Neft buruğu

ABŞ-dan neftin qiyməti ilə bağlı ağılalmaz proqnoz

236
ABŞ Energetika Nazirliyinin İnformasiyanın idarə olunmasına dair hesabatında "qara qızıl"ın 252 dollaradək bahalaşacağı bildirilir. İqtisadçılar isə, neft ölkələrinin sevinməsi üçün ciddi əsas görmürlər.

BAKI, 13 may — Sputnik. 2040-cı ildə bir barel neftin qiyməti 252 dollara qədər yüksələ bilər. Sputnik-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin İnformasiyanın idarə olunmasına dair hesabatında bildirilir.

Nazirlik Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və digər neft hasilatçılarının hasil etdiyi neftin və yanacağa olan tələbatın artım dinamikasını birlikdə təhlil edərək, neft ətrafında cərəyan edəcək hadisələrin inkişafına dair üç ssenari hazırlayıb. Bu ssenarilər pozitiv, realist və neqativ dinamikaları özündə ehtiva edir.

Neftin gələcək qiymətlərinə dair pozitiv ssenariyə görə, 2040-cı ildə neftin bir barelinin qiyməti 252 dollar, realist ssenaridə 141 dollar, neqativ ssenaridə isə 76 dollar olacaq. ABŞ Energetika Nazirliyi dünyada enerjiyə tələbatın 25 il ərzində inkişaf edən Asiya ölkələrinin bazarı hesabına 48 faiz artacağını gözləyir.

Bəs bu gözləntilər nə dərəcədə realdır? Neft ölkələri, o cümlədən də Azərbaycan bu rəqəmlərə necə yanaşmalıdır? Biz buna sevinməliyikmi? Yoxsa bu proqnozlar əksinə, bizi neftə ümid bağlamaqdan vaxtında uzaqlaşdırmalıdır?

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Foto : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Sputnik-in bu sualları ətrafında iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ Energetika Nazirliyinin sözügedən hesabatını şərh edib. Onun sözlərinə görə, bu tipli proqnozlar elmi deyil, sadəcə, trendləri müəyyən etmək üçün, gələcəkdə baş verə biləcək hadisələrin inkişaf ssenariləri baxımından çox maraqlıdır.

"Amma, bu hesabatla da bağlı maraqlı məqam budur ki, həm bizim, həm də Rusiyanın mətbuatı, əsasən, optimist ssenarini qabardır. Halbuki neqativ ssenaridə 2040-cı ildə neft qiymətlərinin 75 dollar civarında olması ehtimalı da yer alır", — deyən iqtisadçı optimist olmaq üçün əsaslarımızın olmadığı qənaətindədir.

Ekspert daha bir maraqlı məsələnin dolların alıcılıq qabiliyyəti ilə bağlı olduğunu düşünür: "25 il öncə, 90-cı illərin əvvəlində neft 9-10 dollar idi. O zaman dolların alıcılıq qabiliyyəti də yüksək idi. Dollar ildə 2-3% civarında ucuzlaşır, bu minvalla 2040-cı ildə 140 dollar, bu günün 30-40 dollarına bərabər olacaq. Ona görə də, belə proqnozlar bir daha neft erasının 20-ci əsrdə qalmasını sübut edir".

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Əmənat Bankınını prezidenti, sabiq iqtisadi inkişaf və ticarət naziri German Qref demişdi ki, neft erası artıq başa çatıb. Neft qiymətlərinin sabit olmadığını, daim dəyişdiyini deyən Qref bildirmişdi ki, bundan sonra neftin qiymətləri çox az templə artacaq.

Bu isə yalnız Çin iqtisadiyyatının inkişafı ilə əlaqədar olacaq. Qarşıdakı yaxın illərdə dünyanın alternativ enerji mənbələrinə üstünlük verəcəyini qeyd edən Qref "neft ölkələri artıq gecikiblər. Amma yenə də başlarına çarə qılmağa tələssinlər" — deyə bildirmişdi. Onun fikrincə, istənilən halda dünyada neftlə bağlı dinamika neqativdir.

İqtisadçıların dediyindən belə çıxır ki, 252 rəqəmi bizi çox da şirnikləndirməsin. Əgər neft bu qiymətə çıxacaqsa, deməli, dolların dəyəri də indikindən dəfələrlə aşağı olacaq.

236
Teqlər:
Natiq Cəfərli, hesabat, ABŞ Energetika Nazirliyi, neft, OPEC
Əlaqədar
İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb
Post-neft dövrünün ilk nikbin proqnozu
İran neft hasilatını azaldacaq
Azərbaycan nefti cüzi bahalaşdı
Neftin qiyməti ucuzlaşmaqda davam edir
Neftin qiyməti 50 dollara yaxınlaşır
"Hər dəfə neft ucuzlaşanda islahatlar yada düşür"