranış dəyişiklikləri baş verməyincə, plastikin okeana axışı 2040-cı ilə qədər üçqat artacaq. 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox, plastik olacağı təxmin edilir. Qeyd edilib ki, plastik çirklənmədən hər il 100,000 dəniz məməlisi, tısbağa və 1 milyon dəniz quşu ölür.

Hər il təxminən 8 milyon ton plastik okeanlara atılır.

İstehlakçıların plastik çirklənmə probleminin həllinə töhfə verə bilməsi və davamlı istehlak modelini seçməsi üçün istehlak bazarını bütün səviyyələrdə, əyalətlərdə, müəssisələrdə sistematik şəkildə dəyişdirmək lazımdır.

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum 1999-cu ildə küçə nümayişi keçirərək Bakının ətraf mühitinin plastik tullantılar ilə çirklənməsi barədə ictimai rəy yaradıb. Ekspert vurğulayıb ki, uzun illər bu sahədə müəyyən işlərin aparılmasına baxmayaraq, plastik tullantılar həyatımızın bir hissəsinə çevrilib.

"Qərara görə, yanvarın 1-dən plastik torbalar bütün mağazalardan yığışdırılmalı idi. Ancaq görünən odur ki, plastik torbalar yığışdırılmayıb", - deyən E.Hüseynov bildirib ki, birlik 500-ə yaxın bez torbalar istehsal edərək istehlakçılara paylayıb.

Onun sözlərinə görə, MDB məkanında tətbiq edilən təcrübə Azərbaycanda da tətbiq edilməlidir: "Yəni plastik torbalar marketlərdə satılsın. Əgər istehsal olunursa, rəngsiz olsun, hökumətin qeyd etdiyi kimi onun qalınlığı 15 mikrondan qalın olmasın. Birmənalı şəkildə pulla satılsın ki, əhali ev torbalarına keçsin".

Mütəxəssisin fikrincə, bu gün ən yaxşı vasitə ölkənin cənub bölgəsində hazırlanan həsir zənbillərdir. Dövlət Gömrük Komitəsi plastik məhsulların idxalı ilə məşğul olan sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilib ki, qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən, həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa nəzərdə tutulub.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər.

25
Şuşa, arxiv şəkli

Şuşada möhtəşəm layihələrə start verildi

0
Nazir: "Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

 

BAKI, 20 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir:

"44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

Nazir daha sonra "Nizami İli" ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: "İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri "Nizami İli" ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər".

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

0